Atifə Nuriyeva barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib
Lənkəranda 6 günlük nəvəsini öldürərək quyuya atmaqda təqsirli bilinən nənə həbs olunub.
Məlumatı “Report” yayıb. Bildirilir ki, Lənkəran Rayon Məhkəməsində hakim Fuad Sultanovun sədrliyi ilə məhkəmə iclası keçirilib və nənə Atifə Nuriyeva barəsində dörd aylıq həbs-qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı DİN iyulun 31-də rəsmi məlumat yayıb. Məlumatda bildirilib ki, iyulun 30-da saat 6.03 radələrində Lənkəran rayonunun Darquba kənd sakini Şaiq Nuriyev DİN-in “102 Zəng Mərkəzi” nə zəng edərək yaşadığı evdə uşaq arabasında olan körpə qızının yoxa çıxmasını bildirib.
Həmin gün saat 6.31 radələrində Ş.Nuriyev təkrarən zəng edərək uşağın meyitinin həyətindəki su quyusunda olmasını bildirib.
Hadisə yerinə gələn Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin (ŞRPŞ) əməkdaşları tərəfindən uşağın meyiti su quyusundan çıxarılıb.