“Elçin adlı prokuror dedi ki, sizin uşaqdı”
Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın ölümündə ittiham olunan İlkin Süleymanovun məhkəməsi davam edir. Oktyabrın 27-də Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında azyaşlının əmisi Arif Quliyev yenidən şahid qismində dindirilib. Ötən prosesdə onun ifadəsində ziddiyyət olduğundan təkrar ifadə verilməsi istənilmişdi.
Nərmin Quliyeva sonuncu dəfə 21 noyabr 2019-cu ildə evlərindən bu əmisigilə getmək adıyla çıxıb və ondan sonra heç bir xəbər olmayıb. Bir də 2020-ci il yanvarın 6-da Dondar Quşçu kəndində İlkin Süleymanovgilin evinin yanında yandırılmış meyit tapılıb. Meyiti də yanan halda İlkin Süleymanov görüb, bu barədə başqalarına da xəbər verib, yanğını söndürüb.
Arif Quliyev həmin gün günorta saatlarında qardaşı qızının onlara gəldiyini, gödəkçə gətirdiyini, təxminən bir dəqiqə dayanıb, geri qayıtdığını bildirib. Onun sözlərinə görə, üstündən 1 saat keçəndən sonra Nərminin böyük bacısı Şəbnəm onlara gəlib, deyib ki, bacısı evə qayıtmayıb. Bacısının əmisigildə də olmadığını görən Şəbnəm geri qayıdıb. Həmin axşam saat 6 radələrində uşağın atası Şərif Quliyev qardaşı Arifgilə gəlib, oradan qonşu kənddə “ciyəraxşamı” adlanan məclisə gediblər. Təxminən iki saat sonra geri qayıdıblar.
Arif Quliyev bildirib ki, 2020-ci il yanvarın 6-da İlkin Süleymanovgilin evinin yanında yandırılmış meyit tapıldığını eşidib, ora gedib. O, çatanda artıq çoxlu sayda polis maşınları, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində olub: “Mən meyitin üzünü görmədim. Elçin adlı prokuror dedi ki, sizin uşaqdı. Meyitin üstünü bağlamışdılar. Ayaqqabısının tayından tanıdım. Gedib atasına da mən xəbər verdim. Axşam 11-ə işləmiş olardı, atası gəldi. Atası da meyitin üzünü görmədi. Üstünü bağlamışdılar”.
Əmisinin sözlərinə görə, uşaq itkin olan vaxtlarda kənddəki bəzi evlərdə axtarış aparıblar. Amma İlkin Süleymanovgilin evinə baxmayıblar: “Onun əmisi oğlu Murad polis əməkdaşı idi. Ona görə baxmadıq”.
Hakim soruşub ki, onların evinə baxmağa hər hansı qadağa var idimi? Arif Quliyev cavabında deyib ki, istəsəydilər, baxa bilərdilər, heç bir qadağa yox idi.
Amma istintaqdakı ifadəsində iddia edib ki, Murad Süleymanov onları başqa səmtə yönləndirirdi.
İlkin Süleymanovun cinayət işində ziddiyyətli məsələlərdən biri də onun nə vaxt saxlanmasıdır. Özü deyir ki, yanvarın 6-da saxlanılıb, cinayət işinin materiallarında isə onun yanvarın 10-da tutulduğu yazılıb. İlkin Süleymanovun sözlərinə görə, 4 gün ərzində o, Tovuz Rayon Polis Şöbəsində ağlasığmaz işgəncələrə məruz qalıb. Ona görə həmin günlərdə saxlanmasını rəsmiləşdirməyiblər.
Arif Quliyev də məhkəmədə təsdiqləyib ki, İlkin Süleymanov yanvarın 6-da tutulub: “İlkini həmin gün polis şöbəsinə aparmışdılar. Sonradan da mən onu görmədim. Kim idi məni polis şöbəsinə buraxan?..”
Şahid suallara cavabında bildirib ki, uşaq itkin olduğu vaxtda kəndin içində bir neçə dəfə İlkin Süleymanovu görüb. İş materiallarında isə yazılıb ki, Nərmin itkin olduğu vaxt İlkin onu nəzarətsiz qoymayıb.
Məhkəmə prosesi noyabrın 2-də digər şahidlərin ifadələrilə davam edəcək.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib, yandırıb.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.