Qanuna görə, icazəsiz küçəyə çıxmaq mümkün olmayacaq

Ölkə başçısı İlham Əliyev çıxışlarında deyir ki, Azərbaycan xalqının səbri tükənməz deyil. O, nə vaxtsa, müharibə elan edib Ermənistandan Qarabağın işğaldan azad olunmasını tələb edə bilər. Müharibə olsa, Azərbaycanda hərbi vəziyyət elan olunacaq. Fevralın 14-də “Hərbi vəziyyət haqqında” qanuna edilən dəyişiklər Milli Məclisdə qəbul olunub. Yeni qanunla bir çox yasaqlar gəlir. Qanuna görə, tədbirlərin keçirilməsinə mane olan siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyəti  dayandırılacaq,  mitinqlərin keçirilməsi qadağan olunacaq, Komendant saatı tətbiq edilməklə şəxslər xüsusi icazə vərəqələri və şəxsiyyəti təsdiq edən sənədləri olmadan küçəyə çıxa bilməyəcəklər, medianın məlumat və materialları hərbi senzuradan keçiriləcək, hərbi vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində referendum, seçkilər keçirilə bilməz, bu dövrdə prezident və Milli Məclisə seçkilər keçirmək mümkün olmadıqda, onlar öz səlahiyyətlərini hərbi vəziyyət ləğv edildikdən sonra keçirilən seçkilərədək davam etdirəcəklər.

“İzah eləyirlər ki, vəziyyət ziyanımıza olanda bir bəhanə ilə hərbi vəziyyət elan edib seçkiləri ertələyə bilərik”- AXCP sədri Əli Kərimli Azərbaycan hökumətinin hərbi əməliyyata hazırlaşdığını düşünmür. O, hökumətin bu qanunla cəmiyyəti təhdid etdiyini deyir: “Bütün fikirləri-zikrləri necə eləmək ki, seçkini nəzarətdə saxlamaq,  interneti nəzarətə götürmək, sosial şəbəkələri susdurmaqdır. Başqa fikirləri yoxdur. Heç kim düşünməsin ki, bunlar hərbi vəziyyətin qeydinə qalırlar, müharibə haqqında düşünürlər. Bu barədə düşünmürlər. Tək düşüncələri cəmiyyəti susdurmaqdır”.

“Xəzər” Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Sümərinli hesab edir ki, hökumət bu qanunu dar günü üçün düşünüb. O, Azərbaycanın yaxın zamanlarda müharibə elan etməsinə inanmır. Amma düşünür ki, iqtidara qarşı kütləvi etirazlar başlasa, hökumət qorunmaq üçün hərbi vəziyyət elan edə bilər.

“Ölkədə vəziyyət qarışsa, hakimiyyətin devrilməsi, onlara qarşı ciddi etirazlar baş versə, o zaman yəqin ki, hakimiyyət bu qanunu işə salmaq istəyəcək, ölkədə hərbi vəziyyət elan edəcək. Bütün siyasi fəaliyyətləri, media azadlığını, sərbəst toplaşmaq azadlığını indi olduğu kimi daha da kəskin şəkildə pozacaq, onları dayandıracaq. Özünü müəyyən müddət qorumaq imkanı əldə edəcək. Mənim fikrimcə, bu qanunun qəbul olunmasının əsas hədəflərindən, məqsədlərindən biri budur”.

Şəhər sakinlərindən soruşduq ki, Azərbaycan Ermənistana qarşı müharibə elan edə bilərmi?

Ana səhifəVideoQanuna görə, icazəsiz küçəyə çıxmaq mümkün olmayacaq