17 il bundan əvvəl Ulu öndərin öz isti və sevimli yerini oğluna vəsiyyət etmək niyyəti barədə söz-söhbət dolaşmağa başladı.
Mən Azərbaycan siyasətinin və əhalisinin gerçəkliklə uzlaşmayan əndrəbadi yarıkönüllü, yarızorakı seçim mayallaqlarına artıq bələd idim, ölkənin ən ali məqamında Vəzirov, Mütəllibov və Elçibəy kimi bu vəzifəyə əsla yaramayan insanların necə əyləşdirildiklərini və xalqımın başına hansı müsibətləri gətirdiklərini görmüşdüm. Lakin ömrüboyu ata himayəsindən savayı heç nə görməmiş bir insanın amansız və mürəkkəb bir siyasət meydanında əzilən və vurulan bir millətə rəhbərlik edə biləcəyinə heç cür inanmağım gəlmirdi və inadla “İlhamı prezident edəcəklər” deyənlərə müraciətlə bir təhlili məqalə də yazıb dərc etdim. Bu məqalədə İlham Əliyevin nə vaxtsa Azərbaycan prezidenti olacağına dərin şübhəmi əsaslandırdım.
Qəhrəman xalqım tezliklə mənə sübut etdi ki, növbəti dəfə yanılmışam və onun müdrikliyi barədə təsəvvürlərim həddən ziyadə nikbin imiş.
İlham Əliyev hamıya məlum, lakin heç kəsin dilinə gətirmək istəmədiyi siyasi mayallaqlar sayəsində prezident elan olundu və Ramiz Mehdiyev məlum tayfanın başında bu vücudu sipər edərək Azərbaycanın total qarət əməliyyatını davam etdirdi.
Millət yenə yarıkönüllü-yarızorakı girov düşdü və çarəsizlikdən bu alçaldıcı şəraitə uyğunlaşmağa başladı.
İnsafən, Vəzirov, Mütəllibov, Elçibəy və ata Əliyevdən sonra bu yeni fiqura öyrəşmək və uyğunlaşmaq əsla çətin olmadı, zira qəribəliklər də, yalanlar da, məğlubiyyətlərin qələbə kimi təqdim edilməsi də artıq işlək və məqbul texnologiyaya çevrilmişdi. Yəni əhali çox asanlıqla Dirçəliş, Həmrəylik, 20 Yanvar və Qurtuluş günlərini qeyd etməkdə bulundu.
İlham Əliyev 15 ildir prezidentdir və hazırlaşır ki, dübarə bir möhlət yenə “səhər-səhər işə sevinclə gedib, axşam evə fərəhlə qayıtsın”.
Mən bunu dübarə bir möhlət zillət adlandırardım, lakin xalqdan səs-səda çıxmır deyə düşünürəm ki, “bəlkə mən yanılmışam, əzəldən yoxmuş oğlum”?
Hər halda artıq yekununa yaxınlaşan prezident seçkiləri və onun gedişi, iştirakçıların xudmani tozanağı mənə aydın deyir ki, seçkidə yenə İlham Əliyev qalib çıxacaq.
Məncə, 11 aprel prezident seçkisində İlham Əliyev daha çox səs toplayacaq.
Səsvermə təmiz və şəffaf, ədalətli və vicdanlı keçsə belə, yenə ən çox səsi İlham Əliyev toplayacaq.
Seçki dövrünün və ondan əvvəlki dövrün siyasi-texnoloji fırıldaqlarını nəzərə alsaq da, almasaq da, İlham Əliyev daha çox səs toplayacaq.
Nə üçün? Çünki Azərbaycan seçiciləri məhz onun və ondan əvvəlki prezidentin, yəni mərhum Ulu öndərin siyasətini dəstəkləyirlər. Seçicilərimiz seçki məntəqəsinə gəlib ona səs verəcəklər. Yaxın keçmişlərinə, gün-güzəranlarına baxıb, ölçüb-biçib məhz İlham Əliyevə səs verəcəklər.
Azərbaycanın iqtisadi göstəriciləri başı iqtisadiyyatdan çıxan bütün mütəxəssisləri dəhşətə gətirir. Niyə? Onlar yaxınlaşan iqtisadi fəlakəti, çıxılmaz borc uçurumunu , amansızlıqla tar-mar edilən potensialı, geniş kütlələrin insani faciələrinin qaçılmazlığını, Azərbaycan Respublikası adlanan qurumun labüd süqutunu görüb dəhşətə gəlirlər. Bizim seçicilər isə onların qabına xəsisliklə tökülən cüzi payı öz gözləri ilə görüb nəşələnirlər və sevinclə gedib səs verirlər.
Azərbaycan ziyalıları və müxalifətin rəsmiləşdirilmiş hissəsi tarixin ölkəmizə çağırdığı qonaqları – Azadlıq, Şərəf və Məsuliyyəti – görcək, lap elə Qurbanəli bəy kimi, qaçıb girirlər axura və orada gizlənirlər. Onlar İlham Əliyevə səs verəcəklər ki, haşa, kimsə onları dartıb sevimli axurdan çıxarmasın.
Seçicilər hər şeyi görür və anlayır. Onlar neft mədənlərində və platformalarında baş vermiş qəza və yanğınları, bu qəzaların cəsədləri tapılmış və tapılmamış qurbanlarının sayını görüblər, xatırlayırlar və anlayırlar ki, bu müsibətlərin günahkarı İlham Əliyevin ciddi-cəhdlə seçib yüksək vəzifələrə təyin etdiyi məsuliyyətsiz və bivec kadrlardır. Anlayırlar və seçki günü gəlib İlham Əliyevə səs verəcəklər.
Azərbaycan təhsilinin və səhiyyəsinin ümumi yarıtmazlığı, bahalığı, insafsızlığı və qəddarlığı cəmi əhaliyə məlumdur. Yaşamaq istəyən, müasir savad sahibi olmaq istəyən, imkanı olan üz tutur xarici ölkələrə, imkanı olmayan biçarə qalır quruluşun əlində girov. Seçici anlayır ki, günah təhsil və səhiyyə sistemində deyil, günah bu sistemə zəmanəyə layiq ixtisaslı kadrlar yetişdirməyi və insanların pulsuz və keyfiyyətli müalicəsini sifariş etməyən quruluşdadır. Bilir ki, belə zalım quruluşun başında İlham Əliyev oturdulub və gedib ona səs verəcək.
Əhali çox gözəl bilir ki, ölkəyə pul sel kimi gəlir və xəzəl kimi sovrulur. Bilir ki, müxtəlif beynəlxalq tədbirlərə xərclənən pulların ölkə vətəndaşlarına zərrə qədər xeyri yoxdur, onların keçirilməsinin məqsədi beynəlxalq bürokratiyaya xoş gəlmək, onları İlham Əliyevi özünkü saymaq və ona dəstək verməyə sövq etməkdir. Bilir ki, Avrovijn mahnı müsabiqəsi, Panavropa və İslamiada idman oyunları, ölkəmizdə aramsız keçirilən qitə və dünya birincilikləri yalnız büdcədən pulqaçırma fəndləridir. Bilir ki, ölkədə bir qara qəpik qalana qədər möhtərəm prezident bu pulu israr və inadla xərcləməyə, göyə sovurmağa çalışacaq. Bilir ki, üzümüzə dünya sərgisi – Ekspo – və növbəti labüd nəhəng xərclər gəlir. Bilir və gedib İlham Əliyevə səs verəcək.
Azərbaycanın ərzaq təhlükəsizliyi yalnız rişxənd doğura bilər, əsas qida məhsulları xaricdən gətirilir, aqrar mövzuda müntəzəm keçirilən müşavirələr və orada səslənən pambıq və barama söhbətləri növbəti irimiqyaslı pul məsrəfi üçün bəhanədir, gözə pul üfürməkdir. Seçici bunu bilir, lakin sevinclə gedib İlham Əliyevə səs verəcək.
Azərbaycan insanı dövlət cihazının sülmü və zəhmi qarşısında tam acizdir, məmur tamahkarlığı, dərəbəyliyi və həyasızlığı qarşısında öz qanuni hüquqlarını müdafiə etmək iqtidarıında deyil. Bilir ki, xalqa yabançı bu məmur kütləsi İlham Əliyevin siyasi dayağı və müsəlləh ordusudur, onların indiyədək məğlub etdikləri tək Azərbaycan xalqı və onun gələcəyidir. Bilir və bununla yanaşı, buna rəğmən, seçki günü gəlib İlham Əliyevə səs verəcək.
Bir insan nəslinin həyatının fəal hissəsi dövründə, son 30 il ərzində, bir ailənin hökmranlığı sayəsində Azərbaycan Respublikasının 70 ildə tikib-qurduğu sənayesi, elmi və texnoloji potensialı tam məhv edilib. Bir milyondan çox fəhlə və mühəndis, alim və idarəçi öz iş yerini, həyatının mənasını və qayəsini itirib. Ölkə sivilizasiya pılləkanında bir neçə pillə aşağı dığırlanıb, tropik Afrika ölkələri səviyyəsinə çatıb. Seçici bunu öz gözü ilə görüb, bilir və seçki günü gedib İlham Əliyevə səs verəcək.
Dövlət dünya xəritəsində mücərrəd məfhum deyil, onun qanunlarının işlədiyi ərazidir. Azərbaycan Respublikasının qanunları nə bu ərazidə, nə də başqa ərazidə işləyir, onun məhkəmələri sifarışli hökmlər çıxaran insafsız bir maşındır, istənilən yüksək vəzifəli və paqonlu şəxs istənilən sıravi vətəndaşı əzə, qova, tuta, mülkünü və pulunu ala bilir. Vətəndaşın üz tutub qanunun aliliyini və ədaləti axtara biləcəyi yer və şəxs yoxdur. Seçici bütün bunları görür, bilir və 11 apreldə gəlib İlham Əliyevə səs verəcək.
Seçici kor deyil, kar deyil, gözü də görür, qulağı da eşidir. Bir ovuc əzilən və təqib edilən vətənpərvər insanın ölkənin inkişaf deyil, tənəzzül etdiyini dediyini və sübuta yetirdiyini görür və eşidir. Lakin buna rəğmən aprelin 11-də gəlib İlham Əliyevə səs verəcək.
Girin İnternetə, baxın görün təcavüzkar necə təcavüz qurbanını yenib, informasiya müharibəsində məğlub edib və ağzını qapayıb. Səbəb çox aydındır: bütün sahələrdə olduğu kimi, diplomatiya və informasiya sahələrində də işi peşəkarlara deyil, naşı qohumlara və yerlilərə tapşırıblar, onlar da zəmanədən azı iki əsr geri qalıblar deyə heç bir səmərəli iş görməyə qadir deyillər. Sonuncu gülü isə şəxsən prezident vurub, elan edib ki, “Yerevan qədim Azərbaycan torpağıdır”. Bu yalnız utanc gətirən bəyanatdan sonra Azərbaycanın ələ salınması öz ən ali zirvəsinə çatdı. Qarabağ danışıqlarında Azərbaycanın zəif tərəf olduğu tam sübuta yetəndən sonra seçici gəlib yenə İlham Əliyevə səs verəcək.
Oxucum soruşa bilər ki, bu məlum həqiqətləri sadalayandan sonra müəllif bütün bu rəzalətin səbəbini deyə biləcəkmi?
Bəli, deyə biləcəyəm. Ancaq heç bir yeni həqiqəti açmayacam. Bu həqiqəti bu yaxınlarda həbsdən təzəcə çıxmış Mehman Əliyev dilinə gətirdi. Mehman bəy onu məhbəsdən çıxması münasibətilə təbrik edənlərə cavab olaraq qısaca dedi: “Kiçik məhbəsdən böyük məhbəsə çıxmışam”.
İndi özünüz deyin, məhbəs sakinlərinin, böyük məhbəsin məhbuslarının azad seçim hüququ varmı?
Təbii ki, Azərbaycan seçiciləri gəlib İlham Əliyevə səs verəcəklər.
Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.