Gənc fəal Nərmin Şahmarzadə

Mənbə: Facebook

Başlıq: Gənc fəal Nərmin Şahmarzadə

Nərmin Şahmarzadə: O yazılar mənim deyil

Milli Qəhrəman Mübariz İbrahimovu təhqir etməkdə ittiham olunan gənc fəal Nərmin Şahmarzadənin həbsi üçün ona qarşı xüsusi ittiham qaydasında qaldırılan iddiaya baxılıb. Xətai Rayon Məhkəməsində hakim Cavid Hüseynin sədrliyilə keçirilən prosesdə məlum olub ki, təqsirləndirilən şəxs və onun vəkili məhkəməyə gəlməyib.

Hakim bildirib ki, mayın 14-də məhkəməyə N.Şahmarzadədən iki vəsatət daxil olub. Bunların birində, o, iddiaçı tərəf və onu dəstəkləyənlərin təhqirlərinə, hücumlarına məruz qaldığını, təhlükəsizliyinə təmin olmadığını bildirir. İddiaya da onun iştirakı olmadan baxılmasını istəyir. Bildirir ki, iddiaçılardan ikisi – vəkil Ramil Rüstəmov və Fövqəladə Hallar Nazirliyinin mayoru Araz Musayev onun fikirlərini təhrif edib, demədiyi fikirləri onun adına yazır və beləliklə, haqqında düşmən obrazı yaradır: “Onların mediada, sosial şəbəkələrdə mənim ünvanıma təhqir və təhdidlər səsləndirməsi, məni cinayətkar kimi qələmə vermələri, nifrət nitqlərindən istifadə etmələri təkcə təhlükəsizliyim üçün risk yaratmır, yaxınlarımın ciddi narahatlığına səbəb olmur, həm də insanların, o cümlədən müharibənin od-alovunu görmüş, yaxınlarını itirmiş insanların hisslərinə təsir edir, onlarda qıcıq doğurur. Təsadüfi deyil ki, onların qızışdırıcı çıxışlarından sonra barəmdə “asılsın”, “öldürülsün”, “ölkədən qovulsun” kimi çağırışlar geniş yer alıb”.

N.Şahmarzadə bildirir ki, bu prosesdə bilərəkdən əlilliyi olan şəxslərdən, qazilərdən istifadə olunması, onlar üzərindən təxribata çəkmək cəhdləri təəssüf doğurur.

N.Şahmarzadə mayın 8-də keçirilən məhkəmə iclasından sonra elə məhkəmənin binasında təhqirə məruz qaldığını da vəsatətində qeyd edir. Onun sözlərinə görə, məhkəmə binasında qapıya yaxınlaşarkən məhkəmə işçilərindən bir nəfər onu təhqir edib: “Təkidli tələblərimə baxmayaraq, həmin şəxsin adını və soyadını orada olan məhkəmə əməkdaşlarından öyrənmək mümkün olmadı. Bütün bunlar bu cür düşünməyə əsas verirdi ki, baş verənlər həm orada asayişə məsul olan şəxslər, həm də məhkəmə administrasiyası tərəfindən təqdir olunur”.

İkinci vəsatətdə isə şikayətin rədd edilməsi istənilir. Həmçinin bildirilir ki, iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi yazılar da onun adından saxta profillər vasitəsilə yayılıb, həmin yazıların ona heç bir aiddiyyəti yoxdur: “Mən “Facebook”da canlı yayımda Mübariz İbrahimovu təhqir etmədiyimi, sadəcə, onun etdiyi əməli qəhrəmanlıq saymadığımı bildirmişəm. Lakin əksər saytlar 8 dəqiqəlik videodan ayrı-ayrı hissələri kontekstdən çıxararaq, müxtəlif provokativ başlıqlar altında paylaşıblar. Daha sonra kimlərsə mənim adıma çoxsaylı saxta profillər açıb, həmin hesablardan təhqir dolu yazılar paylaşıblar”.

İddiaçı tərəfin vəkili Ramil Rüstəmov N.Şahmarzadənin məhkəməyə gəlməməsini onun yayınması kimi qiymətləndirib. Bildirib ki, məhkəmə xüsusi ittiham qaydasında qaldırılmış iddianı icraata götürübsə, deməli, N.Şahmarzadə artıq təqsirləndirilən şəxsdir: “Əgər bir daha belə hal təkrarlansa, xahiş edirik, onun haqqında həbs-qətimkan tədbiri seçilsin”.

Hakim bildirib ki, budəfəlik N.Şahmarzadəyə güzəşt olunur. Məhkəmə mayın 22-nə qədər təxirə salınıb.

Psixologiya üzrə təhsil alan N.Şahmarzadə sosial şəbəkədə Mübariz İbrahimov haqqında bunları yazmışdı:

“Azərbaycan kişisi deyəndə nümunə kimi Mübariz İbrahimovu çəkdi bir dostum, amma mən belə hesab etmirəm. Döyüş zamanı olsa, özünü və vətəni müdafiə deyərək insanı öldürməyə hardasa qəhrəmanlıq demək olar. Çünki dəyər hesab etdiyin insanlıq, mərhəmət hissini digər dəyər hesab etdiyin şeyə qurban verirsən, o öldürdüyün adama düşmən desən də, vicdanın sızlayar yəqin ki, buna görə dəyər hesab etdiyin şeyi qorumaq üçün digər dəyərindən imtina etməyinə bəlkə də qəhrəmanlıq demək olar.

Amma döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır, mənə görə. Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Bəlkə də yatarkən ailəsinə qovuşması üçün bir günün daha bitdiyini təsəvvür eləməmişdi. Amma kimsə onu etmədiyi bir şeyə görə günahlandırıb öldürür. Həmçinin Mübariz sağ qalıb geri qayıtsaydı, hərbi cinayət işi açılacaqdı çox güman. Çünki əmr almadan sərhədi keçmişdi. Əslində, qəhrəman dediymiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”.

Bu yazısına görə elə sosial şəbəkələrdə tənqid olunan N.Şahmarzadə bir neçə gün sonra üzr istəyərək, kimsəni təhqir etmək niyyətində olmadığını bildirmişdi.

Milli Qəhrəman haqqında fikirlərinə görə N.Şahmarzadəni Milli Qəhrəmanın anası Şamama İbrahimova, Fövqaladə Hallar Nazirliyinin mayoru, Muay-tay və Tayboksinq Federasiyalarının vitse-prezidenti Araz Musayev və vəkil Ramil Rüstəmov məhkəməyə verib. Onlar fəalın Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə təqsirli bilinib, üç il azadlıqdan məhrum edilməsini istəyirlər.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/4jpv1x

Ən çox baxılan