Bu gunlərdə atanın komputerdəki yazılar arxivinə göz gəzdirirdim. Təsadüfən, mediaya çıxmamış yazılarını gördüm. O yazılar Nərgiz bizi tərk etməmişdən öncə yazılmışdı. Onların eləcə arxivdə qalmasını istəmədim. Bu, Tofiq Yaqubunun Nərgizin ölümündən əvvəl yazdığı yazıdır…
Nigar Yaqublu
Şərtimiz yerindədir də. Demişdim ki, arada bir köşənin əsas mövzusuna keçməzdən əvvəl KİV-də işlədilən, doğma türkcəmizə uyuşmayan ifadələrdən yazacam. Bu dəfə “ölçü götürmək” ifadəsi haqqında fikirlərimi bidirirəm. Həmin ifadə ruscadakı “priniyat merı” ifadəsinin mexaniki tərcüməsindən başqa bir şey deyil. Mənası da “tədbir görmək” kimi anlaşılır. İndi özünüz deyin, “nöqsanın aradan qaldırılması üçün ölçü götürüləcək” cümləsi doğrudur, yoxsa “nöqsanın aradan qaldırılması üçün tədbir görüləcək”? Yəqin ki, nə demək istədiyimi izah edə bildim.
Əqidəli nidaçı, yeriyən kompüter və canlı ensiklopediyamız İlkin Rüstəmzadə haqda mətbuatda şarj-fason bir yazı getmişdi. Ona sanki ikinci nəfəs gəlib. Demişdim axı, o sekulyardır. Dindarlarla mübahisə etməyi xoşlayır. Elə dünən belə bir mübahisənin şahidi oldum. Dindar qardaşımız İlkin bəyə (kimə, kimə İlkinə?!) izah etmək, daha doğrusu inandırmaq istəyirdi ki, onun sağlamlığı Allahdan asılıdır.
İlkin də çox məntiqlə cavab verirdi ki, insanın sağlamlığı 3 amildən asılıdır. Tibb elminin ümumi inkişafından, xəstənin müraciət etdiyi tibb müəssəsinin və mütəxəssisinin səviyyəsindən, bir də xəstənin maddi imkanından. Əgər xəstə xərçəngə mübtəla olubsa və hətta metastaz mərhələsindədirsə, artıq ona nə göydən, nə də yerdən kömək olacaq. Ancaq onun xəstəliyi ürəklə bağlıdırsa və tibb elminin son nailiyyətləri əsasında mürəkkəb əməliyyat tələb edirsə, burada mənzərə başqa cürdür. Əgər həmin xəstə Somalidə yaşayırsa, kasıb kəndlidirsə,
Allahdan ona heç bir kömək olmayacaq və öləcək. Həmin xəstənin nə qədər əməli-saleh olmasının, iman gətirməsinin, dini ayələri dəqiqliklə yerinə yetirməsinin və s. heç bir rolu olmayacaq. Çünki Somalidə səhiyyə sistemi az inkişaf edib və həmin kasıb kəndçinin müraciət etdiyi kasıb klinikada ona heç bir köməklik olmaycaq.
Amma Yaponya kəndlisi belə bir xəstəliyə tutulsa, onun sağ qalma şansı daha yüksəkdir. Çünki Yaponiya səhiyyə sistemi çox inkişaf edib. Üstəlik, Yaponiya varlı ölkə olduğundan, onun kəndlisi də Somali kəndlisinə nəzərən çox varlıdır. O, həm varının, həm də ölkədəki çox gəlişmiş tibbi sığorta sisteminin hesabına çox yüksək səviyyəli bir klinikada müalicə olunacaq və yaşamağa davam edəcək. Bu zaman bütpərəst və ya ateist olması ona heç bir maneçilik törətməyəcək.
Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə orta ömür uzunluğu 83-85 yaş, geridə qalmış (əsasən də müsəlman ölkələri) ölkələrdə isə 50-55 yaş civarındadır. Əlbəttə ki, bu Allahın bəzi ölkələrdə yaşayanlara çox, digərlərində yaşayanlara az ömür ayırması ilə yox, həmin ölkələrdə tibbin, səhiyyə sisteminin, ümumiyyətlə, həyat səviyyəsinin necə olması ilə bağlıdır.
Dindar qardaşımız İlkin bəyin bu kəskin məntiq və dəlilərinin qarşısında təslim olmağa tələsmirdi, O, cavab tapmağa çətinlik çəkirdi, mətləbə dəxli olmayan şeylər deyirdi. Birdən o, lap tutarlı cavab tapmış kimi dedi ki. Allah dərd verirsə, dərmanını da verir. Ilkini ele bil od götürdü. Dedi ki, müalicə olunan xəstəliklərin dərmanlarını alimlər ömür-günlərini çürüdə-çürüdə labarotoriyalarda tapıblar, özü də qeyri-müsəlman ölkələrdə. Lap tutaq ki, qripin dərmanını insanlara Allah verib, bəs xərçəngin dərmanı haradadır onda?
Bu sual İlkinin rəqibinə əks hücüm üçün əla material verdi. O dedi ki, sən Süleyman Dəmirəldən tez-tez misal çəkərək, deyirsən ki, demokrasidə çarə tükənməz. Əgər elədirsə, niyə demokratik ölkələrdə xərçəngə çarə tapa bilmirlər? İlkin sanki bayaqdan bu sualı gözləyirmiş kimi bu cür sual verdiyinə görə müsahibinə təşəkkür etdi. Dedi ki, əlbəttə ki, demokrasi hər şeyin, o cümlədən xəstəliklərin çarəsidir. Çünki məhz demokrasinin mövcud olduğu ölkələrdə insanlar firəvan yaşayırlar, normal qidalanırlar, normal istirahət edirlər, normal tibbi xidməti alırlar və hökumət tərfindən ciddi himayə edilirlər.
Üstəlik, belə ölkələrdə tibb və səhiyyə sisteminin inkişafı üçün əla imkan yaranır. Son nəticədə də demokrasinin həm də insan xəstəliklərinin çarəsi olduğunu görürük. Bir az keçəcək xərçəngin də dərmanı tapılacaq. Ancaq bu dərmanı tibb alimləri gərgin əmək sayəsində tapacaqlar. Bu qədər izahdan sonra İlkinin rəqibi təslim olmurdu, müqavimət göstərirdi. Dedi ki, həkim, dərman, tibb elmi zad boş şeydir. Şəfanı verən Allahdır. Həkim isə vasitədir.
İlkin bu izahın qarşısında xeyli güldü. Dedi qardaşım, sən lap ATV-dəki Zaur Baxşəliyev kimi danışırsan. Verlişində ona-buna yalvarıb, manat-manat pul toplayır və illərdir yerli klinikalarda sürünən və dərdinə əlac tapmayan xəstəni İsrailə müalicəyə göndərir, xəstə orada “lənətlənmiş” yahudi həkimin əlindən şəfa tapır. O, isə bunu Allahın lütfü hesab edib ona şükürlər yağdırır, yazıq həkimə quruca sağ ol da demir.
Sual olunur, niyə Allah öz yerli həkimlərimizi həmin xəstənin sağalması üçün vasitə, səbəb etmədi, amma “lənətlənmiş” yahudini etdi? Məsələ çox sadədir, İsraildə tibb bizdən çox inkişaf edib. Yadında saxla, demokrasi olan ölkələrdə təkcə fərdlərin yox, həm də cəmiyyətin sağlamlığı qorunur. Baxın, demokrasi olmayan ölkələrdə insanlar bir-birini qırırlar, hətta ən qorxulu epidemiyalardan da çox. Demokrasi olan ölkələrdə isə insanlar can deyib, can eşidirlər, Sizcə, belə vəziyyəti kim yaradıb. Əlbəttə ki, insan özləri. Tanırının görmədiyi işləri onuna dına yazmaq olmaz.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir…