Nərmin Quliyevanın ölüm işində istintaq sirrinin yayıldığı müəyyənləşib

İlkin Süleymanov, Foto: Meydan TV

Azyaşlının qohumlarının ifadələrində ziddiyyətlər var

2019-cu ilin noyabrında Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra isə kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmədə indiyədək 10-a qədər şahid dindirilib. Onların hamısı azyaşlı qızın qohumlarıdır. Bu ifadələrdə söhbət eyni hadisədən, eyni uşaqdan getsə də, bir-birinə uyğun gəlməyən fikirlər səsləndirilir. Martın 9-da keçirilən məhkəmədə Nərminin əmisi arvadı Nailə Quliyevanın dindirməsi də çoxsaylı ziddiyyətlərlə yadda qalıb.

Azyaşlını oğurlayıb öldürməkdə, meyiti isə yandırmaqda ittiham olunan İlkin Süleymanovun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində Dadaş İmanovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.

Nailə Quliyevanın ötən məhkəmə iclasından yarımçıq qalan dindirməsi martın 9-da davam etdirilib. Vəkillərin ona verdiyi suallardan və cavablardan üzə çıxıb ki, İlkin Süleymanov hələ bu hadisədən xeyli əvvəl Nərminə, onun bacısı Şəbnəmə oxumaq üçün kitablar verirmiş. İlkin Süleymanovla qızların atası Şərif Quliyev vaxtilə orta məktəbdə eyni sinifdə oxuyub.

Ötən məhkəmə iclasında Nailə Quliyeva yandırılmış meyitin yuyulmasıyla bağlı verilən sualları fərqli cavablandırmışdı. Cavabların birində demişdi ki, meyiti baldızları (Nərminin bibiləri) yuyublar, sonradan bildirmişdi ki, meyitin yuyulması barədə dəqiq məlumatı yoxdur. Budəfəki məhkəmə iclasında isə meyitin yuyulmasıyla bağlı məsələyə belə aydınlıq gətirib: “Baldızlarım getmişdi, onlar dedilər ki, meyit morqdan hazır vəziyyətdə göndərilmişdi. Yəni yuyulub, bağlanıb göndərilmişdi. Bizimkilər yumayıb”.

Nailə Quliyevanın dediyinə görə, uşaq itkin düşdüyü gün əvvəl onlara gəlib, sonra üzbəüzdə yaşayan o biri əmisigilə gedib:

“Noyabrın 20-də mənim qızımın toyu olmuşdu. Onda yoldaşım Arif gödəkçəsini Şərifə vermişdi ki, əynində köhnə paltar olmasın. Şərifin öz gödəkçəsi isə üzbəüzdə yaşayan qaynım Lətifgildə qalmışdı. Qayınanam da o qaynımgillə yaşayır. Noyabrın 21-də Nərmin yoldaşımın gödəkçəsini gətirdi. Dedi ki, Lətif əmisigilə gedib, oradan atasının gödəkçəsini götürüb evlərinə gedəcək…”

Nailə Quliyeva həmin gün Nərminin əynində olan paltarları, hətta ayaqqabını da sadalayıb. Onun dediyi geyim və ayaqqabı yandırılmış meyitin üzərində olan geyimlər olub. Vəkillər ondan soruşub ki, uşağın əynində olanları belə dəqiqliklə yadda saxlamasının səbəbi nə olub? Çünki həmin vaxt kimsə öncədən bilməzdi ki, bu uşaq itkin düşəcək? Şahid bu suala konkret cavab verməyib.

Lakin sonradan Nailə Quliyevanın istintaqdakı iki ifadəsi elan ediləndə ciddi ziddiyyət ortaya çıxıb. Həmin ifadələrdə o bildirib ki, Nərmin onlara gələndə toydan gələn ərzaq və əşyaları yerbəyer elədiyinə görə başı qarışıq olub, Nərmini görməyib. O, hətta ifadələrdən birində Nərmini sonuncu dəfə noyabrın 20-də qızının toyunda gördünüyü söyləyib.

Vəkillər sual verib ki, istintaqda belə dediyi halda, niyə məhkəmədə fərqli danışır, hətta pal-paltarları da sadalayır?

“Mənim heç bir məqsədim yoxdur. Məqsədim Nərminin qatilinin tapılmasıdır. Ola bilər, mənim dediklərimi müstəntiq yazmayıb. İfadəni oxumadan imzalamışam. Mən Nərmini onda görmüşdüm”, – Nailə Quliyeva bildirib.

Vəkillər ötən məhkəmə iclasında ondan istintaqdakı ifadələrini oxuyub-oxumadığını soruşmuşdu. O zaman isə cavabında demişdi ki, ifadələri oxuyub və imzalayıb.

Zabil Qəhrəmanov. Foto: Meydan TV

Cinayət işinin materiallarında İlkin Süleymanovun tutulması 2020-ci il yanvarın 10-dan rəsmiləşdirilib. İddia olunur ki, təqsirləndirilən şəxs həmin gündən həbsdədir. Özü isə bildirir ki, yanvarın 6-da tutulub və 4 gün Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalandan sonra yanvarın 10-da törətmədiyi cinayətlə bağlı etiraz ifadəsinə imza atıb.

İndiyədək məhkəmədə dindirilən şahidlər də İlkin Süleymanovun yanvarın 6-dan tutulduğunu təsdiqləyib.

Nailə Quliyeva da bildirib ki, yanvarın 9-da İlkinin bacısı İlhamə onlara gəlib, qardaşının günahsız olduğunu deyib, onun buraxılmasını tələb edib: “Dedi ki, mənim qardaşımın bu işə aidiyyəti yoxdur, günahsızdır, buraxdırın onu. Dedim ki, mən dövlət deyiləm ki…”

Uşaq itkin düşdüyü gün onlara gəldiyinə görə təlim keçmiş itlər onların da evinə gətirilib: “Üç it idi, ikisi meyit axtaran, biri isə cinayətkarı tapan. Onlara Nərminin paltarlarını iylətdirmişdilər”.

Nailə Quliyeva dindirilərkən o da məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları istintaq davam etdiyi dövrdə sirr hesab edilən materialları yayıblar. O bildirib ki, Bakıdan gələn mülki formalılar onlara İlkin Süleymanovun telefonundan çıxan videonu göstərib:

“Milli Təhlükəsizliyin əməkdaşları 2020-ci ildə müharibə başlamamışdan 10-15 gün əvvəl bizə o videonu göstərdi. O videoda od-alov gördüm. Adama deyərlər, niyə çəkmisən onu? Bakıdan 4 maşında 20-yə qədər mülki formada gəlmişdilər. Qaynımgildə idilər. Qaynımın oğlu Ayxan gəlib məni çağırdı, dedi ki, onlar məndən və yoldaşım Arifdən nələrsə soruşacaqlar. Getdik, bir neçə sual verdilər, amma yazmadılar. Onda o videonu bizə göstərdilər. Əvvəl çox da inanmırdım ki, İlkin bunu eləyərmi? O videonu görəndən sonra inandım”.

Sözügedən video meyit yanarkən çəkilib. İlkin Süleymanov bildirib ki, küçəyə çıxanda evlərinin yanında meyitin yandığını görüb, ətrafdakılara da xəbər verib. Özü də hüquqşünas olduğuna görə istintaqa lazım ola biləcəyini nəzərə alaraq, prosesi telefonla çəkib ki, hüquq-mühafizə orqanlarına təqdim etsin. Həmin vaxt o meyitin kimə məxsus olduğunu da bilməyib.

Vəkillər bildirib ki, çəkiliş aparılarkən orada İlkin Süleymanovdan başqa şəxslər də olub. Videodakı danışıqlardan da bu, aydın olur.

Murtuzəli Abbasov. Foto: Meydan TV

Vəkillər bildirib ki, istintaq davam etdiyi bir dövrdə istintaq materiallarının yayılması çox ciddi qanun pozuntusudur. Bu məsələ mütləq araşdırılmalı, qanunu pozan şəxslər cəzalandırılmalıdır:

“Bizə qol çəkdirirlər, tələb edirlər ki, istintaq sirrini yaymayaq. Özləri isə istədikləri kimi hərəkət edirlər. İstintaq sirri niyə yayılıb? Məqsəd nə olub?”

Məhkəmə prosesi martın 16-da davam edəcək.

Məhkəmə prosesində üzə çıxan ziddiyyətlər və qarşı tərəfin ittihamlarıyla bağlı jurnalistlər Nərmin Quliyevanın atası Şərif Quliyevin münasibətini öyrənmək istəsə də, o, media nümayəndələrinə kobud cavab verib. Şərif Quliyev sualları cavablandırmaqdan imtina edib.

İlkin Süleymanovun vəkilləri Zabil Süleymanov və Murtuzəli Abbasov Nərmin Quliyevanın yaxınlarının yalan ifadələr verdiyini bildirib. Vəkillər deyir ki, istintaqda Nərmini görmədiyini deyən Nailə Quliyevanın məhkəmədə bunun əksini iddia etməsi, üstəlik, paltarları sadalaması da təsadüf deyil.

“Müdafiə tərəfində o meyitlə bağlı müəyyən şübhələr var. Meyitin üstündə olan paltarları Nərminin anası da təsdiqləmədi. İndi Nərmini gördüyünü iddia edən adamlar israrla o geyimləri də sadalayırlar ki, həmin meyitin Nərminə aid olması fikri möhkəmlənsin. Çox ciddi məsələlərdən biri istintaq sirri hesab olunan materialın yayılmasıdır. Səbəb nədir? Nərmin itəndən sonra cənab prezidentin göstərişi vardı ki, bu məsələnin üstü açılmalıdır. Hüquq-mühafizə orqanları da 2-3 gün sonra meyiti tapdılar, İlkini tutdular. Az sonra cəmiyyətdə İlkinin bu qətli törətməsilə bağlı şübhələr yarandı. Yaxınları da buna inanmayıblar. Görünür, bu məsələni bərkitmək üçün videonu göstərməklə onları inandırmaq istəyiblər ki, sizin uşağınızın qatili budur”, – Zabil Qəhrəmanov bildirib.

Vəkil əlavə edib ki, o çəkilişə görə kimisə qətldə ittiham etmək absurddur. Müdafiəçinin sözlərinə görə, İlkin Süleymanovun telefonunu prokurorluq götürmüşdü:

“Başqalarını xəbərdar edirlər istintaq sirrini yaymamaqla bağlı, amma özləri yayırlar. Açıq-aşkar görünür ki, bu işdə istintaqın gəldiyi nəticəni möhkəmləndirmək üçün şahidlərə təsir olunur. Ona görə də ziddiyyətli ifadələr meydana çıxır”.

Digər vəkil Murtuzəli Abbasov Nərmin Quliyevanın yaxınlarının ifadələrindəki ziddiyyətlərə diqqət çəkib:

“10 nəfər şahid dindirilib, onlar da Nərminin qohumlarıdır. Hamısında da yetərincə ziddiyyətlər var. Hamısı çaşıb qalırlar, bir-birinə uyğun gəlməyən ifadələr verirlər”.

İlkin Süleymanovun qardaşı Adil Süleymanov deyir ki, Nailə Quliyeva yalan ifadəyə görə, videonu göstərənlər isə istintaq sirrini yaydıqlarına görə cəzalandırılmalıdır. O, DTX rəisi Əli Nağıyevə müraciət edərək, videonun yayılmasıyla bağlı məsələnin araşdırılmasını xahiş edib:

Adil Süleymanov. Foto: Meydan TV

“Nailə Quliyeva keçən məhkəmədə dedi ki, ifadəmi oxumuşam, imzalamışam, indi deyir ki, oxumamışam. Məqsədli şəkildə yalan danışır. Ya məsuliyyətə cəlb olunmalıdır, ya da həqiqəti açıb deməlidir. Görünür ki, o, nələrisə gizlətməyə çalışır. Ya cəzalansın, ya da səmimi şəkildə açıb desin ki, onları yalan danışmaq üçün kim öyrədir. Adam başdan-ayağa yalan danışır. Bizim evlə onların evinin arasında təpə var, ona görə onlardan baxanda bizim ev görünmür. Yalan danışıb deyir ki, hündürdən işıq düşsə, bizim ev görünər. Bu meyit tanınmaz halda olub, polislər dərhal necə müəyyənləşdiriblər ki, bu, Nərmindir, onlara xəbər veriblər? Deməli, əvvəlcədən kimsə ora məqsədli şəkildə atıb. Əminəm ki, o vaxtkı polis rəisinin bu cinayətdən xəbəri var. Rəisin meyit tapılmamışdan əvvəl gəlib valideynlərə “uşağınız tanınmaz halda tapılsa, paltarlarından tanıya bilərsiz?” deməsi onunla bağlı araşdırma aparmaq üçün kifayətdir”.

“Mən inanmıram ki, onlara videonu göstərənlər DTX əməkdaşları olsun. Lakin Nailə Quliyeva “Milli Təhlükəsizliyin əməkdaşları” dediyinə görə Əli Nağıyev cənablarından xahiş edirəm, göstəriş versin, araşdırılsın ki, həmin adamlar kimlər olub. Əminən ki, xüsusi xidmət orqanlarında dürüst, cinayətin əsl qatillərinin tapılmasını istəyən insanlar var. İlkin cinayətkar olsaydı belə, istintaq gedə-gedə bunları yaymaq qanunsuzluqdur. Dönə-dönə xahiş edirəm, ən azı özlərinin müəyyən məlumatları olması üçün araşdırma aparsınlar”, – Adil Süleymanov deyib.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Ana səhifəBölgəNərmin Quliyevanın ölüm işində istintaq sirrinin yayıldığı müəyyənləşib