Nəyin ilində neynirik?

Üzümə su vurub, özümə gəlirəm…

Source:



Beləsi ilə bir dəfə hansısa məclisdə qarşılaşdım. Adam məndən ən azı 10 yaş kiçik idi. Amma danışanda elə bildim, qarşımda oturan iyirmi beş yaşlı gənc deyil, mənasız və yersiz məsləhətlər verən, böyüyə hörmət etmək adı ilə qulluqpərgarlığı aşılayan altmış, yetmiş yaşlı muğam ifaçısı, ya da Aztv kanalı idi. Ağızdolusu inkişafdan, prezidentin qayğısından, uğurlu daxili və xarici siyasətdən həvəslə danışırdı. Arada bu vəziyyətimizə şükür etməyi mənə tez-tez tövsiyyə edirdi.

Hər ilin sonunda növbəti gələn ilə bir ad veririlir. Artıq bu əyləncəmi deyim, adət-ənənəmi deyim, bilmirəm, neçə illərdi davam etməkdədir. Ən əsası da odur ki, həmən ili hansı sahəyə həsr edirlərsə, o sahə daha da iflic vəziyyətinə düşür və nəticədə gülməli vəziyyət yaranır. Əvvəllər fikirləşirdim, yəqin kasıb itinin adını “gümüş” qoyar məsələsidir. Amma belə deyilmiş. Çünki ölkədə hər şeyi birdən məhv etmək olmur. Bu həm səliqəsizlik yaradır, həm də hansısa bir sahə gözdən qaçar, inkişaf etməyə zəmin yarada bilər.

Ən yaxşısı bu sahələri illərə ayırmaqla bir-bir məhv etməkdir. Bu, işlərini daha da asanlaşdırır. Ümumiyyətlə, biz çox vaxtı lağlağı edirik, “Molotov kotleti” deyib keçirik, bu sistemə çox səthi yanaşırıq. Amma inandırım sizi, bu sistemin dağıdıcılıq, viranqoyma kimi elə güclü ideoloji xarakteri var ki, əgər işdir, birdən dağılsa, ölkənin özünə gəlməsi üçün yüz illər bəs etməyəcək.

İndi keçək bizi məhv edən, param-parça edən müxtəlif adlarla elan olunan illərə. Görək, necə bol, rəngarəng, səmərəli illər yaşamışıq. Gənclər ili, uşaq ili, ekologiya ili, idman ili, informasiya və kommunikasiya ili, sənaye ili, kənd təsərrüfatı ili. Tanımayan, bilməyən olsa, bu adlara baxıb, paxıllıqdan ürəyi partlayar. Hətta bu illəri sıra ilə yazanda belə, fəxr hissi duydum, gözlərim yaşardı, yerimdən qalxıb su içdim, sonra suyu ovcuma töküb üzümə vurdum ki, mövzuya qayıdım, nədən yazacağımı xatırlayım.

Beləcə, başımızı illərlə aldadırlar. “Gənclər ili” elan edib, ölkədə açıq fikirli gəncləri günahsız yerə həbs edir, ətraflarına yığdıqları gəncləri isə özləri kimi düşünməyi öyrədib, vaxtından əvvəl qocaldırlar. Beləsi ilə bir dəfə hansısa məclisdə qarşılaşdım. Adam məndən ən azı 10 yaş kiçik idi. Amma danışanda elə bildim, qarşımda oturan iyirmi beş yaşlı gənc deyil, mənasız və yersiz məsləhətlər verən, böyüyə hörmət etmək adı ilə qulluqpərgarlığı aşılayan altmış, yetmiş yaşlı muğam ifaçısı, ya da Aztv kanalı idi. Ağızdolusu inkişafdan, prezidentin qayğısından, uğurlu daxili və xarici siyasətdən həvəslə danışırdı. Arada bu vəziyyətimizə şükür etməyi mənə tez-tez tövsiyyə edirdi.

“Uşaq ili” elan olundu. O ölkədə ki, uşaqların ilk göz açdığı doğum evlərindəki vəziyyət hamıya məlumdur. “Uşaq ili” elan olundu, o ölkədə ki, uşaq rüşvətsiz dünyaya gələ bilməz. Gərək, sən doğum evində mama həkimindən tutmuş, tibb bacılarına, texniki işçilərinə, süpürgəçisinə, qapıda dayanan təhlükəsizlik xidmətçisinə qədər hamısına rüşvət ( el arasında “şirinlik” deyib, vəziyyəti şirinləşdirirlər) verəsən ki, sənin övladın şanlı, uşaq ili elan olunan ölkəmizdə dünyaya gəlsin. Hələ bunun bağçasını, məktəbini, universitetini demirəm. Bağışlayın, deyəsən uşaq böyüdü, bu gənclər ilinə aid mövzudur. İllərlə adamı elə çaşdırırlar ki, yenə də üzümə su vurmalı oluram.

Elan olunan və olunmayan illər haqqında çox danışmaq olar. Geniş mövzudur. Məsələn ekologiya və turzim illəri əməlli-başlı şaxsey-vaxseyli uzun bir moizəlikdir. O illər haqqında ağlamadan danışmaq olmur. O cümlədən İnformasiya və kommunikasiya ili. Yazımı siyasiləşdirmək fikrim yoxdur. Onun  üçün birbaşa keçirəm sonuncu və yenicə dünyaya göz açmış Multikulturalizm ilimizə. Multikulturalizm eyni bir ölkədə yaşayan müxtəlif xalqların nümayəndələrinin mədəniyyət hüquqlarını tanıyan humanist dünya görüşü və ona uyğun siyasətdir. Dünyanın inkişaf etmiş ölkələrində geniş yayılıb, təbliğ olunmaqdadır.

Hələ il başlamamış Nardaranlıların başına min oyun açdılar, “terrorçu” damğası vurub, neçəsini həbs etdilər. Fikir verin, hələ il başlamamışdı. Ümumiyyətlə dediyim odur ki, nə qədər Multikulturalizm dillərinə düşməmişdi, bu sözə sayğı ilə yanaşırdım, indi isə qınamayın, o sözü eşidəndə mənə “multik” sözü kimi gəlir. Həmin dəqiqə gözümün qarşısında Tom və Cerrinin qırğınları canlanır. Tərslikdən ölkəmizin multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri adam döyməkdə adı hallanan biridir. Belə bir nəticəyə gəlmək olar ki, bu ilimiz elə Tom və Cerri multiki kimi olacaq.

Bəlkə də “Simpsonlar” və yaxud “Cənub parkı” nı xatırladacaq. Bəlkə də xatırladır, xəbərimiz yox. Bilmək olmaz, onu gələcək göstərəcək. Di, gələn illərə qədər…


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…

Ana səhifəMənim FikrimcəNəyin ilində neynirik?