Nəsimi Məmmədli QHT Şurasının ayırdığı qrantdan imtina etdi

”Cəmiyyətdə hökumətin QHT-ləri satın alması rəyi yaranıb”

Source:
Nəsimi Məmmədli


”Cəmiyyətdə hökumətin QHT-ləri satın alması rəyi yaranıb”

“Yayımların Monitorinq Mərkəzi İctimai Bilriyi”nin rəhbəri Nəsimi Məmmədli dövlət büdcəsindən – Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasından təşkilatına ayrılan qrantdan imtina edib.

Nəsimi Məmmədli bu barədə “Facebook” səhifəsində yazıb. Bildirib ki, 10 il ərzində həmin təşkilatdan 14 min manatlıq qrant alıb. Ancaq son illər Şura ətrafında formalaşan mənfi fikirlər cəmiyyətdə hökumətin bu qurum vasitəsilə QHT-ləri satın alması rəyi yaradıb. Belə bir vəziyyətdə Şuranın mənə ayırdığı sonuncu qrantı qəbul edə bilmərəm:

“Dövlət büdcəsindən təşkilatıma ayrılan vəsaitdən tam şəkildə imtina edir, layihəni öz şəxsi imkanlarımla icra edəcəyimi bəyan edirəm”.

Nəsimi Məmmədli Azərbaycanın MHŞT-dən çıxarılmaması məqsədilə Koalisiya üzvlərinin MHŞT İdarə Heyətinə göndərdiyi məlum müraciətə də fikir bildirib. Deyib ki, nə hökumətin onun dəstəyinə ehtiyacı var, nə də onun hökuməti dəstəkləmək kimi niyyəti var:

“Mənə dedilər Ermənistan üzvlüyə qəbul olunacaq, Azərbaycanın isə üzvlükdən çıxarılması məsələsi gündəmdədir. Rayonda olduğumdan məsələnin təfərrüatına varmadan müraciəti dəstəklədiyimi dedim. Müraciətdə qətiyyən razı olmadığım məqamlar olsa da onu dəstəkləməkdən imtina etmədim. İndi isə məlum olur ki, heç ölkəmizin bu platformadan çıxarılması ilə bağlı məsələ müzakirə olunmayacaqmış və narahatlığım üçün də ciddi əsaslar yox imiş”.

Martın 7-də “Mədən sənayesində şəffaflığın artırılması” (MSŞA) QHT Koalisiyasının 94 üzvü Mədən Hasilatında Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Beynəlxalq İdarə Heyətinə müraciət etmişdi.

Azərbaycanın MHŞT-da üzvlüyü ilə bağlı Beynəlxalq İdarə Heyəti və Katibliyinə koalisiya üzvləri adından ünvanlanan müraciəti 140 üzvdən 94 təşkilat, koalisiya üzvlərinin 3/4-ü dəstəkləyib. Müraciət MHŞT üzrə Beynəlxalq İdarə Heyəti və Katibliyə göndərilib.

Ana səhifəXəbərlərNəsimi Məmmədli QHT Şurasının ayırdığı qrantdan imtina etdi