Birinci hissə
(Bu yazı kütləvi əhəmiyyət daşısa da, bütövlükdə kütlə üçün nəzərdə tutulmayıb.)
Müəllif barədə: İltifat Köçəri – 1980-ci ildə Ağdamda doğulub.1996 – cı ildə orta məktəbi, 2002 ci ildə isə tibb universitetini bitirib. İxtisasca üz – çənə cərrahıdır. “Qəm Eşqi” (Yazıçı 2007) və “Müharibə Yeniyetməsi”(Qanun 2014) kitablarının müəllifidir.
Bəlkə də çoxlarına təhqir kimi görünəcək, amma təəssüf ki, reallıq budur – əvvəlcə insanı sadəcə bir mexanizm olaraq qəbul etməyi bacarmalıyıq. Qidaya, suya, havaya və təkamülün zamanla yaratdığı dəyişiklikərin nəticəsi olaraq, sevgiyə, anlamağa, özünüifadəyə və bir çox başqa şeylərə ehtiyacı olan bioloji bir mexanizm olaraq. Ona alilik, müqəddəslik, tanrı inancı, ruh və s. kimi mənalar yüklədiyimizdə, bu mexanizm öz kontekstindən çıxır və natamam yararlı bir struktur olaraq fəaliyyət göstərir.
Necə ki, sadə plastik qabın təyinatı, yandırıcı xüsusiyyəti olan maddəni saxlamaq deyilsə, insan da bu mənaları zərər görmədən öz içində daşımaq iqtidarında olan mexanizm deyil. Yaxşı, onda bu lüzumsuz və zərərli mənaları yüklədiyimiz insan niyə anındaca məhv olmur? Niyə müxtəlif dəyişikliklərə və zərərlərə uğrasa da, özünə və ətrafına zərər verərək də olsa, yaşamağa davam edir?
Bunu isə, insanın, bioloji mexanizm olaraq kifayət qədər mükəmməl quruluşa malik olması və olduqca plastik funksionallığı olan idarəedici orqana sahib olması ilə izah etmək mümkündür.
Onda nə etməli, necə etməli ki, insan öz təyinatı üzrə istifadə olunsun? Necə etməli ki, cəmiyyətimizin heç olmasa böyük əksəriyyəti özünə və ətrafına yararlı fərdlərdən ibarət olsun?
Girişdən də anlayacağınız kimi, insanın nələrdən ibarət kim, nələrə qadir ola(biləcək)n mexaniz olması, ona necə və hansı yollarla təsir etməyin mümkünlüyü və hansı hallarda buna kimlərin cavabdeh olması haqqında danışacağıq. Girişin bir az qəliz, uzun cümlələrdən ibarət olmasına baxmayın, mümkün olduğu qədər sadə və əyləncəli dildə yazmağa çalışacam ki, sizi yormayım.
Başlayaq
Yuxarıda da qeyd etdiyimiz kimi, insana bir mexanizm olaraq yanaşacağıq. Funksionallığı olan hər hansı mexanizmi isə idarəedici hissəsi olmadan təsəvvür etmək qeyri-mümkündür. İnsandakı bu hissənin (orqanın) adını isə hamımız bilirik – Beyin. Kimdən bu orqan haqqında soruşsaq, hər kəsin özünəməxsus fikirlərinin, bəzilərinin isə hətta əsatirlərə dayanan uydurma təsəvvürlərinin olduğunu görəcəyik.
Əslində, bu orqan haqqında heç nə bimirik, demək olar ki, heç nə.
Mənim insan beyni ilə birbaşa tanışlığım 1997-ci ildə, Tibb Universitetində oxuyarkən başlamışdı. Buna qədər bu mükəmməl orqan haqqında, dərsliklərin və məndən öncə tibbi təhsil almış yaxınlarımın kitablarının öyrədə biləcəyi səthi bilgilərə malik idim. Hə bir də, 1992-ci ildə bir əsgərin, 7,62 mm-lik güllənin dağıtdığı beynini görmüşdüm.
On iki yaşlı uşaq nə anlaya bilərdisə, mən də onu anlamışdım – sarımtıl, qatılaşmış süd çürüntüsünə bənzəyirdi. Üzərindən uzun illər keçsə də, bu mənzərə yaddaşımda həmişə təzədir və mütəmadi özünü mənə xatırladır. Özünü unutdurmayan başqa bir mənzərə də var yaddaşımda: Anatomiya kafedrasının hər iki divarından bərabər aralıqlarla, metal qarmaqlardan qurudulmuş cəsədlərin asıldığı, alaqaranıq, uzun, dar koridoru.
Bu koridorun sonu nisbətən daha işıqlı idi və sağ tərəfdəki qapı, cəsəd hissələrinin və daxili orqanların saxlanıldığı böyük otağa açılırdı. Sol tərəfdə isə cəsədlərin hissələrə ayrılması və elmi işlərin aparılması üçün xüsusi otaqlar vardı. Yadıma gəlir, əslən Şamaxıdan olan, gözəl insani keyfiyyətləri ilə bütün tələbələrinin hörmətini qazanmış bir müəllimimiz vardı. İndilərdə professor olsa da, o zamanlar baş müəllim olan, zəhmi qədər mülayimliyi ilə də məhşur olan müəllimimiz bəzən əsəbləşib hansısa tələbəyə səsini yüksəldirdisə də, elə o dəqiqə də gülümsünürdü ki, tələbəsi inciməsin.
Amma bircə şeyi keçməzdi – hər bir tələbə cəsədlərə və daxili orqanlara mütləq olaraq toxunmalı idi. Özü də əlcəksiz. Müəllimimizin əlcək məsələsində nə qədər haqlı olduğunu, əlbəttə, zamanla anlayacaqdıq. Elə indinin özündə də müayinənin və ya əməliyyatın hansısa yerində daha yaxşı hiss edə bilim və yanlışlığa yol verməyim deyə, əlcəyin barmaqlarını cırası oluram.
Beyin bəhsini keçdiyimiz ərəfələrdən müəllimimizin sehrli bir cümləsi xatirimdədir: “Uşaqlar, Petyanı gətirin”.
Bu cümlə mənə ona görə sehrli görünürdü ki, səsləndikdən sonra ardıcıl olaraq nələrin baş verəcəyini təsəvvür edə bilirdim. Uşaqların hamısı bir nəfər kimi mənə zillənirdilər və mən, bu baxışların təzyiqi altında, yarıkönüllü, yarıməcbur Petyanı gətirməyə gedirdim. Bu bəlkə də onlara nisbətən daha təmkinli, daha soyuqqanlı görünməyimdən irəli gəlirdi.
Qıvrım, pırtlaşıq saçları, eşmə bığları olan, rus əsilli bu şəxsin 50-55 yaşı ancaq olardı. Sağlığında universitetin ona ayırdığı təqaüdün hesabına özü üçün yaşayıb, yaxşıca “vurmuş”, əvəzində isə bədənini universitetə satmışdı. Öldükdən sonra isə, müəllimimiz onun başını səliqə ilə kəsib, simmetrik olaraq ikiyə bölərək, dərs vəsaitinə çevirmişdi. Bədəni isə kim bilir, hansı qarmaqdan sallanırdı. Və nədənsə, mənə elə gəlirdi ki, Petya yarımsifəti ilə həmişə gülür. Nə isə…
Artıq yerini və nömrəsini əzbər bildiyim şüşə qabın qapağını açır, Petyanın bığından tutub, yüngülcə silkələyirdim ki, mayesi süzülsün. Sonra onu, küncdə qalaqlanmış metal nimçələrdən birinə qoyub, süfrəyə yemək gətirirmiş kimi, gətirib düz müəllimin önünə qoyurdum. Xaş, içalat kababı adlandırdığımız ətraflar(əl, ayaq) və daxili orqanlar da “süfrəyə” eyni cür gəlirdi.
Bəzən ürpənirdim, doğrudur, amma mənə bəslənən ümidlərin, bir az da gələcək işimin xatirinə soyuqqanlılığımı qoruyurdum. Müəllim hər dəfə bir cəsədi göstərib, uydurma bir diaqnoz qoyurdu. Məsələn “bunun filan bağırsağında şiş var” deyirdisə, əlcəksiz əllərlə boşluğu açıb,eşələyib bağırsağın həmin hissəsini tapıb, kəsib götürməli idik. Sonra da o əllərlə yemək yeyəcəksiniz, təsəvvür edin. Bəzən zir-zibil yediyini düşünürdü insan.
Mənim soyuqqanlılığımın əsasını Qarabağda gördüklərim və yaşadıqlarım qoymuşdusa da, tibbi təhsil aldığım illərin hər günü bunu daha da möhkəmlətdi. Üç doğmamı öz əllərimlə torpağa qoyduğumu da nəzərə alsanız və buna, hər gün əllərimi və üst-başımı qana bulayan bir işimin olduğunu da əlavə etsəniz, nə qədər soyuqqanlı biri olabiləcəyimi az da olsa, təsəvvür edərsiniz.
Amma ötənlərdə, rayonlardan birində, atanın, altı yaşlı öz doğmaca balasının başını kəsməsi məni doğrudan da, heyrətləndirdi. İçimdən qəribə, tərifsiz bir üşənti keçdi. Xəbəri oxuyanda işdə idim. Qəbul siyahısındakı xəstələri növbəti günə ertələyib, evə tələsdim. Önümə yüyürən, elə o başı kəsilən uşaq yaşda olan oğullarımı bağrıma basıb öpdüm və qeyri-iradi olaraq boğazlarına baxdım. Qəribə hiss idi.
Yanlış anlamayın, mənim tanıdığım insan hər şeyə qadirdir, düşünə biləcəyiniz hər şeyə. Övladının başını kəsmək isə… yox bu nəsə başqa bir şeydir. Çünki bu hisslər instinktiv-reflektor hisslərlə tənzimlənir və heç bir narkotikin, alkoqolun və digər uyuşdurucuların təsirindən effektivliyini tam olaraq itirmir. Səbəbi isə, xüsusi hüceyrələrin nüvələrində hazırlanan maddələrin mütəmadi olaraq ötürdüyü qıcıqdır. Yaxşı, onda bəs nə? İnsanın reflekto-instinktiv hisslərin belə nəzarətindən çıxmasına səbəb nə ola bilər?
Ötən payız evdə bəslədiyim bülbül ailəsi yuva qurmuşdu. Artıq bir neçə gündən sonra yuvada bulanıq mavi rəngli üç kiçicik yumurta vardı. On üç günün (inkubasiya dövrü) tamamında yuvaya yenidən baxdığımda isə, çeçələ barmaq bəndinin yarısı ölçüsündə iki ətcəbala vardı. Qalan bir yumurtanı isə ana bülbül dimdiyi ilə ehtiyatla o yana bu yana çevirir, sanki nəsə etmək istəyirdi.
Yumurtanı götürmək üçün qəfəsi açdığımda ana bülbül qəfəsdən çıxıb, otaqda uçmağa başladı. Yumurtanı işığa tutub baxdım, içində bala vardı və tərpənirdi. Yəqin ki, qabığın qalınlığından ya da oksigen azlığından yumurtanı sındıra bilməmişdi. Ana bülbül otaqda bir neçə dövrə vurub qəfəsin üzərinə qondu və məni izləməyə başladı. İynənin ucu ilə yumurtanın qabığını qoparmağım, balanın özünü bayıra atmasına kifayət eləmişdi. İnanmazsınız, balanı yuvaya qoyan kimi, ana bülbül uçub əlimə qondu.
Barmağımı iki-üç dəfə yüngülcə dimdikləyib cikkildədi və uçub balalarının üzərinə qondu. Sizcə bu nə idi? Məncə bu, bir ananın balasına edilən yardıma qarşılıq minnətdarlığı, təşəkkürü idi. Nəzərə alın ki, bu quşlar insana öyrəşən canlılardan deyil. Kiçik bir noxud həcmində beyni olan bu canlı, balasına bu qədər önəm verirsə, mükəmməl quruluşlu bir beyinə sahib insan, övladının başını necə kəsə bilir? Buna səbəb olabiləcək şey nə ola bilər axı?
Belə halda, düşünə biləcəyimiz bircə şey qalır – Genetik yük.
Siz genetik yükün nə ola biləcəyi haqda düşünüb, özünüzü yormadan sizə bir hadisə də danışım, sonra mövzuları birləşdirərik.
Mənim iş otağım klinikanın girişindəki birinci otaq olduğundan, sadəcə sağlıq problemləri ilə deyil, müxtəlif problemlərlə əlaqədar müraciət edən insanlarla olduqca tez – tez qarşılaşıram. Kimisi rəhbərliyin otağıyla səhv saldığı üçün gəlir, kimisi hara gəldiyini bilərək, kimisi də “eləcə, dərdimi danışmağa adam axtarıram” deyərək . Əvvəllər belə müraciətlərin sayı həftədə iki-üç dəfədən artıq olmazdı. Sonuncu devalvasiyadan sonra isə, gün ərzində ü-dörd dəfəyə qədər artıb.
Yanılmıramsa, fevral ayı idi. İş gününün sonu idi və mən işlərimi bitirib, hər zamankı kimi növbəti günün siyahısını nəzərdən keçirirdim ki, qapı astaca döyüldü. “Buyurun” dedim, qapı ehtiyatla aralandı. 35-40 yaşlarnda qadın və əlindən bərk-bərk yapışdığı 12-13 yaşlarında bir oğlan ürkək baxışlarla mənə baxırdılar.Yer göstərdim, çəkinə-çəkinə keçib əyləşdilər.
– Buyurun xanım, eşidirəm.
Qadın kəkələdi, amma tezcə də özünü toplayıb, dilləndi:
– Sizdə mənə görə iş olmaz həkim?
-Gərək bağışlayasınız bacı, o işlərə mən baxmıram.
Qadın bir anlıq susdu, sonra gözlərini harasa uzaqlara dikib:
– Bilirəm həkim, amma burda sizin sözünüzü eşidirlər axı. Qonşumuz var, Xatirə, keçən ay onu da siz düzəltmişdiniz bura.
Vallah nə iş olsa işləyərəm, evdə vəziyyətimiz çox pisdir. Atası da üç aydır işləmir. Bircə bu balamın çörəyi olsun, başqa heç nə istəmərəm…
Deyib, oğlanın bayaqdan ovcunda tutduğu əlini sıxıb, kövrəldi.
Bir anlıq oğlana baxdım. Üzündəki məsum, gülümsər ifadəli baxışlarıyla rəfdəki kitabları incələyirdi. Kim bilir, nə xəyalları, nə arzuları vardı bu tifilin. Baxışlarımı hiss edib ciddiləşdi və heç gözləmədiyim anda dikəlib, dilləndi:
– Mən də işləyərəm, doktor.
Gülümsündüm, utanıb baxışlarını endirdi və barmağı ilə döşəmədə xəyali cizgilər çəkməyə başladı. Bu uşağın düşdüyü vəziyyətdəki günahsızlığından, baxışlarındakı cəsarətdən utandım, oxuduğum bütün kitablardan utandım, divardan asılı sertifikatlarımdan, əyləşdiyim kreslodan, önümdəki noutbukdan, cibimdəki puldan utandım. Bu vəziyyətə səbəbkar olan bütün başbilənlərimizdən utandım. Bu qədər sərvəti olan bir məmləkətdə bir ailə ac və çarəsizdirsə, ən birinci şəxsdən tutmuş mənə qədər, sənə qədər hamımız günahkarıq axı!
Və nə qədər ki, özümüzü dünyəvi dəyərlər üzərində yetişdirə bilməyəcəyik, cəmiyyətimiz də bu və bu kimi problemlər içərisində üzəcək.
Neyləyə bilərdim axı? Pul təklif etmək qətiyyən etik bir şey olmazdı, heç götürməzdilər də. Gücüm oğlanın bayaqdan baxdığı kitab rəfindən, ona iki kitab bağışlamağa yetdi. Maraqlanaram, deyib yola saldım.
Yeganə dərdləri bir qarın çörək olan bu insanlara necə deyəydim ki, bu məmləkətdə işi-gücü olan insanlar da problemlər içində boğulur? Necə deyəydim ki, elə mənim özümün banklara olan üç kredit borcumdan ikisinin ödəniş vaxtından on gündən artıq vaxt keçsə də hələ də ödəyə bilməmişəm? Necə deyəydim ki, son vaxtlar uşaqlarımın istəklərini ertələmək üçün hər gün bir bəhanə uydururam? Necə deyəydim ki…? Nəysə… Elə ona görə də susdum, sadəcə susdum.
Mövzuları birləşdirməyin vaxtıdır.
Ardı var…
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.