Parlament binası, siyasətçilərin və məmurların villaları yandırıldı, baş nazir və digər məmurlar döyüldü, dünənə qədər onları müdafiə etmək üçün xalqa silah açan polis də idarəçiləri qoruya bilmədi.
Qəzəbli Nepal xalqı paytaxt Kathmandunu alovlara qərq edib. Etirazlar hökumətin sosial şəbəkələri bloklamasından sonra başlasa da, bu, Nepal xalqı üçün sadəcə “son damla” idi. Onların etirazlarının mərkəzində korrupsiya və qudurğan məmurlar dayanır. Etirazlara Z nəsli öncüllük edir və onlar Nepo Uşaqları adlı xüsusi qrupa qəzəblidirlər.
Bu qrup nepotizm – qohumbazlığa görə irəli çəkilən, korrupsiyaya bulaşmış zəngin siyasətçilərin övladlarıdır. Onlar lüks əşyalarını, bahalı tətillərini TikTok-da sərgiləyir, daha aşağı gəlirli gənclər, tələbələr isə bu pulların hardan gəldiyini sorğulayır. #NepoKids həştəqi sosial şəbəkə trendlərində zirvəyə çıxıb.
Nepal xalqı gəlir bərabərsizliyinin real səbəblərini sorğulayır. Etirazların ilk günündə polis 19 etirazçını öldürəndən sonra gənclər geri çəkilmədi, ardınca baş nazir Kxadqa PrasadP Şarma Oli istefa verməyə məcbur qaldı. Bu gün ən az iki etirazçının da öldürüldüyü bildirilir.
Himalay ölkəsinin sakinləri daha sonra sosial şəbəkə qadağasının ləğvinə də nail oldular. Amma hökumət üçün artıq çox gec idi. Etirazçılar Baş naziri və ailəsinin evinə daxil oldular, zorakılığa əl atdılar. Bundan başqa, rabitə naziri, daxili İşlər naziri, və enerji nazirinin villaları da bənzər şəkildə yandırıldı.