Şahid: “Uşaq itkin olduğu vaxt İlkin Süleymanov günortadan gecə 1-də qədər toyda olub, orada pul siyahısı yazıb”
Tovuz rayonunun Dondar Quşçu kəndində 2 il yarım əvvəl 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları davam edir. Budəfəki məhkəmə iclasında dindirmələr zamanı azyaşlının qohumlarının dediklərilə bağlı daha bir ziddiyyət üzə çıxıb.
Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə keçirilən məhkəmə iclasında iki məktəbli – Şəmsiyyə Abdiyeva və Sevinc Abdullayeva ifadə verib. Onlar Nərmin Quliyeva itkin düşdüyü gün onu bir əmisigilin evinin yaxınlığında görüblər.
Nərmin Quliyevanın qohumları ifadələrində onun 2019-cu il noyabrın 21-də saat 14.00-14.30 radələrində bir əmisigilə gəlib gödəkçəni verdiyini, oradan çıxıb üzbəüzdə yaşayan digər əmisigildən də başqa bir gödəkçəni götürüb dərhal getdiyini iddia edir. Əmisinin həyat yoldaşı Nailə Quliyeva məhkəmədə konkret deyib ki, Nərmin onlara gələndə saat 14.30 idi. Hətta yanmış meyitin üzərində olan geyimləri (ayaqqabının üstündəki naxışa qədər) sadalayaraq deyib ki, yadında qalıb, onlara gələndə Nərminin əynində bu paltarlar vardı.
Hərçənd, həmin Nailə Quliyeva istintaqa ifadələrində o gün ümumiyyətlə, Nərmini görmədiyini bildirib. Deyib ki, uşaq onun yoldaşına məxsus gödəkçəni gətirib verəndə başı bir gün əvvəl qızının toyundan qalan tör-töküntünü yığışdırmağa qarışmışdı, ona görə xəbəri olmayıb.
İttihamda da iddia olunur ki, İlkin Süleymanov uşağı saat 15 radələrində oğurlayıb.
Lakin məhkəmədə dindirilən məktəblilər Nərmini axşamüstü saat 16.00-17.00 arası əmisigilin evinin yanında gördüyünü deyirlər. Uşaqlar bu dediklərini konkret sübutla əsaslandırıblar.
“Biz hazırlıqdan çıxıb gəlirdik. Hazırlığımız saat 4-də bitir. Müəllim bizi ondan sonra buraxır. Biz müəllimin evindən çıxıb bir xeyli gəlmişdik. Nərmini gördük. Onun yanından keçəndən sonra kənddəki çoban Malışla rastlaşdıq…”, – hər iki məktəbli belə deyib.
Hazırda yol qəzasına görə həbsdə olan şahid Zakir Vəliyev də məhkəmədə şahid qismində dindirilib. O bildirib ki, uşaq itkin olduğu və Süleymanovlara məxsus evdə saxlandığı iddia olunan 47 gün ərzində dəfələrlə İlkinlə görüşüb. Onun sözlərinə görə, o müddətdə İlkin dəfələrlə toy, yas məclislərində olub:
“Dekabrın 16-da İlkinlə birlikdə ciyəraxşamında olmuşam, Ertəsi gün də toy idi. Toy günorta saat 2-də başlayırdı. Siyahı yazmaq İlkinə tapşırılmışdı. Ona görə tez getdik. Biz axşam saat 10-da qayıtdıq, İlkin isə pul siyahısı yazdığına görə gecə saat 1-ə qədər qalmışdı. Onu sonradan gecə saat 1-də toy sahibi Kamran özü evlərinə aparmışdı…”
Cinayət işinin materiallarında İlkin Süleymanovun 2020-ci il yanvarın 10-da saxlandığı göstərilsə də, indiyədək məhkəmədə dindirilən bütün şahidlər onun yanvarın 6-da – yanmış meyit tapılandan dərhal sonra polisə aparıldığını və ondan sonra buraxılmadığını bildiriblər. Zakir Vəliyev də bunu təsdiqləyib. O bildirib ki, onun özünü də yanvarın 7-də Tovuz rayon Polis Şöbəsinə aparıb hədələyiblər. Həmin vaxt İlkin Süleymanov da orada olub:
“Rəis müavini Şahlar Cəfərov deyirdi ki, sən öldürmüsən, sən yandırmısan? Dedim ki, mən uşağı niyə öldürüm axı? İlkinin də üstünə qışqırırdılar”.
Məhkəmə prosesi aprelin 15-də davam edəcək.
1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. İttihama əsasən, o, sinif yoldaşı Şərif Quliyevin ailəsi, uşaqları olduğuna görə onu qısqanıb, buna görə də onun qızı Nərmini oğurlayaraq, 47 gün sonra qətlə yetirib.
İlkin Süleymanov isə azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.