Nəsillərin dedovşinası

Ölkəmizin fərdiyyətçilik təcrübəsi çox azdır, demək olar ki, yoxa bərabərdir.

Source:
Zaur Qurbanlı
Zaur Qurbanlı
Zaur Qurbanlı – Banner
Zaur Qurbanlı – Banner

Ölkəmizin fərdiyyətçilik təcrübəsi çox azdır, demək olar ki, yoxa bərabərdir. Biz feodalizmdən sosializmə keçməyə məcbur edilmiş xalqıq. Ona görə də bizdə invidualizm çox zəifdir, xüsusən də, sosial (ictimai) məsələlərdə. İndividualizmi paxıllıqla qarışdırmaq lazım deyil. İndividualizm öz “mən”inin sərhədlərini bilmək, bu sərhədlər daxilinə kiminsə müdaxiləsinə yol verməmək, eyni zamanda başqasının “mən”inin sərhədlərinə hörmət etməkdir.

Başqasının toxunulmazına nə qədər müdaxilə edirsənsə, deməli, öz toxunulmazını da başqalarının müdaxiləsi üçün o qədər açıq elan etmiş olursan. Bu, çox bəsit, amma həmişə işləyən qanundur. Çünki insanların ədalət anlayışının əsasında durur. Eyni məntiqin davamı olaraq, insanlar onların toxunulmazlığına müdaxilə olunduğu təqdirdə başqalarının toxunulmazına müdaxilə etməyə meylli olurlar.

Bu isə həmişə mümkün olmur. Feodalizmdən (bəlkə ondan da əvvəl) həyat tərzimizə oturuşmuş bir şey var – ailə üzvlərinin bir-birinə qarşı gizlilərinin olmaması. Feodallar da, kəndlilər də böyük ailə olaraq, bir evdə yaşayır, bir-birlərinin otağına icazəsiz daxil olurdular. Kəndlilərin heç otaqları olmurdu. Mənim babam evlənəndə qardaşlarının ailəsindən bir pərdə ilə ayrılan otaqda yaşayıb. Bu şəraitdə ən intim münasibətlərə qədər hər şey ailənin hər bir üzvünə əyan olur. Məsələn, qardaşların arvadlarından biri aybaşı olub sekslə məşğul ola bilməsə, bunu hamı biləcək, çünki arada cəmi 1 pərdə olanda kimin nə vaxt sekslə məşğul olmasını ayırd eləmək çox asan olur.

Feodalların nəhəng qəsrləri olsa da, onlarda da ailə üzvlərinin muxtariyyəti çox limitli olub. Məsələn, yüzlərlə otağı olan qəsrdə övladların ayrıca otaqları olmayıb, hər kəs gündəlik fəaliyyətini bir-birinin yanında həyata keçirirmiş. Biz bu düşüncə ilə 1920-ci ilə qədər gəlmişik (2 illik və məhdud hakimiyyətli Cümhuriyyət bu kimi dərin problemin öhdəsindən gələ bilməzdi, bilmədi də). Sonra sosialist inqilabını bu kimi problemlərin həllində çıxış yolu görən aydınlarımız ümid ediblər ki, bəlkə feodalizmdən yaxa qurtardıq, amma bu, yalnız ümid olaraq qalıb.

Feodalizmdən qurtulmağın yolu kapitalizmdən keçir. Söhbət tək iqtisadi sistem fərqindən getmir, əsas məsələ insanların düşüncə tərzidir. Fərdi mülkiyyətin aliliyini, eyni zamanda insanların mülkiyyət hüququnu tanıyan yeganə sistem kapitalizmdir. Buna görə də yalnız bu sistemdə yaşamış xalqlarda fərd olaraq özlərinə hörmət olur, individiumun sərhədlərinin müəyyənləşdirilməsi baş verir. Biz çoxlu feodalların kəndliləri idik, sonra dönüb bir “feodal”ın – dövlətin kəndliləri olduq, hamını doldurdular kolxozlara, hətta 1950-ci illərə qədər pasportlarını əllərindən alıb təhkimliyə çevirdilər.

SSRİ-də insanlar üzərində ciddi nəzarət olduğundan, bu təhkimçilik şəxsi xarakter daşıyırdı. Bilirik ki, torpağa görə və şəxsi təhkimçilik fərqləndirilir. İkincisi əslində quldarlıqdır. SSRİ-də biz məhz bu ikincini yaşadıq. Özü də bu şəxsi təhkimçiliyin sərhədləri kəndlə məhdudlaşmadı. İşsizlik qadağan idi, hər kəs işləməli idi, iş tapa bilməyəndə dövlət bəyənib-bəyənməməyindən asılı olmayaraq, sənə iş verirdi və bundan imtina etmək məsuliyyətə səbəb olurdu. Kəndlilər torpağa, texnikaya, şəhərlilər zavoda, fabrikə, idarəyə təhkim olunurdular.

BMT-nin hesabatlarına görə, hazırda dünyada 27-30 milyon insan quldur. Bu, 19-cu əsr Amerikasında və ya Qədim Romada olan quldarlıq deyil. Seks köləliyi, miqrant istismarı daxil olmaqla, eyni zamanda bank kreditləri və ya dövlət məcburiyyəti olaraq, işləməyə məcbur qalan, iş, yaşayış yerini dəyişə bilməyən insanlar da qul sayılır. Bu nöqtədən baxanda SSRİ-də, demək olar ki, hər kəs qul idi.

Biz feodalizmdən kapitalizmə keçə bilmədik, əksinə sosializm adı ilə quldarlığa qaytarıldıq. İndi cəmiyyətimizdə əksər insanların niyə etiraz etmədiyini, niyə zülmdən bu qədər zövq aldıqlarını çox soruşuruq. Əsas səbəb bu psixologiyadır – təhkimçilik, quldarlıq psixologiyası. Düzdür, kütləni idarə edə bilən hadisə baş versə və ya bu hadisəni yarada bilən insan ortaya çıxsa, bu qullar qızğın etirazçı ola bilərlər, amma hazırda bunlar yoxdur və biz öz təbii halımızdayıq – müti, susqun, zəncirlərini qırmaq əvəzinə onları əzizləyən insanlar.

Fərdiyyətçi düşüncənin kasadlığından valideynlər övadlarının həyatlarına maksimum müdaxilə etməyə çalışırlar. Övladlar bunun əvəzini valideynlərdən çıxa bilmirlər və bu, gələcək nəslə – onların öz övladlarına yönəlir. Beləcə nəsillərarası dedovşina baş verir. Atan səni evləndirir, sən də övladını evləndir. Yengə səni pusub, sən də övladına yengə təyin elə, pussun. Qonum-qonşu sənin ağzından çıxan hər sözü müzakirə edir, rahatlıqa səni şəxsi həyat tərzinə görə qınayır, sən də sosial şəbəkələrdə digər insanlara qarşı bunu et…

Bu zincirdən xilas olmaq çətindir. Çünki əsası qisasa, ədalət hissinə dayanır. Sənə tətbiq olunan qadağanı başqasına tətbiq etməsən, özünü əzilmiş hiss edəcəksən. Bunun əslində əziklik yox, böyüklük, kütlə psixologiyasındakı çarxdan kənara çıxmaq olduğunu çox nadir adamlar dərk edir. Ona görə də sosial şəbəkələrdə insanlar bir-birinə kin qusur. Bu nifrət dağarcıqlarının əksəriyyəti gənclərdir, onların da çoxunun işi, müstəqil maddi təminatı yoxdur, bir sözlə mülkiyyətdən məhrumdurlar. Ona görə də azad deyillər. Valideyndən və ya kimdənsə, haradansa asılıdırlar. Bu asılılıq onlarda qıcıq doğurur, özünə məxsus olanlar az olduğundan, olanlara isə valideynləri tərəfindən müdaxilə olunduğundan (toxunulmazların sərhədlərinin pozulması) həmişə başqalarından nələrsə götürməyə, talamağa çalışırlar. Toxunulmaz sahə görən kimi müdaxilə etmək istəyirlər, çünki özlərində yoxdur.

Bütün bunların həlli sistemin dəyişməsindən, insanlara açar nöqtə olan mülkiyyət azadlığının verilməsindən keçir. Feodal yaşayış tərzindən, dünyagörüşündən yalnız o zaman yaxa qurtara biləcəyik. O zaman bizim də evimizdə 90-ların Hollivud kinolarında gördüyümüz kimi uşaqların ayrıca otaqları, hətta divarlarında müğənni şəkilləri olacaq və ən əsası o otaqlara valideynlər icazəsiz girə bilməyəcək.

Ana səhifəMənim FikrimcəNəsillərin dedovşinası