Nəqliyyat nazirinin keçmiş müşaviri məhkəmənin qapalı keçirilməsini istədi

”Vəkil Adəm Məmmədov yalan məlumatları mətbuata ötürür”

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə


”Vəkil Adəm Məmmədov yalan məlumatları mətbuata ötürür”

Dekabrın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin sabiq nəzarətçisi, 58 yaşlı Salyan rayon sakini Rövşən Əhmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məlumatına görə, hakim Rasim Sadıqovun sədrlik etdiyi iclasda zərərçəkmiş Çingiz Baxşıyevin vəkili Paşa Səfərli vəsatətlə çıxış edib. O bildirib ki, prosesdə verilən ifadələrdə Çingiz Baxşıyevin kommersiya və ailə sirləri açıqlandığına görə bu məsələlərin mətbuata çıxarılmasını istəmirlər. Vəkil buna görə iclasın qapalı keçirilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili Adəm Məmmədov isə vəsatətə münasibət bildirərək qeyd edib ki, cinayət işi mənimsəmə ilə bağlıdır və heç bir kommersiya və ailə sirrindən söhbət getmir: “Əgər bu məhkəmə prosesi qapalı keçirilərsə, ictimaiyyətdə belə bir rəy yaranacaq ki, böyük imkanlara malik olan Çingiz Baxşıyevin bu işə təsiri var. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayacaq. Prosesin qapalı keçirilməsinə heç bir əsas görmürəm. Çingiz Baxşıyevi başa düşürəm, qızılların dəyəri çoxdur”.

A. Məmmədov vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edib.

Vəsatətə münasibət bildirən Çingiz Baxşıyev isə deyib ki, məhkəmə prosesi başlayandan mətbuatda onun haqqında qərəzli məlumat yazılır:

“Səkkiz aydır iclas başlayıb. Vəkil Adəm Məmmədov yalan məlumatları mətbuata ötürür. Jurnalistlər də onları yazıb, məni ittiham edirlər”.

Hakim Rasim Sadıqov isə ona xəbərdarlıq edərək deyib ki, bu sübutu olmayan məlumatdır və vəkil haqqında bu cür danışmaq olmaz.

Daha sonra hakimlər qərarı açıqlayıblar. Qərara görə, vəsatətə təmin edilib və jurnalistlər zaldan çıxarılıblar.

Rövşən Əhmədov nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilir. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunur. Törətdiyi əmələ görə 18 aprel 2016-cı ildə Rövşən Əhmədova qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. Barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs- qətimkan tədbiri seçilib. Sonradan cinayət işinin istintaqının davam etdirilməsi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq şöbəsinə həvalə olunub və 17 sentyabr 2016-cı ildə ona Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilib. İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl manetləri ələ keçirib.

Çingiz Baxşiyev Nəqliyyat nazirinin müşaviri olmazdan əvvəl isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi vəzifəsində işləyib.

Ana səhifəXəbərlərNəqliyyat nazirinin keçmiş müşaviri məhkəmənin qapalı keçirilməsini istədi