Nəsrin Sütudə: 38 il + 148 şallaq cəzası verilmiş vicdan məhbusu

Nəsrinin vəziyyəti o qədər pisdir ki, növbəti görüşümüzə qədər yaxşılaşacağına inanmıram

Source: meydan.tv


“Hamımız insanıq… Şeytanın məni yoldan çıxarmaq istədiyi, zəiflik hiss etdiyim nadir anlarda təslim olmaq, geri çəkilmək barədə düşünmüşəm. Amma bir şeyi qəti deyə bilərəm ki, hakimiyyətlə əməkdaşlıq məsələsində heç bir tərəddüdüm olmayıb, o təklifləri birmənalı şəkildə rədd etmişəm”.


Nəsrin Sütudə

Nəsrin Sütudə – hazırda həbsdə olan iranlı vicdan məhbusu; Saxarov mükafatı laureatı. Seçki saxtakarlığına qarşı çıxmağa görə tutulmuş siyasi fəalları, hicabdan imtinaya görə həbs edilmiş qadınları, edam cəzası kəsilmiş yeniyetmələri müdafiə edən və buna görə molla rejiminin qəzəbinə tuş gələn vəkil; Şəhid Beheşti Universitetinin beynəlxalq hüquq üzrə eksperti, İrandakı Uşaq Hüquqlarını Müdafiə Assosiasiyasının və İnsan Haqlarını Müdafiə Mərkəzinin üzvü, qadınlara bərabər hüquqlar tələb edən “Bir milyon imza” kampaniyasının iştirakçısı, İranda bir çoxunun, o cümlədən, gənc qızların milli qəhrəman hesab etdiyi cəsur qadın.

****

Nəsrin Sütudə 1963-cü ildə Gilan ostanının Ləngərud şəhərində, orta gəlirli dindar ailədə dünyaya gəlib. Şəhid Beheşti Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1995-ci ildə vəkillik üçün imtahan verib, amma bu işlə məşğul olmaq icazəsinə 8 il sonra nail olub.

Həyat yoldaşı Reza Handan hüquq müdafiəçidir, iki övladları var.

Nəsrin fəaliyyətinə Mənzil Tikintisi Nazirliyinin hüquq şöbəsində başlayıb, sonra “Tejaratbank”a keçib, İran və Amerika vətəndaşları arasındakı mübahisələrin həlli üçün yaradılmış (1981) tribunala sənəd göndərmə işində yaxından iştirak edib.

Qadın hüquqları sahəsində ilk çalışmaları “Darichen” jurnalı üçün məqalələr, müsahibə və reportajlar hazırlamaq olub. Sonrakı dönəmdə ailələrində zorakılığa məruz qalan uşaqların və qadınların müdafiəsiylə məşğul olmağa başlayıb. Ailə üzvlərinə zor tətbiq edənlərin özlərinin də nə vaxtsa qəddarlıqla üzləşdiklərini, buna görə onların da professional yardıma və müalicəyə ehtiyacı olduqlarını vurğulayan Nəsrin azyaşlılarla iş təcrübəsi olan mütəxəssislərin və psixoloqların məhkəmə proseslərinə cəlb edilməsi ideyasını təbliğ edib.

Hələ ilk həbsinə qədər o, Kuroş Zaim, İsa Saharhiz, Heşmat Tabarzadi, Nahid Keşavarz, Pərvin Ardalan, Omid Memarian, Röya Toluyə kimi siyasi fəaların və jurnalistlərin, o cümlədən, Nobel sülh mükafatı laureatı Şirin Ebadinin vəkili olub.

Nəsrin “hakimiyyət çevrilişinə cəhd” və “Allaha qarşı müharibə” ittihamlarıyla edam olunan 19 yaşlı Araş Rahmanipurun da hüquqlarını müdafiə edib. Hakimiyyət mediasının onunla bağlı yazdıqlarını yalana çıxaran vəkil gəncin seçkidən (2009) sonrakı küçə döyüşləri zamanı yox, seçkidən əvvəl həbs edildiyini açıqlayıb:

“Mənim belə proseslərə çıxmağım hakimiyyətin xoşuna gəlmirdi. Onlar dəfələrlə məndən xahiş etmişdilər ki, bu işin başını buraxım. Yerli və xarici mətbuata müsahibə verməyim də hakimiyyəti qıcıqlandırırdı. Həbs edəndə demişdilər ki, o müsahibələrin hamısını bir diskə toplayıblar, mən də cavab vermişdim ki, jurnalistlərə məlumat vermək pis əməl deyil” (“The Guardian” qəzeti, 2014).

****

28 avqust 2010-cu ildə Nəsrin Sütudənin ofisində axtarış aparılır. Həmin ərəfədə o, dövlət təhlükəsizliyinə zərbə vurmaqda ittiham olunan İran və Hollandiya vətəndaşı Zəhra Bahraminin hüquqlarını müdafiə edirdi. Bir neçə gün sonra İran hakimiyyəti Nəsrinin həbsiylə bağlı qərar çıxararaq ona qarşı da bu ittihamı irəli sürür. Onu məşum Evin həbsxanasının təkadamlıq kamerasına salırlar.

“Vaşinqton post” qəzeti tanınmış vəkilin həbsini “fəalların, jurnalistlərin və müxalif siyasətçilərin vəkillərinə qarşı təzyiqlərin artması” kimi qiymətləndirir.

Beynəlxalq Amnistiya Təşkilatı Nəsrin Sütudəni vicdan məhbusu elan edir, onun “işgəncə və digər sərt davranışlara məruz qalma təhlükəsi” qarşısında olduğunu vurğulayaraq vəkilin dərhal azad olunmasını tələb edir.

“Human Rights Watch”, Beynəlxalq Hüquqşünaslar Komissiyası, Beynəlxalq İnsan Haqları Federasiyası, İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı, İran İnsan Haqlarını Müdafiə Liqası, ABŞ, Avropa Parlamenti, İngiltərə və Uelsin hüquqşünaslar cəmiyyətləri, Çexiyanın keçmiş prezidenti Vlatsav Havel, iranlı müxalifət lideri Mirhüseyn Musəvinin həyat yoldaşı Zəhra Rahnavard və Qərbin bir sıra məşhur media qurumu Nəsrinin müdafiəsinə qalxır.

20 dekabr 2010-cu ildə Beynəlxalq Amnistiya Təşkilatı İranın Londondakı səfirlik binasının önündə etiraz aksiyası keçirib onun dərhal azad edilməsini tələb edir.

Amma bu, İran hakimiyyətinin Nəsrin Sütudəyə münasibətini dəyişmir.

9 yanvar 2011-ci ildə o, “rejimə qarşı təbliğat”da və “milli təhlükəsiziyliyə qarşı fəaliyyət”də günahlandırılaraq 11 il müddətinə azalıqdan məhrum edilir. Bundan başqa, ona 20 il ərzində öz peşəsiylə məşğul olmaq və İranı tərk etmək qadağası tətbiq edilir. Həmin ilin sentyabr ayında Apelyasiya Məhkəməsi həbs müddətini 6, qadağa cəzasını 10 ilə endirir.

2014-cü ildə “The Guardian” qəzetinə verdiyi müsahibədə Nəsrin o günləri belə xatırlayacaqdı:

“2009-cu ildə keçirilən prezident seçkisinə qədər də fəaliyyətimlə bağlı məni dəfələrlə təhdid etmişdilər, amma elə bir ciddi problemlə üzləşməmişdim. Mahmud Əhmədinejat saxtakarlıq iddiaları və küçə zorakılıqları fonunda prezident seçiləndən sonra vəziyyət dəyişdi.

5 nəfər gəlib evimizdə axtarış apardı, bir neçə şəxsi əşyamı, o cümlədən oğlum Nima doğulandan bəri hər gün qeydlər etdiyim gündəliyi apardılar. Həbs ediləndən sonra həmin əşyaları geri qaytarmalarını istədim, amma xahişimə əməl etmədilər. Üstəlik, iki həftə ərzində həyat yoldaşıma zəng vurmağa da imkan verməmişdilər. Ona görə də aclığa başladım və ancaq bundan sonra mənə həm telefon, həm də əşyalarımı verdilər”.

****

2010-cu ilin mayında – həbsindən 9 ay sonra Nəsrin saxlandığı 209 saylı kamerada, siqaret kağızında oğluna məktub yazır:

“Salam, əzizim Nima. Sənə məktub yazmaq çox çətindir. Sənin kimi saf bir məxluqa harda olduğumu necə yazım? Türmə, həbs, hökm, məhkəmə, haqsızlıq, senzura, azadlıq, ədalət sözlərinin nə ifadə etdiyini sənin yaşında biri necə anlasın? Atanıza demisiniz ki, anamızdan xahiş elə, işini bitirib evə gəlsin. Sənə necə başa salım ki, bu, mənim əlimdə deyil. Tam 6 ay sizi bircə saatlıq da olsa, görməyimə icazə vermədilər. Bu altı ayda mən iki dəfə ağlamışam – bir dəfə atam rəhmətə gedəndə onun dəfnində iştirak edə bilmədiyim üçün, bir dəfə də sən “evə gəl” deyən gün. Kameraya qayıdıb dəlicəsinə hönkürmüşdüm o gün…”

Nəsrinin istintaqı və məhkəməsi onun Evin həbsxanasındakı kamerası önündə keçirilir (Kəşfiyyat Nazirliyinin əməkdaşları tərəfindən aparılan istintaqı o, sonralar “qəddar və qorxulu proses” deyə təsvir edəcəkdi). İstintaq zamanı ona qarşı irəli sürülən ittihamları qəbul etməyən vəkil özünə azadlıq tələb edir, buna görə hakimiyyət onu daha bir maddəylə – Müdafiə Mərkəzinin üzvü olmaq ittihamıyla “mükafatlanıdırır”.

Təkadamlıq kamerada saxlanan Nəsrin istintaq zamanı müstəntiqlə təkbətək qalmasına etiraz edir: “Qapını bağlayıb getdilər. Bu, normal hal deyildi, ona görə də qışqırdım, həbsxana əməkdaşlarından biri bir qadınla gəlib dedi ki, bundan sonra bu qadın bütün dindirmələrdə yanımızda olacaq”.

2 (115).jpg
Nəsrin Sütudə

Həmin müstəntiq Nəsrini uzun müddətli həbslə hədələyir, təklif edir ki, “cəzasını” yüngülləşdirmək üçün mətbuata müsahibə verib rejimi tərifləsin. Nəsrin bu “iltifatı” qəbul etmir.

Bir neçə ay sonra müstəntiq başqa təkliflə gəlir, deyir ki, hakimiyyətin informatoru olmağa razılıq versə, azad oluna bilər. Nəsrin bu variantı da rədd edir. Müstəntiq qəzəblənir və həm onda, həm də ondan sonrakı hər gəlişində “Mən səni sındıracam. Mən sənin burnunu torpağa sürtəcəm. Mən səni ömürlük burda saxlayacam” deyərək onu psixoloji təzyiq altında saxlayır.

****

Bir müddət sonra həbsxana rəhbərliyi siyasi məhbuslara “əfv kağızı” paylayır. Nəsrin yanına gəlmiş və həmin gün çox həyəcanlı olduğu üçün anasıyla şüşə arakəsmə olmadan görüşməsinə icazə verilmiş qızı Mehravəni qucaqlayıb “O kağızdan mən də götürə bilərəm” deyir. Mehravə “Bu haqda heç düşünmə” deyə cavab verir.

Çox keçmir ki, Nəsrin növbəti dəfə ailə üzvləriylə görüşmək və hətta onlara zəng etmək hüququndan məhrum edilir. Buna etiraz olaraq 25 sentyabr 2010-cu il tarixdə o, aclığa başlayır və ancaq 4 həftə sonra – həbsxana rəhbərliyi qadağaları aradan qaldıranda aksiyanı dayandırır.

Eyni səbəbə görə Nəsrin 17 oktyabr 2012-ci ildə də aclıq etməli olur – bu dəfə müddətsiz. 47 gün sonra Reza onun vəziyyətini belə təsvir edir:

“Nəsrinin vəziyyəti o qədər pisdir ki, növbəti görüşümüzə qədər yaxşılaşacağına inanmıram. Başgicəllənməsi var, gözləri zəifləyib, təzyiqi aşağı düşüb, hədsiz dərəcədə arıqlayıb”.

49 gün sonra – dekabrın 4-də bir neçə deputat Evin həbsxanasını ziyarət edib Nəsrinə qızıyla görüşmə qadağasını ləğv etdirdikdən sonra o, aclığı dayandırır.

26 oktyabr 2012-ci ildə Nəsrin iranlı rejissor Cəfər Pənahiylə birlikdə Saxarov mükafatına layiq görülür. Avropa Parlamentinin sədri Martin Şults onları “qorxu və təzyiqlərə boyun əyməyib ölkənin taleyini öz talelərindən üstün sayan iki şəxs” adlandırır.

Avropa Şurasının xarici işlər və təhlükəsizlik məsələlləri üzrə ali nümayəndəsi Ketrin Eşton Nəsrin Sütudənin və digər hüquq müdafiəçilərinin taleyindən ciddi səviyyədə narahat olduğunu bildirir: “Biz onlara qarşı ittihamların geri götürülməsiylə bağlı kampaniyamızı davam etdirəcəyik. Ümid edirik ki, İran hakimiyyəti insan haqlarıyla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl edəcək”.

Amma molla rejimi bu ümidləri dərhal doğrultmur. Nəsrin Sütudə, müxalifət lideri Möhsün Aminzadə və digər siyasi məhbuslar təxminən bir il sonra – 18 sentyabr 2013-cü ildə, İran prezidenti Həsən Ruhaninin BMT-yə tarixi səfərindən bir neçə gün əvvəl azad edilirlər. Heç bir məhkəmə qərarı olmadan.

Nəsrin yenidən insan haqlarının müdafiəsiylə məşğul olmağa başlayır – edam cəzası kəsilmiş yenitmələrə və siyasi məhbuslara vəkillik edir. Eyni zamanda, Professional Hüquqşünas Qadınlar Assosiasiyasındakı və Uşaq Hüquqlarını Müdafiə Mərkəzindəki fəaliyyətini bərpa edir, 7 hüquq müdafiəçisiylə birlikdə edam cəzasının ləğviylə bağlı kampaniyaya başlayır. 14 ictimai-siyasi fəalla birlikdə İŞİD-in Kobani kürdlərinə qarşı vəhşiliklərinə etiraz olaraq 3 günlük (14-16 oktyabr 2014) aclıq aksıyası keçirir.

****

İran hakimiyyəti Nəsrinin insan haqlarını müdafiə cəhdlərinə cəmi 5 il dözə bilir. 2018-ci ilin iyun ayında Nəsrini yenidən həbsə atırlar, 2 ay sonra da casusluq, dövlət əleyhinə təbliğat və kütləvi aksiyalar təşkil etmə ittihamlarıyla onu 5 il azadlıqdan məhrum edirlər.

Avqustun 22-də Avropa Parlamentinin 60 deputatı Nəsrin Sütudənin qeyd-şərtsiz azad edilməsi tələbiylə İran prezidenti Həsən Ruhaniyə müraciət edir.

Həm öz həbsinə, həm də ailə üzvlərinə və həmkarlarına qarşı haqsızlıqlara etiraz edən Nəsrin avqustun 25-də aclıq aksiyasına başlayır. Sabahısı gün ona qarşı yeni ittihamlar irəli sürülür: referenduma çağırış və etiraz aksiyalarının təşkili.

Avqustun 28-də Kəşfiyyat Nazirliyinin üç əməkdaşı onların evində axtarış aparıb “Məcburi hicaba yox!” yazılmış döş nişanlarını müsadirə edir. Sentyabrın 4-də bir neçə hüquq müdafiəçisi, o cümlədən, Nəsrinin əri Reza Handan həbs edilir, onu da Evin həbsxanasına salırlar. Dekabrın 24-də girov qarşılığında azad edilən Rezaya məcburi hicaba qarşı dinc aksiya keçirdiyi üçün bir ay sonra 6 illik icbari həbs, ölkədən çıxmaq qadağası və 2 illik onlayn-fəaliyyət qadağası cəzaları verilir.

Dekabrın sonlarında Apelyasiya Məhkəməsi Nəsrinin 5 illik həbs cəzasını qüvvədə saxlayır.

6 mart 2019-cu ildə onunla bağlı yeni məhkəmə prosesi başladılır – bu dəfə fahişəliyi təbliğ etmə, dövlətin təhlükəsizliyinə qarşı fəaliyyət və İranın ali dini rəhbəri Əli Xamneyini təhqir ittihamlarıyla. Rejimin təklif etdiyi vəkildən imtina edən Nəsrin prosesə qatılmır.

Hökm oxunmazdan əvvəl BMT-nin insan haqları üzrə Ali komissarının müavini Keyt Gilmora onunla görüşmək imkanı verilir. Amma bu görüşün Nəsrinə heç bir faydası toxunmur.

11 martda hakim Məhəmməd Mokişe mətbuata vəkilin 5 il müddətinə azadlıqdan məhrum edildiyini açıqlayır. Nəsrin Sütudə elə həmin gün öyrənir ki, İnqilab Məhkəməsi əslində ona 7 maddə üzrə 33 il azadlıqdan məhrum etmə və 148 şallaq cəzası kəsib. Ərinə qısa zəng icazəsi alan vəkil ona bu haqda məlumat verir.

12 martda Reza Handan özünün “Facebook” profilində yazır ki, əvvəlki 5 il də daxil olmaqla, Nəsrin haqqında 38 illik həbs hökmü verilib və bu azmış kimi, 148 şallaq cəzası da kəsilib.

Nəsrin Sütudə aşağıdakı cinayətlərdə ittiham olunub:



Milli təhlükəsizliyə qarşı fəaliyyət (610-cu maddə) – 7,5 il;


– Dövlət əleyhinə təbliğat (500-cü maddə) – 1,5 il;


– “Ölüm hökmünə etiraz” qrupunun üzvü olma (499-cu maddə) – 7,5 il;


– Fahişəliyi təbliğ etmə (639-cu maddə) – 12 il;


– İctimai yerdə hicab taxmama (638-ci maddə) – 74 şallaq;


– İctimai rəyiçaşdırmaq məqsədilə yalan informasiya dərc etmə (698-ci maddə) – 3 il və 74 şallaq;


– İctimai asayişi pozma (618-ci maddə) – 2 il.


P.S.

Hökmdən sonra beynəlxalq təşkilatlar etiraz bəyanatları açıqlayıblar.

Ana səhifəXəbərlərNəsrin Sütudə: 38 il + 148 şallaq cəzası verilmiş vicdan məhbusu