Nərminin qətli ilə əlaqədar Baş prokurorla görüş istənilir

Foto: Report

İlkin Süleymanovun atası Kamran Əliyevə teleqram vurub

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 10 yaşlı Nərmin Quliyevanın oğurlanması və 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla əlaqədar həbs olunmuş İlkin Süleymanovun ailə üzvləri Baş prokuror Kamran Əliyevlə görüşmək istəyir.

Baş prokurorun bugünlərdə ölkənin Qərb bölgəsinə səfəri nəzərdə tutulub. Kamran Əliyevin aprelin 28-də Ağstafa rayonunda Qazax, Tovuz və Ağstafa sakinlərilə görüşünün planlaşdırıldığı bildirilir.

İlkin Süleymanovun atası İbrahim Süleymanov Baş prokurorla görüşmək üçün teleqram göndərib.

“Nərmin Quliyevanın qətli ilə əlaqədar 3 ildən çoxdur tamamilə günahsız və əsassız həbs edilən oğlum İlkin Süleymanov haqqında cinayət işi üzrə yol verilmiş qanun pozuntularını diqqətinizə çatdırmağım üçün məni qəbul etməyinizi xahiş edirəm”, – İbrahim Süleymanov teleqramda yazıb.

Tovuz sakini ümid edir ki, Baş prokuror cinayət işindəki saxtakarlıqlardan, ziddiyyətlərdən xəbər tutsa, oğlunun işində dönüş yaranar. İbrahim Süleymanov oğlunun dörd gün qanunsuz polis şöbəsində saxlanmasından tutmuş, sənədlərdəki başqa saxtakarlıq hallarına qədər bütün faktları konkret sübutlarla Kamran Əliyevin nəzərinə çatdırmaq niyyətindədir.

İbrahim Süleymanov. Foto: Meydan TV

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.

İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Ana səhifəBölgəNərminin qətli ilə əlaqədar Baş prokurorla görüş istənilir