Nəqliyyat dövriyyəsində qeyri-leqal 150 milyon manat var

2011-ci ildə “Bakı Sərnişin Nəqliyyatı” 7,7 mln, 2012-ci ildə 2,6 mln manat ziyanla işləyib.

Source:


2011-ci ildə “Bakı Sərnişin Nəqliyyatı” 7,7 mln, 2012-ci ildə 2,6 mln manat ziyanla işləyib.

“Turan İA” Nazirlər Kabinetinin aprelin 14-də “BakuBus” MMC yaradılması barədə qərarını şərh edib. Agentlik hesab edir ki, hökumət yeni müəssisənin yaradılmasının məqsədini dəqiq izah etmir: “Əgər cəmi 200 avtobus alındığını nəzərə alsaq, anlamaq olar ki, yeni şirkət Avropa Olimpiya Oyunlarına xidmət edəcək. Yeni şirkət üçün bu il 30 milyon manat ayrılıb. Amma istisna olunmur ki, daha çox avtobus ayrılacaq. Ötən ilin fevralın 2-də Avropa Olimpiya Oyunlarının keçirilməsi  üzrə təşkilat komitəsinin iclasında nəqliyyat naziri Ziya Məmmədov bəyan etmişdi ki, Bakıda sərnişinlərin ehtiyacı üçün daha 1200 avtobus lazımdır. Ona görə bundan sonra 5 dəfə çox avtobus alınacağını gözləmək olar”.

“Turan İA” bildirir ki, Nazirlər Kabineti  “BakuBus” MMC yaradılması barədə qərarını beynəlxalq standartlara uyğun xidmətin təşkili, texniki və ekoloji təhlükəsizliklə bağlayır. Belə əsaslandırmalar əvvəlki illər də səslənib, işlər əldən ələ keçsə də, nə ekoloji, nə də komfort cəhətdən heç nə dəyişməyib. Nazirlər Kabinetinin qərarının əsas motivi paytaxtda ictimai nəqliyyata nəzarətin başqasına keçməsi ilə bağlı ola bilər. Maraqlıdır ki, yeni müəssisə Nəqliyyat Nazirliyi yanında yaradılmayıb. Şəhər nəqliyyatının paytaxt meriyasına qaytarılması və 2015-ci ilin oyunlarına yaxın prosesin güclənməsini gözləmək olar.

Agentlik xatırladır ki, 2006-cı ildə şəhər nəqliyyatının idarə  edilməsi prezidentin qərarı ilə paytaxt meriyasından alınıb Nəqliyyat Nazirliyinə verilmişdi. Əgər əvvəllər avtobusları marşrut sahibləri alırdısa, indi “Bakı Sərnişin Nəqliyyatı” MMC, “Transgate” və başqa şirkətlər üçün dövlət vəsaitləri ilə alınıb. Kiçik avtobus şirkətləri və marşrut sahiblərini məcbur edirdilər ki, avtoparkı yeniləsinlər. Xətlərdən 2000 avtobus çıxarılmışdı. Rəsmi məlumata görə, paytaxtda sərnişinlərə 30 kiçik və 2 iri avtobus müəssisəsi xidmət edir ki, onların 2300 avtobusu var: “Böyük miqdarda qeyri-leqal vəsait Nəqliyyat Nazirliyinin nəzarətinə keçdi. Bu gün bu dövriyyənin həcmi 150 milyon manat qiymətləndirilir.  Məbləğ bu göstəricilərdən yaranır: Nəqliyyat Nazirliyinin məlumatına görə, Bakıda 2800 avtobus fəaliyyət göstərir. Sürücülər bildirir ki, gündə 150 manat (yanacaq və başqa xərclər daxil deyil) plan verirlər. Nəticədə 150 milyon alınır (2800 avtobus Х 150 plan Х 365 gün).  “DAEWOO” avtobusları 70 min manata alınıb. Onları 2007-2009-cu illərdə alıblar. Sayı məlum deyil. O vaxtkı planlara əsasən,  1 min orta və böyük avtobus alınmalı idi. Belə qiymət və gəlirlərlə o vaxt ildə  1 min avtobus almaq olardı. Amma bu, baş vermədi. Avtobuslar sərnişinlə ifrat dərəcədə doldurulur, antisanitariya var, cədvələ əməl olunmur, sürücülərin mədəniyyəti aşağıdır”. Maraqlıdır ki, böyük gəlirlərə baxmayaraq, 2011-ci ildə “Bakı Sərnişin Nəqliyyatı” 7,7 mln, 2012-ci ildə 2,6 mln manat ziyanla işləyib-deyə agentlik hesab edir.

2006-cı ildə “Turan İA” direktoru Mehman Əliyev Bakı ŞİH Nəqliyyat departamenti ləğv ediləndə nəqliyyat naziri Ziya Məmmədova məktub göndərib, səhmdarının istənilən vətəndaş ola biləcəyi “İctimai Nəqliyyat Şirkəti” yaratmağı təklif edib. Bu həm investisiya cəlb edər, həm də nəqliyyata ictimai nəzarəti təmin edərdi. Nəqliyyat Nazirliyi cavab verəcəyini bildirsə də, sözünə əməl etməyib. Bir ay sonra məktub ölkə prezidentinə göndərilib, amma yenə cavab verilməyib. Nəticədə sərnişinlər bu günkü vəziyyətlə üzləşiblər.

Ana səhifəXəbərlərNəqliyyat dövriyyəsində qeyri-leqal 150 milyon manat var