Netanyahu bağışlanması üçün Prezidentə müraciət edib

Benyamin Netanyahu. Foto: Meydan TV

İsrailin Baş naziri Benyamin Netanyahu barəsində irəli sürülmüş korrupsiya ittihamları ilə bağlı Prezident İsaak Hersoqa rəsmi şəkildə müraciət edib.

Netanyahu ərizəsində bildirir ki, onun əfv olunması “ictimai maraqlara uyğundur”, çünki bu addım İsrail cəmiyyətində gərginliyi azalda bilər.

“Baş nazir kimi xalqın müxtəlif təbəqələri arasında barışığa nail olmaq məsuliyyətini nəzərə alaraq əminəm ki, məhkəmə prosesinin başa çatması ətrafında yaranmış debatın alovunu söndürməyə kömək edəcək”, – deyə o yazıb.

“İsrail dövlətinin qarşısında duran təhlükəsizlik çağırışları və siyasi imkanlar fonunda mən parçalanmanı aradan qaldırmaq, xalq arasında birliyi təmin etmək və dövlət institutlarına olan etimadı bərpa etmək üçün əlimdən gələni etməyə borcluyam. Bütün dövlət qurumlarının rəhbərlərindən də eyni məsuliyyəti gözləyirəm”.

Netanyahu barəsində qaldırılmış dələduzluq, rüşvət və etimaddan sui-istifadə ittihamlarını qəbul etmir və özünü “təqsirsiz” elan edib.

Baş nazirin bir iş üzrə milyarderlərdən 260 min dollardan çox dəyəri olan hədiyyələr qəbul etdiyi, bunun müqabilində isə müəyyən siyasi güzəştlər etdiyi iddia olunur. Digər iki işdə isə Netanyahu iki İsrail media qurumu ilə daha əlverişli xəbər işıqlandırılması üçün danışıqlar aparmaqda ittiham edilir.

Onun məhkəmə iclasları dəfələrlə müxtəlif səbəblərlə, o cümlədən İsrailin Qəzza, Suriya və İrana qarşı hərbi əməliyyatları ilə əlaqədar təxirə salınıb.

Bundan əvvəl Netanyahu məhkəmələri zəiflətməyə yönəldiyi iddia edilən məhkəmə islahatları təklif etmişdi. Bu islahatlar genişmiqyaslı etirazlara səbəb olmuş, lakin 2023-cü ilin oktyabrında Qəzzada başlayan müharibədən sonra həmin etirazlar səngimişdi.
Netanyahunun əfv edilməsini istəyənlər arasında ABŞ-nin keçmiş prezidenti Donald Tramp da var.

Ana səhifəDünyaNetanyahu bağışlanması üçün Prezidentə müraciət edib