Mütəxəssislər əlil şəxslərin işlə təminat hüququnun pozulduğunu deyirlər
“Orta ixtisas təhsilimi bitirəndən sonra dörd il işsiz qaldım. Bütün dövlət qurumlarına müraciət etdim, ancaq “iş yoxdur, olanda xəbər edərik ” bəhanəsi ilə uzaqlaşdırıldım. Birbaşa deməsələr də, əlilliyimi bəhanə etdiklərini hiss edirdim. Fiziki əlil ola bilərəm, amma mənim də hamı kimi arzularım var, işləmək də hüququmdur”.
29 yaşlı Nərgiz Səmədova bir yaşında yoxlanış edilmədən vurulan peyvənddən iflic olub.
Uzunmüddətli bahalı müalicələr ayaqlarındakı problemi aradan qaldırsa da, sol qolunun iflici hələ də ona sevdiyi işi görməkdə çətinlik yaradır.
Muzey işi və Abidələrin Mühafizəsi ixtisası üzrə orta ixtisas təhsili olsa da, uyğun iş tapa bilməyib.
Əlilliyini əsas gətirib işlə təmin etməkdən imtina ediblər. Məhz buna görə 6 il öncə əlillik qrupunu könüllü olaraq II qrupdan III qrupa dəyişdirib.
Hazırda “Dost İş” mərkəzində yaradıcılıq – əl işləri ilə məşğul olur:
“Əlil olsam da, özümə inamlıyam. İnadla 2017-ci ildə öz ərizəmlə II qrupdan imtina etdim ki, iş tapa bilim. İmtinadan sonra öncə rayon Gənclər evində işə düzəldim. İlk maaşım əlli manat idi, onu da 3-4 aydan bir alırdım. Evdən verilən yol pulu və bu maaşla qaşıqla rəngli muncuqlar, parça aldım və evdən gizli işdə əl işləri üzərində çalışmağa başladım. Həm ailəm istedadıma inanmırdı ki, bacarmazsan, həm də səhhətimlə dolayı sol əlimi işlədə bilmirdim. Qorxurdular ki, yenidən iflic olaram. Hətta qoluma görə valideynlərim rəqsə, şahmata belə getməyə icazə vermədi ki, bacarmazsan”.
“Orta məktəbdə təhsil alanda əmək təlimi dərsində fərqlənirdim. Muncuqla müxtəlif işlər hazırlamaq 2017-ci ilin yayında təsadüfi alındı. İlk böyük işimi 20 günə bitirəndə təəccübləndilər ki, bunu necə bacardım. Hətta bu illər ərzində gizlin təlim və layihələrdə iştirak edib özümü inkişaf etdirirdim. Bunun üçün insanlardan nə qədər xahişlərim olub. Hazırda minimum əməkhaqqı alıram ki, maaşın çox hissəsini əl işlərimin ləvazimatlarına xərcləyirəm. Çox işləyə bilmirəm, çünki tonus qolumda ciddi problem yaradır. Ancaq aya 3-4 iş üzərində çalışıb hazır edə bilirəm”, – Nərgiz belə deyir.
“İşimə, istedadıma çox maneələr oldu”
Onun sözlərinə görə, ən uzun işi 20 gün, ən qısa işi 7 saat çəkib. Ən baha əl işini 100 manata satıb.
Qiraət qabiliyyəti də var ki, ölkədə və bölgələrdə keçirilən sərgi, yarmarkalarda, inklüziv yaradıcılıq mərkəzinin təlim və müsabiqələrində iştirak edib.
Orada əl işlərini, istedadını nümayiş etdirib, qalib olaraq müəyyən avadanlıqlarla da təmin edilib.
Nərgiz Səmədova deyir ki, muncuqları layihələrdən pulsuz əldə etsə də, parça və çərçivələri almalı olur. O, tullantılardan da maraqlı əl işləri hazırlayır. Orta ölçülü işləri 50 manata, iri ölçülü işləri 100-150 manatadır.
Amma indi əngəlləri və çətinlikləri çoxdur. Çünki tək fiziki əngəlli olduğu üçün deyil, uğursuz ailə həyatı da ona çətinliklər yaradır:
“Ailə həyatım da əlilliyimə görə alınmadı. 26 yaşında ailə qurdum, 5 ay sonra ayrılmalı oldum. Özüm kimi bir şəxslə ailə qursam da, anlaşa bilmədik. İşimə, istedadıma çox maneələr oldu. Əl işlərim, dünyagörüşüm, arzularım onları qorxutdu. Tamamilə evə qapadılmışdım. Evdə gizlicə əl işləri hazırlayırdım. Ayrılandan sonra könüllü fəaliyyətlə özgüvənim geri döndü. Ancaq mentalitet, əlillik, ayrılmış qadın qısnaması ailəmin də qadağalar qoymasına səbəb olur. Zamanla əzmim, öyrənmək amacım, əl işlərim, qazancım ailəmin də mənə inamını artırır”.
O, hələ də maneələrin olduğunu deyir. Ailəsi hətta onun ali təhsil almaq arzusunu da gerçəkləşdirməyə imkan verməyib:
“Bir müsabiqədə iştirak edib seçildim. Türkiyəyə getməli idim, ailəm qoymadı. Ali təhsil üçün sənədlərimi verdim, Lənkəran Dövlət Universitetinin dizayner fakultəsinə qəbul oldum. Ailəm yenə icazə vermədi. Hətta öz həyatımdan bəhs edən “Ömür yolu” adlı hekayələr toplusu yazdım, çapa göndərmişəm. Yaxın zamanda çap olunacaq. Fərqli istedadlarımı üzə çıxarmağa çalışıram”.
“Qadınlara mane olmaq yox, kömək etmək lazımdır”
Nərgizin gördüyü işlər isə belədir: öncə rəsmlər parça üzərinə həkk olunur, ardınca rəngli muncuqlar iynə ilə cizgilər üzərində düzülür və beləcə bir müddətdən sonra çərçivədə hansısa bir əsər hazır olur. Bütün bu incəlikləri isə sağ qolu ilə həyata keçirir.
Dediyinə görə, 105 əsər hazırlayıb ki, çoxu muncuqla hazırlanan əl işləridir. Bu isə səbr və diqqət tələb edir. Amma hədəfləri də böyükdür:
“Dərzi kimi bir ay da özümü sınadım, hətta maşınla da təmin olunmuşam. Peşəkar dərzi sirlərinə yiyələnmək, dizayn vermək istəyirəm. Gələcək hədəflərim ali təhsil almaq, əl işlərimi artırmaq, təkmilləşmək, öz bisnesimi qurmaq və İnkluziv Yaradıcılıq Mərkəzi açmaqdır. Özüm kimi və məndən çətin, köməksiz durumda olan qadınları, xüsusilə əlil qadınları bu mərkəzə cəlb etmək, onlara dəstək olmaqdır. Qadınlara mane olmaq yox, kömək etmək lazımdır. Mənim kimi qorxa-qorxa işləməsinlər, seçildiyi layihələrdən, təlimlərdən geri qalmasınlar”.
“Ali təhsil almaq şansımı bir dəfə əlimdən aldılar. Bu dəfə mən bunu qazanmaq istəyirəm və bu il sənədlərimi yenidən verəcəyəm. Gələcək butik və inklüziv mərkəzim üçün ali təhsilim vacibdir. Bir portetim vardı ki, ona muncuq tapa bilmədim. Sifarişlə Moskvadan gətirdilər, bir qaşığı 150 manata idi. Əsər hazır olanda seçilirdi. Düşündüm ki, peşəkar iş seçildiyi kimi, təhsilli, inkişaf etmiş insan da daim seçilir. Demək, inkişafa doğru mütləq dəyişmək lazımdır. Bu da təhsildən və dəstəkdən keçir. O dəstəyi biz qadınlara ailə və dövlət verməlidir” , – deyə Nərgiz Səmədova qeyd edir.
Ölkədə əlil şəxslərin iş problemi uzun müddətdir ki, mövcuddur.
Ən son statistik məlumata görə, ölkədə 502.056 əlilliyi olan şəxsdən 216.870 nəfəri qadındır. Ölkədə əlilliyə görə əmək pensiyası alanların 50.2 faizini qadınlar təşkil edir.
Dövlət Məşğulluq Agentliyinin məlumatına görə, son altı ildə 6635 nəfər əlil şəxs kvota üzrə işlə təmin olunub.
Dövlət Məşğulluq Agentliyindən bildirilir ki, sosial cəhətdən həssas, zorakılığa məruz qalmış əlilliyi olan şəxslərin, xüsusilə qadınların iş yerləri ilə təmin olunması, gəlir əldə etmək imkanlarının yaradılması istiqamətində beynəlxalq təşkilatların dəstəyi ilə bir sıra layihələr həyata keçirilib və keçirilməkdədir. Ancaq həmin layihələrin nəticələrinə və son statistik məlumatlara nəzər salanda layihələrin az sayda əlil qadınları əhatə etdiyini görmək olur.
Qurumdan qeyd edirlər ki, son beş ildə 3710 nəfər əlilliyi olan qadın işlə təmin edilib, onun da 80%-i regionların payına düşüb. Peşə hazırlığı kurslarında isə üstünlük paytaxtda yaşayan əlil qadınlara verilib:
“Təkcə bu ilin ilk 9 ayı ərzində 1710 nəfər əlilliyi olan qadın işlə təmin edilib. Son 5 ildə “Məşğulluq haqqında” Qanunda nəzərdə tutulan kvota üzrə 662 nəfər əlilliyi olan qadın işlə təmin olunub. Onların 479 nəfəri bu ilin payına düşür. Kvota üzrə işlə təmin olunan əlilliyi olan qadınların 48 faizi Bakının, qalanı isə regionların payına düşür. Əlilliyi olan qadınlar Özünüməşğulluq proqramının icrasında da özünəməxsus yer tutur”.
“Son 5 ildə 1505 nəfər əlilliyi olan qadın özünüməşğulluq proqramına cəlb edilmiş və müraciət etdikləri zərflər üzrə aktivlərlə təmin olunub. Onların təxminən 10 faizini paytaxtda yaşayanlar, 90 faizini isə regionda yaşayanlar təşkil edir. 2023-cü ilin ilk 11 ayı ərzində bu kateqoriyadan olan 203 nəfər Özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunub. Əlilliyi olan qadınlara müvafiq bilik və bacarıq verməklə əmək bazarına uyğun kadr hazırlamaq məqsədilə son 3 ildə 233 nəfər əlilliyi olan qadın Dövlət Məşğulluq Agentliyi tərəfindən ödənişsiz peşə hazırlığı kurslarına cəlb edilib. Təkcə bu il peşə kurslarına cəlb edilənlərin sayı 130 nəfərdir. Onların 45 faizi paytaxt Bakının payına düşür”, – deyə qurumdan Meydan TV-nin sorğusuna verilən cavabda vurğulanır.
Mütəxəssislər də bu statistik göstəricinin ölkədə əlil şəxslərin, xüsusilə qadınların say nisbətinə müqayisədə az olduğunu bildirir.
“Əlillərin birmənalı ağır təhlükəli və zərərli işə cəlb edilməsi isə qadağandır”
Hüquqşünas Azər Quliyev Meydan TV-yə deyib ki, Əmək Məcəlləsində əlil və məhdud əmək qabiliyyətli şəxslər üçün güzəşt və təminatlar nəzərdə tutulsa da, bir çox əlil şəxslərin əmək hüquqları ciddi şəkildə pozulur:
“Birincisi, bu imtiyazlar və əlavə təminatlar ayrıseçkilik hesab edilmir. Əlilliyi olan şəxslər digər şəxslərlə bərabər əmək fəaliyyəti ilə məşğul ola bilər. İşçilərin sayı 100-dən çox olan idarə və müəssisələrdə işçilərin orta illik siyahısının 2.5 faizi əlilliyi olan şəxslər olmalıdır. Onlara əmək məzuniyyəti 42 təqvim günü verilməlidir. Gecə vaxtı işlərə özünün və aidiyyəti qurumun yazılı razılığı olduğu təqdirdə cəlb edilə bilər. Peşələri və peşəkarlıq səviyyələri eyni olduqda əlil olan şəxslər işdə saxlanılmalıdır”.
“Sağlamlıqları, bilik və bacarıqları imkan verildiyi təqdirdə əlillər vəzifədə irəli çəkilə və başqa işlə təmin oluna bilər. Əlillərin birmənalı ağır təhlükəli və zərərli işə cəlb edilməsi isə qadağandır. Bu tələbləri pozan, onlar üçün güzəşt və təminatları təmin etməyən işəgötürənlər: maddi, mənəvi, inzibati və cinayət məsuliyyəti daşıyır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunda iş yerlərinin ayırmamağa və yenilərini təşkil etməməyə görə 300 manatdan 500 manatadək cərimə var. Ancaq buna rəğmən çox əlil şəxs iş tapmaqda, işlə təminatda çətinliklər yaşayır”, – hüquqşünas qeyd edib.
“Qanunla hər 25 işçidən biri əlil şəxs olmalıdır”
Sosioloq Əhməd Rəhmanov isə deyir ki, son on ildə əmək qanunvericiliyində edilən çoxsaylı dəyişiklik əlillərin hüquqlarının müdafiəsinə xidmət etmir.
Onun sözlərinə görə, əlillərin işlə təminatı və müəssisələrdə iş yerlərinin şəraiti ilə bağlı monitorinq aparılmır, hər hansı bir müəssisənin kvota ayırmadığına görə cəzalandırılmasına rast gəlinmir:
“Əlilliyin hüquqlarının müdafiəsi məsələsində məşğul olan bir qurum yoxdur. Əvvəllər Əmək Müfəttişliyi nəzarət edən qurum kimi son 3-4 ildə iş yerlərində monitorinq aparmayıb. Prezident qərarını əsas gətirib deyirlər ki, yersiz yoxlamalara icazə yoxdur. Buna görə iş yerlərində əlil şəxslərin işlə təminatı, onlara iş yerlərinin ayrılması kimi hüquqları pozulur. Ya əlilliyi olan şəxslərin işlə təminatı hansı vəziyyətdə olması və əlil vətəndaşın müraciəti ilə yoxlamalar olmalıdır ki, müəssisələrdə vəziyyəti bilək. Heç bir orqan yoxdur ki, bunu yoxlasın”.
Sosioloqun fikrincə, əvvələr bu işə Dövlət Əmək Müfəttişliyi və Həmkarlar Komitəsi birgə nəzarət edib:
“Həmkarlar Komitəsi indi “göndəriş” alveri ilə məşğuldur. Son altı ayda “Azəriqaz” İstehsalat Birliyindən 8 nəfər əlil şəxs işdən qeyri-qanuni azad olunub. Məhz əlilliyinə görə. Sənədlərinə də elə yazıblar. Bu işçilər illərlə Həmkarlar Komitəsinə pul ödəyir, Əmək Müfəttişliyində qeydiyyatdadırlar. Əvvəllər əlillərin işlə bağlı kvotası vardı. Hər bir idarəyə əlil şəxslərin də işə cəlb olunması üçün o kvota tətbiq olunmalıdır. Qanunla hər 25 işçidən biri əlil şəxs olmalıdır. Müəssisə bunu təmin etmirsə, orta əməkhaqqının iki misli qədər, əlilliyi olan şəxsin işdən kənarlaşdırılmasına görə isə orta əməkhaqqının dörd misli qədər cərimə tətbiq olunmalıdır. Üstəlik, illik müəssisədə o iş yeri təmin olunmadığına görə, yəni boş qaldığı üçün müəssisə rəhbərinə cərimə tətbiq olunmalıdır. Amma bu cəza qanunvericilikdə ixtisara salınıb”.
“”Əmək qabiliyyətini itirib” adı ilə işdən çıxarırlar”
Sosioloq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə irad və təkliflərini bildirsə də, nazirlik müəssisəyə cərimə tətbiq edilməsini uyğun saymayıb:
“Deyirlər ki, yüksək məbləğdə cərimə ilə müəssisələr iflas edə bilər. Müəssisə də bağlananda işçilərin hamısı işsiz qalır. Bu, məntiqli çıxış yolu deyil. Bu, əslində əlilliyi olan şəxslərə sui qəsddir. Mütləq monitorinqlər keçirilməsi və müəssisələrdə əlil şəxslərin iş şəraiti, təminatı, iş yerləri, işdən çıxarılanların hüquqi səbəbi araşdırılmalıdır. Monitorinq və cəza yoxdur deyə əlil şəxslərin işlə təminat hüququ ciddi pozulur. Çoxunu “yoxlama yoxdur” deyə müəyyən müddətdən sonra “əmək qabiliyyətini itirib” adı ilə işdən çıxarırlar. Amma sənədi açanda baxırsan ki, əlil şəxsin adı bu müddət ərzində heç bulletendə olmayıb”.
“Bilirlər ki, cəzasız qalacaq, ona görə də özbaşınalıqlar edirlər. Məhkəməyə verəndə də əlil şəxslər süründürülür. Xüsusilə də əlilliyi olan qadınlar daha çox əziyyət çəkirlər. İş axtaran əlilliyi olan şəxslər, yəni qadınlar vaxtilə qadın əməyinin tətbiqi qadağan olunduğu işlərə cəlb olunur ki, bu da əlilin iş şəraitində hüquq pozuntusudur. İndi bu qadağa aradan götürülüb deyə iş axtaran tərəfindən əlil qadına imtina etsin deyə belə ağır işlər təklif olunur. Bu isə yolverilməzdir”, – sosioloq deyir.
“Təhsil, işlə təminat hüquqlarımız ciddi şəkildə qorunsun”
Nərgizin arzuları da böyükdür, ancaq ölkədə əlil şəxslərə münasibətin dəyişməsini istəyir:
“İstəyirəm ki, əlilliyinə görə kimsə, xüsusilə qadınlar işsiz qalmasın, niyə illərlə iş axtarışında olaq, niyə minumum əməkhaqqı olan xidməti işlərdə çalışaq. Niyə işə görə əllilik dərəcəsindən imtina edim? Təhsil, işlə təminat hüquqlarımız ciddi şəkildə qorunsun. Arzularımza gedən yolda mentalitet və cəmiyyət də maneələr yaratmasın”.