”Nərgiz” mükafatı jurnalist Sevinc Vaqifqızına verildi

Mükafat jurnalistin anasına təqdim olundu

Mərhum ictimai fəal Nərgiz Yaqublunun adına təsis edilən mükafat 2023-cü ildə jurnalist Sevinc Vaqifqızına (Abbasova) verilib.

 Hazırda həbsdə olan jurnalist Sevinc Vaqifqızı “AbzasMedia”nın baş redaktorudur. O, qaçaqmalçılıqda ittiham edilir. Özü isə həbsinin sırf korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildirib. İttiham olunduğu maddə ilə o, 5 ildən 8 ilədək azadlıqdan məhrum edilə bilər.

 Mükafatın Sevinc Vaqifqızına verilməsi bu gün, dekabrın 23-də Müsavat Partiyasının qərargahında keçirilən mərasimdə açıqlanıb. Mükafat Sevinc Vaqifqızının anasına təqdim edilib.

  “Nərgiz” mükafatı 2015-ci ildə hepatit xəstəliyindən vəfat etmiş gənc ictimai fəal Nərgiz Yaqublunun xatirəsinə təsis edilib.

Mükafat 2016-cı ildən bəri həbsdə olan bir sıra ictimai fəala verilib.

 “AbzasMedia” ilə bağlı cinayət işi üzrə öncə noyabrın 20-də səhər saat 5 radələrində nəşrin direktoru Ülvi Həsənli saxlanılıb. Həmin gün onun evində və “AbzasMedia”-nın ofisində axtarışlar aparılıb və ofisdən 40 min avro pul tapıldığı iddia edilib. Ardından noyabrın 20-də direktor müavini Məhəmməd Kekalov, 21-nə keçən gecə xaricdən qayıdanda hava limanında təyyarənin içində Sevinc Vaqifqızı saxlanılıb. Bir müddət sonra jurnalist Nərgiz Absalamova, ardınca da dekabrın 13-də Hafiz Babalı tutulub. Onların hamısına Cinayət Məcəlləsinin 206.3.2 (öncədən əlbir bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 5 ildən 8 ilədək həbs cəzası nəzərdə tutulub. Adları çəkilən şəxslərin heç biri özünü təqsirli bilmir. Ülvi Həsənli “AbzasMedia”-nın ofisində pul olmadığını, oradan tapıldığı iddia edən 40 min avronu polislərin özlərinin oraya atdığını bəyan edib.

Ana səhifəSiyasət”Nərgiz” mükafatı jurnalist Sevinc Vaqifqızına verildi