Nənəmin xatirəsinə

Bəzi uşaqlar olur ki, onları valideynlərindən daha çox baba-nənələri əzizləyir, qayğısına qalır, nazlayır, ərköyünlüyünə dözür.

Source:
Günel Mövlud
Günel Mövlud
Günel Mövlud – Banner
Günel Mövlud – Banner

Bəzi uşaqlar olur ki, onları valideynlərindən daha çox baba-nənələri əzizləyir, qayğısına qalır, nazlayır, ərköyünlüyünə dözür. Mənim nənə-babalarım belə olmayıb. Hərəsinin məndən başqa 30-dan çox nəvəsi olub, bu otuz nəvəyə olan diqqətlərini, sevgilərini böləndə, özümə çox xırda bir şey çatıb. Həm də nəvə əzizləmək, nazını çəkmək bir az da imkana, şəraitə bağlı bir şeydi. Mənim iluzunu dağda, mal-qaranın qulluğunda olan tərəkəmə baba-nənələrimin nə imkanı, nə də şəraitləri olub nəvə əzizləməyə. Təzə doğulan quzu, ikigünlük buzov ölməsin, sağ qalıb, böyüsün deyə onlara bizdən daha çox qayğı göstəriblər məvcbur olaraq.

Biz də baba-nənə qayğısı olaraq, hərdən dağdan göndərdikləri təzə pendirlə, qaymaqla yetinmişik, başqa da heç nə ummamışıq.

Xüsusi qayğı görməsəm də, ana nənəmə çox bağlı olmuşam. Bəlkə də ona görə ki, onunla sıx, gündəlik münasibətlərimiz, ünsiyyətimiz mən artıq gənc qız olandan sonra başlayıb. Ağlım tam kəsən, insanı, insanın taleyini, kədərini, faciəsini anlaya bilən, insan əzabına ürəkdən yana bilən bir vaxtımda.

Onun bir də yox, bir neçə romanlıq faciəvi taleyini həzm etmək olmurdu. Körpə yaşlarından anasını, sonra atasını itirmişdi. Sonra iki qardaşı müharibəyə gedib, bir daha qayıtmamışdı. Yetim uşaq olaraq, sığındığı adamların bir parça çörək qarşılığında ona verdikləri işgəncələr, təhqirlər. Gənc qız olanda qəfildən özündən böyük, ana kimi bağlandığı bacısı qəfil ölmüşdü. Həmin gün aldığı şokdan qulaqları tutulmuşdu. Sonra da ömürboyu ərindən, qaynanasından yediyi kötəklər, təhqirlər… Qocalana qədər davam edən ağır, məşəqqətli iş, qar-boran, günün qızmarı demədən çöllərdə, mal-qaranın yanında keçən ömür.

Ağlım kəsəndən onu xəstə, təzyiq, şəkər xəstəsi, qulaqları və ayaqları tutulmuş, dişləri tökülmüş görmüşəm. Yanında gəzdirdiyi dərman torbası onun üçün dünyanın ən qorunmalı xəzinəsi idi. Yeməkdən çox dərman yeyirdi. İluzunu yağsız, duzsuz, ətsiz yemək yeyir, pəhrizdə olurdu. Çay əvəzinə otlar dəmləyib içirdi. Yarıoturulu, sərinkeşin pərlərini düz üzünə tutub, səhərə qədər diksinə-diksinə yatırdı. Daim beyni uğuldayırdı. Acı xatirələr, qorxulu yuxular ona əzab verirdi. Qulaqları tutulduğundan, otaqda danışılanların çoxunu eşitmirdi. Beləcə, gerçək dünyadan təcrid olunmuş, öz xatirələr dünyasında, itirdiyi doğmalarını xatırlayıb ağlaya-ağlaya yaşayırdı.

Amma onun məni ən pis kövrəldən tərəfi sonsuz mütiliyi idi. Yəqin ki, heç kim, bircə nəfər də olsun, onun nəyəsə etiraz elədiyini, səsini qaldırdığını, əsəbiləşdiyini görməmişdi. Özündən böyük, ya kiçik, kim olur-olsun, nənəm heç vaxt heç kimin sözünün qarşısına söz deməmiş, buna heç vaxt cəsarət etməmişdi. Uşaqlığından, gəncliyindən canına hopmuş qorxu onu ölən günə qədər təqib etdi və o, bu qorxudan heç vaxt xilas olmadı.

Onun həm fiziki, həm mənəvi ağrıları, ümidsizliyi, köməksizliyi nənəmə qarşı güclü bir mərhəmət hissi oyadırdı məndə. Nə vaxt boş gün, boş həftə tapdım, yanına qaçırdım. Qan işləməyən ayaqlarını, qollarını ovmaqla, meyvələri, tərəvəzləri rahat yeyə bilsin deyə sürtkəcdən keçirib verməklə, meyvə şirələri çəkib, duru yeməklər bişirməklə, havaya çıxartmaqla, çimizdirməklə, geyinməyinə kömək etməklə birtəhər əzablarını yüngülləşdirmək istəyirdim, çalışırdım ki, heç olmasa özünü tək, köməksiz hiss eləməsin.

O, tək qalmaqdan dəhşəti dərəcədə qorxurdu. Yatdığı otaqda mütləq başqa bir adam da yatmalıydı, oturduğu otaqda mütləq başqa adam da oturmalı idi. Hətta bir dəqiqəlik belə başqa otağa keçirdiksə, o, mütləq arxamızca gəlirdi. Yay-qış belindən açmadığı şalının arasından hərdən taxta peçenye, əzik konfetlər, cır alma çıxarıb bizə verirdi. O biri nəvələri gülsə də, mən heç vaxt gülmürdüm, verdiklərini çayla elə yanındaca iştahla yeyirdim.

Nənəm mentalitet məsələlərində bir az fərqli qadın idi. Altı qızı olsa da, heç birinin ərə getməyini istəmir, onlardan ayrılmağı çox ağrılı qarşılayırdı. Həmişə anama deyirdi ki, bircə qızın var, ərə getmək istəmir, lap yaxşı, qoy otursun səninlə, heç vaxt qızından ayrılmayacaqsan, bəyəm pisdir. Kaş, siz də heç biriniz ərə getməyəydiz, hamınız indi yanımda olardınız. Həmişə anama və xalalarıma təkid edirdi ki, qızlarınızı oxudun, oxudun ki, əllərinin sənəti olsun, ər əlinə baxmasınlar.

Onunla son görüşümüzü unuda bilmirəm. Gecə o yatadan sonra evlərinə getmişdim, səhər xəbər tutmuşdu gəlişimdən. Səhər saat 8-dən gəlib çarpayımın kənarında oturaraq, oyanmağımı gözləmişdi. O biri nəvələri məni oyatmaq istəsələr də, nənəm dəyməyin, o, çox işləyir, qoy nə vaxt yuxudan doyur, həmin vaxt oyansın deyib, düz saat 11-ə qədər çarpayımın kənarında səssiz-səmirsiz oturub, oyanmağımı gözləmişdi.

Nənəm birdən-birə yadıma düşmədi. Əslində, ölümlərin və ayrılıqların mənə uzun müddətliyə unutdura bilmədiyi tək insandır nənəm. Mən onu, daha doğrusu onun itki, əzab, kədər, xəstəliklərlə dolu taleyini unuda bilmirəm. Həyatda ən çox təəssüfləndiyim şeylərdən biri ona kömək edə bilməməyimdir. Öləndə yanında ola bilməmiyimi, ömrü boyu çəkdiyi ağrılarını azalda bilməməyimi, onun qaranlqla dolu taleyinə bir ovuc işıq səpə bilməməyimi həzm edə bilmirəm.

Bəli, bu həyatdır. Biz işləyirik, ora-bura qaçırıq, daha yaxşı həyat, daha çox rifah, daha bol rahatıq axtarırıq. Amma bəzə unuduruq ki, əsl mənəvi rifahı, mənəvi rahatlığı, mənəvi şuxluğu bizə verən insanlardan kəsdiyimiz vaxt hesabına edirik bütün bunları. Halbuki, bizi öz ünsiyyəti, öz varlıqları ilə xoşbəxt, rahat edən insanları itirəndən sonra dünyanın heç bir rifahı, rahatlığı bizi xoşbəxt edə bilməyəcək.

Ana səhifəMənim FikrimcəNənəmin xatirəsinə