Netanyahu Fransa, Böyük Britaniya və Kanada liderlərini HƏMAS-ın tərəfini saxlamaqda ittiham edir

Benyamin Netanyahu. Foto: Meydan TV

“Əgər kütləvi təcavüzkarlar, körpə qatilləri sizə təşəkkür edirsə, demək siz ədalətin tərəfində deyilsiniz”

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransanın Prezidenti Emmanuel Makron və Kanadanın Baş naziri Mark Karneyə qarşı sərt tənqidlər səsləndirib – onların “faktiki olaraq HƏMAS-ın hakimiyyətdə qalmasını istədiklərini” söyləyib.

Netanyahu həmçinin Starmeri, Makronu və Karneyi “kütləvi qətllər törədənlərin, təcavüzkarların, körpə qatillərinin və oğruların” tərəfini saxlamaqda ittiham edib.

Netanyahu bu bəyanatı Vaşinqtonda İsrail səfirliyi əməkdaşlarına mayın 21-də edilən hücumdan sonra səsləndirib. Bir neçə gün öncə isə Böyük Britaniya, Fransa və Kanada İsrailin Qəzzada genişləndirilmiş hərbi əməliyyatlarını “qeyri-proporsional” adlandırmış və bölgədəki humanitar vəziyyəti “dözülməz” kimi qiymətləndirmişdi.

Britaniya hökuməti isə Kir Starmerin Vaşinqtondakı hücumu əvvəlcədən qınadığını xatırladıb.

Həmin bəyanatında Starmer antisemitizmi “mütləq aradan qaldırmalı olduğumuz bir şər” adlandırıb.

Böyük Britaniya, Fransa və Kanada Vaşinqtonda baş verən ötən gün baş verən qətli pisləyib. Həmin hücum nəticəsində səfirlik əməkdaşları — 30 yaşlı Yaron Lişinski və 26 yaşlı Sara Milqrim — Paytaxt Yəhudi Muzeyi tərəfindən təşkil olunan tədbirdən sonra güllələnərək öldürülüblər. Polis bildirib ki, şübhəli şəxs Elias Rodriquez həbs olunarkən dəfələrlə “Fələstinə azadlıq!” deyə qışqırıb.

İsrailin yaxın müttəfiqləri olan Böyük Britaniya, Fransa və Kanada 19 ay əvvəl HƏMAS-ın başçılığı ilə həyata keçirilən ölümcül hücumlardan sonra İsrailə güclü dəstək vermişdilər.

Lakin onların İsraildən hərbi əməliyyatları dayandırmasını tələb edən son bəyanatı, Qəzza müharibəsi başladıqdan bəri İsrailin hərbi əməliyyatlarına qarşı səsləndirilmiş ən sərt tənqid kimi qiymətləndirilir. Bu bəyanatda əgər İsrail kursunu dəyişməzsə, konkret tədbirlər görüləcəyi ilə bağlı xəbərdarlıq da yer alırdı.

Mayın 21-də Starmer İsrailin Qəzzaya az miqdarda humanitar yardım buraxmasını “tamamilə yetərsiz” adlandırıb və Böyük Britaniya mümkün ticarət sazişi üzrə danışıqları dayandırıb.

Netanyahu videomüraciətində bildirib ki, HƏMAS İsraili məhv etmək və yəhudi xalqını yox etmək istəyir. O əlavə edib ki, Fələstin silahlı qruplaşması Böyük Britaniya, Fransa və Kanadanın İsrailin müharibə siyasətinə qarşı birgə tənqidini alqışlayıb.

“İsrailin ən yaxın müttəfiqlərindən bəziləri İsrailin geri çəkilib HƏMAS-ın bu kütləvi qatillər ordusunun sağ qalmasına razı olmasını istəyir.”

“Mən Prezident Makrona, Baş nazir Karneyə və Baş nazir Starmerə deyirəm: Əgər kütləvi qatillər, təcavüzkarlar, körpə qatilləri və oğrular sizə təşəkkür edirsə, demək siz ədalətin tərəfində deyilsiniz”.

“Siz insanlığın, tarixə haqqın tərəfində deyilsiniz”, – deyə o əlavə edib.

İsrailin naziri Amiçay Çikli isə Starmer və digər liderləri “terrora dəstək verən qüvvələri cəsarətləndirməkdə” ittiham edib.

Bu gün Böyük Britaniyanın silahlı qüvvələr naziri Luke Pollard Vaşinqtondakı qətlləri qınayıb, lakin Netanyahunun Böyük Britaniya baş nazirinə ünvanladığı sərt tənqidi rədd edib.

“7 oktyabrda baş verən dəhşətli hücumlardan sonra biz İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyirik – təki bu beynəlxalq humanitar hüquq çərçivəsində həyata keçirilsin”.

“O cümlədən çox açıq şəkildə bildiririk ki, Qəzzada əziyyət çəkən insanlara yardım çatmalıdır”.

Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Kristof Lemone də Netanyahunun bəyanatından sonra İsrailin Qəzzadakı “gərginliyi artırmasına” dair tənqidini bir daha ifadə edib.

 “İsrail yardımı buraxmalıdır. Giriş geniş və maneəsiz olmalıdır”.

Qəzzaya 90-dan çox yardım yük maşını keçid edə bilib, lakin BMT bu səviyyəni orada yaşayan fələstinlilərin ehtiyaclarını ödəmək baxımından “qətiyyən yetərsiz” adlandırıb.

Qəzzaya az miqdarda yardım axını 11 həftəlik tam blokadadan sonra başlayıb. Humanitar təşkilatlar bu blokadanın genişmiqyaslı aclıq riski yaratdığı barədə xəbərdarlıq ediblər. Mart ayında İsrail hava zərbələrini bərpa edib və HƏMAS-a bağlı Səhiyyə Nazirliyinin məlumatına görə, o vaxtdan bəri 3,613 fələstinli həyatını itirib.

İsrailin sabiq Baş naziri Ehud Olmert hazırkı İsrail administrasiyasını “qanunsuzlar dəstəsi” adlandırıb.

“Onlar hal-hazırda İsrail dövlətini idarə edən bir dəstə qanunsuzdur və bu dəstənin başçısı Netanyahu-dur – bu bir qanunsuzlar dəstəsidir”.

İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən sərhəd hücumuna cavab olaraq Qəzzada hərbi əməliyyatlara başlayıb. Həmin hücum nəticəsində təxminən 1200 nəfər öldürülüb, 251 nəfər isə girov götürülüb.

Qəzza zolağındakı HƏMAS-a bağlı Səhiyyə Nazirliyinin məlumatına görə, o vaxtdan bəri Qəzzada azı 53762 nəfər, o cümlədən 16500 uşaq öldürülüb.

Ana səhifəDünyaNetanyahu Fransa, Böyük Britaniya və Kanada liderlərini HƏMAS-ın tərəfini saxlamaqda ittiham edir