Ailəsi deyir ki, Fatimənin müalicəsi üçün satılacaq heç nə qalmayıb
Ağsu rayon sakini, Birinci Qarabağ Müharibəsində həyatını itirən Mirfəti Xəlilovun həyat yoldaşı Qəribə Xəlilova 10 yaşlı nəvəsi Fatimə Abdullayevanın əməliyyatı üçün müraciət etmədiyi dövlət qurumu, xeyriyyə fondu qalmadığını, lakin yardım edilmədiyini deyir.
Meydan TV-yə müraciət edən Xəlilova bildirib ki, nəvəsi ağır talassemiya xəstəsidir.
“Nəvəm 5 ildir talassemiyadan əziyyət çəkir. Qızımın bundan əvvəl eyni xəstəlikdən iki övladı dünyasını dəyişib. Nəvəmə ilik köçürülməlidir”, – Q.Xəlilova qeyd edib.
Onun sözlərinə görə, uşaq 3 il yarım Bakıdakı Talassemiya Mərkəzində, 1 il də Rusiyada müalicə alıb. Son bir neçə aydır uşağın vəziyyəti daha da ağırlaşdığından təcili əməliyyat tövsiyə edilib:
“Türkiyədə həkimlər əməliyyatın mümkün olduğunu deyirlər, ancaq 83 min dollar lazımdır. Evimizi, içindəki əşyaları satıb müalicəyə xərclədik. Kirayədə qalırıq, banklarda kredit borclarımız var. Kürəkənimin qazandıqları ancaq kredit borcunu ödəməyə güclə çatır”.
Xəlilova deyib ki, Milli Məclis, YAŞAT Fondu, İcbari Sığorta üzrə Dövlət Agentliyindən tutmuş hər yerə müraciət edib. Onlara gözləməyi məsləhət biliblər. Ancaq hər keçən gün uşağın durumu ağırlaşır və təcili əməliyyat edilməlidir.
Azərbaycanda və eləcə də dünyada irsi hemolitik anemiya qrupuna daxil olan talassemiya xəstəliyi hələ də ciddi problem olaraq qalır. 1993-cü ildən etibarən hər il mayın 8-i Beynəlxalq Talassemiya günü kimi qeyd edilir. Azərbaycanda qeydiyyatda olan talassemiya xəstələrinin sayı ötən il 5634 nəfər olub. Respublika Talassemiya Mərkəzindən bildiriblər ki, onlardan 2744 nəfəri 0-17 yaş aralığında, 2890 nəfəri isə 18 yaş və yuxarı şəxslərdir.
Xəstələrin 2435-i qadın, 3199-u isə kişidir.
2021-ci ildə 157 talassemiyası xəstəsi qeydiyyata alınıb. Onlardan 112 nəfəri 0-17 yaş qrupuna, 45 nəfəri isə 18 yaş və yuxarı yaş qrupuna aid şəxslərdir. Onlardan 74 nəfəri qadın, 83 nəfəri isə kişidir.
Azərbaycan talassemiya xəstəliyi üçün endemik zona olduğu üçün 2015-ci ildən nikaha daxil olan şəxslərin talassemiya daşıyıcılığına görə skrininq müayinələri aparılır.
Bu xəstəliklərin müalicəsində sümük iliyi transplantasıyası önəmli yer tutur. Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir. Bu müalicə metodu ilə xəstələrin irsi və bədxassəli hematoloji xəstəliklərdən tamamilə müalicə olma şansları olur. 2020-ci ilin aprel ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icra olunan “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Onlardan 29 nəfəri beta talassemiya xəstəsi, 3 nəfəri isə kəskin mieloblast leykoz, Hoçkin limfoması və multiplmielom diaqnozu qoyulan şəxslər olub. Əməliyyat olunanların 19-u 1-12 yaşarası uşaqlardır. Əməliyyatlarda sümük iliyi donorları pasiyentlərin qardaş və bacıları olub. Cərrahi əməliyyatlar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində (Talassemiya Mərkəzi) icra olunub.
Sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı“na uyğun olaraq ödənişsiz həyata keçirilir.
Əməliyyat növbə əsasında həyata keçirildiyindən aylarla gözləməyə məcbur olan ağır xəstə yaxınları xarici ölkələrə üz tutmağa məcbur olurlar.