Nəsimi Məmmədli: Belə davam etsə məntəqələrdə seçici fəallığı 150 faiz olacaq

”İbtidai sinif müəllimləri valideynlərə hansısa sənədə imza atdırırlar”

Source:
fotolar Nəsimi Məmmədlinindir
fotolar Nəsimi Məmmədlinindir


”İbtidai sinif müəllimləri valideynlərə hansısa sənədə imza atdırırlar”

Politoloq Nəsimi Məmmədli 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin bir neçə məntəqəsində gördükləri barədə “Facebook” sosial şəbəkəsində paylaşıb.

O qeyd edib ki, Dairə Seçki Komissiyası 308 saylı məktəbin dəhlizində yerləşir.

N.Məmmədli həmin dairənin 28 və 32 saylı məntəqələrində olduğunu bildirib.

“Saat 09:30-dək hər iki məntəqədə 1 qutu tam dolub, 2 qutu isə dolmaq üzrədir. Rəsmi səs verənlərin sayı hər məntəqədə təqribən 250 nəfərdir. Hər məntəqədə səs vermək üçün təqribən 70-80 nəfər içəridə və çöldə növbə gözləyir.

Məktəbin bütün müəllimləri və əksər valideynlər dəhlizdə və məktəbin önündə toplaşıb. İbtidai sinif müəllimləri sinif otaqlarında valideynlərə hansısa sənədə imza atdırırlar. Səs-küydən qulaq tutulur. Sanki yarmarka keçirilir”.

O bildirib ki, müşahidəçilər elə bir küncdə oturdulub ki, faktiki olaraq prosesdən tam xəbərsizdirlər.

“Nə komissiyanın işini, nə də qutuları görmək imkanına malikdir. Məntəqəyə daxil olan heç kimin sənədləri yoxlanmır. Seçicilərin barmaqlarına mürəkkəb də vurulmur. Əksər şəxslər səsvermə kabinəsindən kənarda birinci sırada olan namizədə işarə qoyaraq çətinliklə qutulara yaxınlaşır və bülleteni ora atırlar”.

Onun sözlərinə görə, ən maraqlı məsələ budur ki bu saatlarda demək olar ki, heç kimi bülletenlərlə doldurulan qutular maraqlandırmır.

“İstənilən zirək adam sakitcə qutuları götürüb məntəqədən çıxa bilər. Yaxınlaşıb rahatlıqla qutuları sağa-sola çevirdim, amma heç kim yaxınlaşıb demədi ki, nə edirsən? Yəni hamının başı çox möhkəm qarışıqdır. Maraqlananlar üçün yüzlərlə şəkillər çəkmişəm, sərbəst vaxtım olanda paylaşacam. Belə davam etsə bu məntəqələrdə seçici fəallığı 150 faiz olacaq. Əgər bunları durduran olmasa günortaya kimi komissiyada bülleten qalmayacaq. Çox hərarətli növbə yaranıb, xəsarət alan olmasa yaxşıdır”.

O hesab edir ki, seçkini bu şəkildə təşkil edənlər hakimiyyətə əslində çox böyük pislik edirlər.

“Əgər burada ciddi beynəlxalq müşahidəçilər olsa, onların nə rəy verəcəyi artıq məlumdur”.

Nəsimi Məmmədli sözlərinə sübut olaraq gördüyü mənzərədən çəkdiyi bir neçə fotonu da paylaşıb.

Ana səhifəXəbərlərNəsimi Məmmədli: Belə davam etsə məntəqələrdə seçici fəallığı 150 faiz olacaq