Nəsib Nəsibli: Hədəf Xameneyidir


”İran siyasi islamın qalasıdır, orada vəziyyətin dəyişməsi…”



Ankara Universitetinin professoru, Azərbaycanın İrandakı sabiq səfiri Nəsib Nəsibli Meydan TV-yə dekabrın 28-dən İran İslam Respublikasında başlayan hadisələrin doğurduğu sualları cavablayır.

 –


Nəsib bəy, İranda başlayan etiraz aksiyaları 2006 və 2009-cu illərdəki hadisələrdən nə ilə fərqlənir?

– Dekabrın 28-də başlayan aksiyalar iqtisadi mahiyyətlidir və bahalıqla izah edilə bilər. Son aylarda Girmanşah və digər bölgələrdə baş verən zəlzələnin insanların sosial durumuna çox mənfi təsir etdiyini də nəzərə alın. Amma aksiyalardan bir neçə gün sonra şüarlar dəyişdi, deməli, böyük narazılıqlar sosial tələblərlə başlayır, ardınca siyasi məcraya keçir. 2006-cı il aksiyaları bir qəzetin karikatur böhranı, 2009-cu ildə isə seçkilərin saxtalaşdırılması ilə bağlı olsa da, siyasi məsələ idi. Bu dəfə iqtisadi problemlər daha çox önə çıxıb. Baxın, bir neçə gündə nümayişçilərin çoxsaylı olması İranda iqtisadi durumun ildən-ilə həqiqətən də pisləşməsini göstərir, yəni kütləvi hal alır. Bu kütləvilik isə insanların vəziyyətinin ildən-ilə ağırlaşdığını göstərir.




Çox qəribədir ki, bu dəfə aksiyalar farsların daha çox yaşadığı bölgələrdən başladı…

-2009-cu ildə də narazılıqlar farsların yaşadığı bölgələrdən başlamışdı. Normal bir şeydir, əgər Məşhəddə narazılıqlar olursa, İranın hər yerində başlaya bilər. Çünki nümayişçilər iqtisadi şüarlarla küçələrə çıxdılar. Baxın, Məşhəd, Girmanşah, bunlar eyni bölgə deyil, sonra Xuzistana, Şiraza, İsfahan və Tehrana yön aldı. Bu mənada xüsusi səbəb axtarmağa ehtiyac da yoxdur.




İranda iqtisadi vəziyyətin ağır olduğu deyilir, amma Azərbaycanın cənub regionlarının əhalisi alver üçün oraya üz tutur. Yaxud ölkə əhalisinin əksəriyyəti müalicə üçün İrana gedir…

– İqtisadi vəziyyətlə səhiyyənin durumu eyni deyil. İkinci, İranı Azərbaycanla müqayisə etməyin, Azərbaycan yaxşı ölçü vahidi deyil. Bəli, orda qiymətlər ucuz ola bilər. Ancaq İranda vəziyyətin pis olması o demək deyil ki, Azərbaycanda yaxşıdır. Əlbəttə ki, Azərbaycanda durum İrandakından da pis ola bilər. Həqiqətən də elədir, bəs niyə Azərbaycanda insanlar ayağa qalxıb etiraz etmir, bu, artıq başqa məsələdir.




İranda başlayan sosial etirazların siyasi çalar aldığını artıq demək olarmı?

– Baş verənləri üsyan adlandırmaq olar və siyasi xarakterlidir. Çünki milyonlarla adam “diktatora ölüm” deyir. Bu, 100 faiz siyasi xarakterli hərəkatın olduğunun göstəricisidir. Bəli, başlanğıc olaraq narazılıq iqtisadi vəziyyətdən doğur, ikinci, korrupsiya məsələsi illərdir İranda müzakirə olunur və rəqib qruplar ictimai fikirdə həmişə bunu gündəmdə saxlamağa çalışırlar. Son aylarda da sabiq prezident Əhmədi Nejatın bununla bağlı açıqlamaları insanlar arasında əks-səda yaradıb. Üçüncü, insanlar düşünür ki, iqtisadi vəziyyət çətinləşirsə, Tehran niyə İraqda, Suriyada, Yəməndə, Livanda özünə uyğun ideoloji cərəyanları dəstəkləmək üçün milyonlarla vəsait xərcləyir? Elə şüarların biri bununla bağlı idi ki, xaricə xərclənın milyardlarla vəsait ölkənin ehtiyaclarına sərf olunsun. Məsələn, Güney Azərbaycanda belə bir şüar vardı: nə Suriyadır, nə Livan, canımızdır Azərbaycan. Yəni Suriyaya, Livana dövlət vəsaitləri xərclənməməlidir, çünki Azərbaycanda iqtisadi durum çox ağırdır. Yaxud teokratik rejim çoxdan diktaturaya çevrilib, ona görə də insanlar “diktatora ölüm!” şüarını qaldırdılar. Bir sözlə, İrandakı son hadisələr iqtisadi, sosial, siyasi xarakterli səbəblərdən qaynaqlanır.




“Diktatora ölüm!” şüarı güman ki, Ali dini rəhbər Əli Xameneyiyə qarşı ünvanlanıb…

– Hədəf Xameneyidir. Çünki Xameneyi qatı mühafizəkar cərəyanın başında dayanan şəxsdir. İslahatçılar deyilən tərəf də müəyyən işlər yaradıblar, amma dini lider Xameneyi bunun qarşısını alıb. Bu mənada diktator deyəndə, birinci növbədə, Xameneyi nəzərdə tutulur.




İlk dəfə idi ki, keçmiş dini rəhbər Ayətullah Xomneyi və Xameneyinin şəkillərinin cırılması barədə məlumatlar yayıldı. Həm də bu hadisələr dini kəsimin daha çox yaşadığı şəhərlərdə olubsa, nəyin göstəricisidir?

– Bu barədə videolar, şəkillər var. Baş verənlər artıq teokratik rejimin tükəndiyini göstərir. Ümumiyyətlə, teokratik rejim iqtisadi-sosial və siyasi baxımdan tükənib. 35 il əvvəl müəyyən quruculuq potensialı vardısa, indi artıq potensial tükənməkdədir.




Maraqlıdır ki, 28 dekabrdan bir neçə gün əvvəl qadınların örtük geyimi ilə bağlı dəyişiklik mesajı olmuşdu. Ümumiyyətlə, İrandakı hadisələri bölğədəki hadisələrdən ayrı dəyərləndirmək mümkündürmü? Mən “ərəb baharı”, o cümlədən, Səudiyyə Ərəbistanından son aylar gələn dəyişiklik siqnallarını nəzərdə tuturam…

– “Ərəb baharı” və İrandakı son hadisələri xarici dövlətlərin fəaliyyətləri ilə izah etməyə çalışanlar var. Dini lider Xameneyi bu barədə açıqlama verdi. Amma aksiyalara baxdıqda bu iddiaların heç bir əsasının olmadığı ortaya çıxır. Əslində, teokratik rejimdən əvvəl, şah rejimi də ona qarşı aksiyalar başlayanda xarici qüvvələri suçlamışdı. Xatırlayıram, 1978-ci ildə islam inqilabının ilk təzahürləri üzə çıxanda SSRİ-nin “Pravda” qəzeti İRNA-ya əsaslanaraq 4 nəfərin öldüyü haqda xəbər yaymışdı. Hətta xarici dövlətlərin təxribatının nəticəsi sayılırdı, şah özü bu bəyanatı vermişdi. Dekabrın 28-dən sonra onlarla adam ölüb və molla rejiminin başçıları da eyni xarakterli bəyanatlar verir. Əslində, avtoritar rejimlər ölkədaxili problemlərin izahını xarici təxribatlarla bağlamağa meyillidirlər. Onlarla belə nümunələri son illərdə gördük, ən azından bölgə ölkələrinin tarixində bu münasibət ortaya çıxdı.




Sosial mediada, mətbuatda belə bir sual var: İrandakı xaos Azərbaycana lazımdırmı? Və cavab da belədir ki, orada vəziyyət qarışsa, yüzminlərə adam bu tərəfə üz tutacaq.

– Bu nə sualdır? Necə yəni Azərbaycana lazımdır, ya lazım deyil? Məgər, İran əhalisi Azərbaycandan icazə almalıdır ki, səni narahat edəcəm, bağışla? Canı boğazına yığılmış millət, əlbəttə, etiraz edəcək. İran əhalisi digər ölkələrin bundan narahat olmasına baxmayacaq. Çünki onlar talelərini bu işə qoyub həyatlarını dəyişdirmək istəyirlər. İndi Azərbaycan hökuməti İranda sakitlik yaratmalıdır? Bilirsiniz, hadisələr olanda olacaq, nə olsun?! Ona görə sualın və fikrin qoyuluşu anormaldır. Bəli, qaçqın ordusu ola bilər. Amma bu, Azərbaycanın iradəsi xaricində baş verən hadisələrdir.




Son hadisələr zamanı azərbaycanlıların yaşadığı Mağara və Urmuda aksiyalar keçirilib. Hələ Təbriz və Ərdəbil susur. Nə gözləyirsiniz?

– Elə deyil, Təbrizdə də, Zəncan da və kiçik şəhərlərdə də nümayişlər oldu. Yanvarın 2-də baş verənlərlə bağlı məlumatım yoxdur, amma azərbaycanlıların bütün şəhərlərində nümayişlərlə bağlı müraciət vardı, aksiyalar olub. Çağırışların necə qarşılandığı haqda dəqiq məlumatım hələ yoxdur.




Aksiyalarda lider və təşkilatçılıq yoxdur. Bu mənada kortəbiilik son nəticədə uğursuzluqla nəticələnməyəcəkmi?

– Elə deyil, lider də, təşkilat da var. Vacib deyil ki, həmin adamlar nümayişçilərin qarşısında getsinlər və yaxud onlar zindana atılsınlar. Bir daha deyirəm, aksiyaları təşkil edən qruplar və təşkilatlar var. Yaxın zamanlarda Azərbaycan oxucusu onların adını eşidəcək. Bu, bir xalq hərəkatıdır, xalq hərəkatının ilkin mərhələsi belə də olmalıdır.




Ancaq “baş verənlərin teokratik rejimin çöküşü kimi qələmə vermək olmaz” deyənlər də var. Siz necə düşünürsünüz?

– Əlbəttə, teokratik rejimin dağılmasından söhbət getmir. Amma son məlumatlara əsaslansaq, rejimə çox böyük bir zərbə dəydiyini söyləmək olar. 7-ci gündür milyonlarla insan küçələrdədir, dövlətin başında olan diktatora ölüm şüarı səsləndirir. İkincisi, 29 nəfər ölüb, bu ölümlər İrandakı rejimin xarakterini göstərir. Baxmayaraq ki, prezident Ruhani çox önəmli bir bəyanat verdi, o, “xalqın hökumətinə qarşı etiraz etmək haqqı var” fikrini səsləndirdi. Çox qəribədir, qonşu ölkələrdə ondan daha mühafizəkar mövqedə dayanan dövlət başçıları var, hətta bəzən ekspertlər İranın prezidentindən qatı mühafizəkar mövqedən çıxış edirlər. Onları anlamaq çox çətindir.




Ümumiyyətlə, bu prosesin özündə islahatçılarla mühafizəkarların mübarizəsinin getdiyini düşünmək olarmı?

– Bəli, amma bu rəqabət və mübarizə 20-30 ildir davam edir. Bəzən bu mübarizə açıq xarakter alır. Mən keçmiş prezident Əhmədi Nejatdan misal çəkdim, o, açıq şəkildə milyardlarla dövlət vəsaitinin oğurlanması barədə bəyanat verir. Bu iki cinah arasında mübarizənin getdiyini göstərir.




M


isal gətirdiyiniz sabiq prezident mühafizəkarlar qanadına bağlı deyilmi?

– Əlbəttə, qatı mühafizəkardır, amma fərq etmir, sadəcə, onun dedikləri iki cinah arasında mübarizənin təzahürüdür.




Biz xarici amillərə toxunduq, Xameneyidən misal da çəkdik. Nə dərəcədə təsirlidir bu amil?

– Dolayısı ilə xarici amilin təsiri var. Əlbəttə, İran qapalı cəmiyyət olsa belə, dünyadan təcrid olunmayıb, ətrafdakı proseslər bu ölkəyə də təsirini göstərir. İndiki rabitə texnologiyasının inkişaf səviyyəsində İranı tamamilə təcrid etmək mümkün deyil. Nə qədər internet sürətini azaltsalar da, dünya baş verənlərdən xəbərdar olur. Həm də böyük bir dəstək də var. Kaş ki, ABŞ prezidenti Tramp və İsrailin Baş naziri Netanyahu danışmayaydılar. Əgər onlar İran xalqına yardım etmək istəyirlərsə, susaydılar, daha yaxşı olardı. Danışmaqları hökumətin əlinə bəhanə verməkdir, yəni hökumət qüvvələrinin “bu aksiyalar xarici dövlətlərin təxribatı nəticəsində yaranıb” iddiasını gücləndirir.




Son hadisələrlə bağlı güneylilərin bu proseslərdən necə yararlanması sualı aktuallaşır. Sizin baxışınız necədir?

– Bir neçə gündür həm güneyin özündə, həm xaricində azərbaycanlılar bu prosesə qarışıb-qarışmamalıdır mübahisəsi gedir. Bir qrup “Güney Azərbaycanın marağı yoxdur, ona görə qarışmamalıdır” fikrinin üzərində dayanır. Digər qrup sosial problemlərin azərbaycanlılar üçün də aktuallıq kəsb etdiyi qənaətindədir. Onlar ümumiran hərəkatı ilə milli hərəkatın bir yerdə olmasını lazım sayırlar və yalnız bu halda İrandakı mübarizənin müsbət nəticə verə biləcəyini düşünürlər. Məncə, ikincilər haqlıdır.



– Nəsib bəy, baş verənlərin 1978-ci il olayları ilə oxşar və fərqli cəhətləri varmı?

– Əlbəttə, var. Həmin vaxt siyasi islama çox böyük bir ümid vardı. İndi tam tərsinədir, hazırda siyasi islam özünü tamamilə tükədib, onu təmsil edən qüvvələrə diktator deyirlər. Təxminən 40 ildən sonra siyasi islamın iflas etdiyini söyləmək olar. Bu hadisələrin ən böyük nəticələrindən biri budur. Əgər proseslər müsbət nəticə ilə yekunlaşsa, o zaman Yaxın Şərqin siyasi mənzərəsi tamamilə dəyişir. Və ideoloji həyatda çox böyük bir dəyişmənin olacağını gözləmək lazımdır.




Güman ki, bu dəyişiklik Azərbaycandakı siyasi islama olan güclü meyilliyə təsirsiz ötüşməyəcək?

– Əlbəttə, olacaq. İran siyasi islamın qalasıdır, orada vəziyyətin dəyişməsi yalnız Azərbaycanda deyil, digər ölkələrdə də siyasi islamı təmsil edən qüvvələrin zəifləməsinə gətirib çıxaracaq.

Ana səhifəVideoNəsib Nəsibli: Hədəf Xameneyidir