Avtobusların bu ayın sonundan etibarən kart sisteminə keçəcəyi bildirilir
Martın 1-dən Bakıda avtobuslarda “Nəqliyyat kartı” ilə ödənişə keçid nəzərdə tutulurdu. Plastik kartlarla ödənişin tətbiqi yenə təxirə salınıb. Bu dəfə Nəqliyyat Nazirliyi ayın sonunu vəd edir.
Avtobuslarda nağdsız ödəniş Nəqliyyatın İntellektual İdarəedilməsi Sisteminin tətbiqi çərçivəsində 2011-ci ilin fevralından həyata keçirilməli idi. Proses 2014-cü ilin mayında başladı. Sərnişinlərə gediş haqqını istədiyi kimi – nağd və ya kartla ödəməyə icazə verildi. Ancaq sərnişinlər şikayət edirdi ki, bir sıra hallarda ödəniş etsələr də, bu, ekranlarda əksini tapmır.
“Turan” İA-nin məlumatına görə, I Avropa Oyunları ilə əlaqədar plastik kartlarla ödənişin tətbiqi icbari olacaq. Tədbirə gələn qonaqlara Fransadan xüsusi olaraq gətirilən 300-dən çox avtobus xidmət edəcək.
Əcnəbilərin rahatlığı üçün Nəqliyyatın İntellektual İdarəedilməsi Sistemi avtobuslarda Wi-Fi sistemi tətbiq edəcək. Nəqliyyat Nazirliyinin mətbuat xidmətindən “Turan”a bildirilib ki, qonaqlar gedəndən sonra da sistem işləyə bilər.