Nənəm və Heydər Əliyev

Mən öz fərdi tariximi yazıram

Source:

Nənəmə sual edirəm, “Stalin öləndə nə etdiz?” Sualı düşünmədən, dərhal  cavablayır: “Ağladıq. Rayonun mərkəzinə topladılar bizi, sonra da radiodan Stalinin öldüyünü xəbər verdilər. Biz də ağladıq, hamımız ağladıq” Bu, onun üçün son dərəcə təbii, anlaşılan cavabdır. İzah etməyi ağlından belə keçirmir. Mən anlamağa çalışıram: “Niyə ağlayırdız?”…   – “Necə yəni niyə? Stalin ölmüşdü, Stalin! Axı, biz həyatımızın onsuz necə davam edəcəyini bilmirdik, biz ondan sonra necə yaşıyasıydıq?!”

Dəcəliyimə salıram, “Allah kimi idi, hə?”

Sovetlər dağılandan sonra yaşlı nəslin çox bir çox nümayəndəsi Sovetlərin ateist aparatının qorxusundan, qismən formlaşdırılmış ictimai qınaqdan çəkinərək yalnız dərinliklərində gizlətdikləri müsəlman kimliklərinə qayıdış elədi. Nənəm bir xeyli əhli-kef adam olduğundan, ərəb əli çatmadığı dağ rayonunda doğulub böyüdüyündən, dinə, onun rituallarına qayıtmadı, amma müsəlman kimliyini yenidən şəkilləndirdi, bir az da deyəsən Allaha inanmağa başladı. Yaşlı insandır, anlaşılandır.

Sualım ona görə bir az qıcıqlandırıcı olur. Amma o, sakit formada, “hə, o bizim üçün Allah idi”.

Yadıma Heydər Əliyevin bir müsahibəsi düşür. Stalinlə bağlı ona oxşar sual verən jurnalist mənim nənəmdən aldığım cavabın eynisin alır. Stalin, nənəmlə Heydər Əliyevi eyni düşünməyə, hiss etməyə məcbur edən adam olub. Qəribə səslənir, fərqindəyəm. Amma o dövrdə əksəriyyət belə hiss edib.

Stalin – tanrını (konsept olaraq) şəxsləşdirmiş insan. Onu göydən yerə dartıb gətirən adam. Ruhani təhsili olduğundan, kütlənin arxetiplərini mahircə idarə edən tiran. Kütlənin gözündə mərhəmətli, qəddar, bir sözlə tanrı. O indiki nəslə niyə maraqlı olsun ki?


Repressiya Muzeyi

Tiflisdə diqqətimi çəkən o oldu ki, hər yerdə Stalinin həyatına həsr olunmuş kitablar satılır. Yalnız jurnal, qəzet satan yeraltı keçidlərində Stalinə aid kitabların da, piştaxtada özünə yer tutması, gürcünün Stalinə münasibətini qismən izah edir. Söhbət edə bildiyim gürcü gənclərinin çoxu Stalini sevmir, yaşlı nəsil isə ya neytral yanaşır ya da, onu əsl lider sayır. Ola bilsin yaşlılar arasında Stalin repressiyasını birbaşa və ya dolayı dadmış adamla rastlaşmamışam hələ. Fərdi yaşantı əsasında insanlar (“insan əclaf məxluqdu”), xalqlar (“erməni qansızdır”), cinslər (“qadın ağılsızdır”) vəs haqqında formalaşan önyarğıların tələsinə düşməkdən qaçmağa çalışıram. Rastlaşdığım bir-iki gürcü Stalinə rəğbət bəsləyib deyə, “bütün gürcülər Stalini sevir” deyə bir yanlışlığa düşməmək üçün sorğulara baxıram. Son keçirilmiş sorğularda, insanların Stalinə olan simpatiya faizi çoxdur.

Deyilənlərə görə Stalin repressiyada gürcülərə qarşı daha amansız olub, çünki o istəmirdi ki, Sovetlərdə onun gürcü olması ona problem yaşatsın. Nə qədər doğru və ya yanlışdır bilmirəm.

Qəribə şəkil görürəm, 9 may Qələbə Günü, brend markalardan olan “Ermenegildo Zegna” Rustaveli prospektində yerləşən mağazasının küçəyə baxan şüşlərinin birində, üç İkinci Dünya müharibəsinin qalibləri olan Stalin, Ruzvelt, Çörçilin böyüdülmüş birgə şəklini asıb. Nəyə işarə edir?

Şhota Rustavelli küçəsi boyu üzü aşağı, Meydana tərəf gedirəm. Yolun sol tərəfində Gürcüstan Milli Müzeyi yerləşir. İçəri daxil olub, “Repressiya Müzeyinin” (adının sonradan səhv eşitdiyimi anladım) harda olduğun soruşuram. Müzeyin dördüncü mərtəbəsinə qalxmalı olduğumu deyirlər. Yavaş-yavaş dördüncü mərtəbəyə qalxıram amma lövhədə yazılıb: “Soviet Occupation Museum 1921-1991” (Sovet İşğalı Müzeyi – 1921 -1991). Burada sərgilənən eksponatların çoxu işğaldan daha çox Sovet dövründə repressiyaya məruz qalmış məşhur gürcülər haqqındadır. Stalinin personası qədər, onun etdikləri də gürcünün kimliyinə dərin təsiri olub. Hazırda Stalinin şəxsiyyəti gürcünün özünü də çaş-baş salıb. Yeni və köhnə nəsin atışma zonasına çevrilib. Bu yeni Gürcüstanın müzeyidir, onu yenidən quranların, şəkilləndirənlərin. Bu müzey gürcüyə yeni həyatı anlamağa, gedəcəyi yolu aydınlaşdırmağa çalışır. Bu Müzeyin verdiyi mesaj ona o yolu göstərir.


İnsanlar xatirələrindən, xalqlar tarixindən ibarətdir

Bu yazıda mənə maraqlı olan Stalinin personası, gürcünün ona münasibəti deyil. Mətləbi uzadıram ki, hər şey daha aydın olsun. Stalin mənim üçün müəyyən zaman daxilində insanları birləşdirən hadisə, fenomendir.  Nənəmlə, Heydər Əliyevi birləşdirən, onları eyni duymağa, eyni hiss etməyə vadar edən tarixdir o.

Mən onları anlaya bilmirəm. Nənəm, Heydər Əliyev zamanın o tərəfində qalıb. Əl çatmaz, ün yetməz. Amma mən onlara yol tapıb onlarla qırılmış bağları bərpa etmək istəyirəm. Proustvari “İtmiş zamanın axtarışında” ki kimi yola qoyulmuşam. Keçmişi xırdalamaqla məşğulam. Yol göstərənim azdır, çox az…

Hamıda olub bu, gecənin bir aləmi yuxudan oyanırsan amma bir neçə saniyə ərzində kim olduğunu belə xatırlamırsan. Müəyyən zaman keçir, sənin yadına düşən ilk xatirə sənin adını, kimliyini özünə xatırladır. Sən bərpa olursan, bütövləşirsən. İnsanın kimliyini, özünü müəyyən edən onun xatirələridir. Xatirələri insandan qov, yerinə boş bir şey qalacaq. Xaqlar da belədir, onun tarixini əlindən al, onu poz, onu yazma ortada quruca addan başqa heç nə qalmayacaq.

Stalin, onun repressiyası Azərbaycan xalqının da xatirəsidir. Onun kimliyində böyük iz buraxan hadisədir. İlk müsətəqil cumhuriyyətimiz də elədir, Dağlıq Qarabağ da elədir, Sovetdən müstəqilliyə keçid də elədir. Elçibəyin Kələkiyə gedişi (qaçışı – tərəfləri üzməmək üçün hər tərəfin şərhin verək), 2003 hadisələri, neftin gətirdiyi ilk böyük gəlirlər, ilk total seçki saxtakarlığı, ilk limitsiz prezidentliyə keçid, ilk kütləvi siyasi həbslər (siyahını çox uzatmaq olar) də iz qoyub, iz qoymaqda davam edir. Amma biz bu tarixi ədəbiyatlaşdıra, musiqiləşdirə, incəsənətləşdirə, bir sözlə tarixləşdirə bildikmi, bilrikmi? Geriyə dönüb baxdıqda, kitab rəfləri arasında gəzdikdə, internetdə zülm çəkə-çəkə axtardıqda və istədiyini tapmadıqda, bütün hadisələri unutduğumuzu, onları zamanda itirdiyimizi, hər gün bir yeni evdə oyandığımız kimi özümüz-özümüzə yadlaşdığımızı hiss edirik. Nənəmlə mənim təmasımın itməsinin səbəbi yazılmalı olan amma yazılmayan məlumatlardan qaynaqlanır.

Sofi Oksanen: “Boyun əymiş Finlandiya Sovet ittifaqının uğur tarixçəsidir” adlı kultura.az protalında getmiş məqaləsində deyir: “Şifahi ənənənin kitablaşması önəmli dönəm idi, bu — milli kimliyin təməl daşı idi. O zaman fin və estonlar dövləti olmayan xalqlar idi, lakin onlar mədəniyyətsiz və tarixsiz deyildilər. Bizim öz dilimiz və böyük milli hadisələrimiz olmuş, yeni doğulan ədəbiyyatda da özünü göstərmişdi. Tarixi və böyük hadisələri yazılmış xalqlar, tarixi və önəmli hadisələri yazılmamış xalqlardan həmişə daha yaşlıdır. Bu,o vaxt aydın dərk edildi”.

Mən demirəm, qədimliyimizi sübut etmək üçün tariximizi Azıx Mağarasındakı çənə sümüyündən başlayaq, biz Atropatenanı, Albaniyanı da qırağa qoya bilərik. Əsas odur, biz haradansa başlayırıq, yazırıq, dayanmadan yazırıq, analiz edirik, süzgəcdən keçiririk. Biz baş verən bütün hadisələri yazmalıyıq.

Niyə?

Seymur Baycan, yeni çıxmış “Adsız İtin Qayıdışı” adlı hekayələr kitabının arxa hissəsində yazır: “İki dövrün adamı olmaq çox çətindir. Bəzən nə qədər əlləşsən də, hansı dövrə aid olduğunu müəyyən edə bilmirsən…Bir gün taksi ilə şəhərin mərkəzindən Əhmədli qəzəbəsinə gedərkən, düz Qaqarin körpüsünün üstündə radioda eşitdiyim xəbər həyatımı iki yerə böldü: sovet vaxtı və sovetdən sonra…”

Seymur Baycan hazırda ən çox kitab nəşr etdirən az-maz yazıçılarımızdan biridir. O hətta məqalələrini də kitab halına salır. Bir dəfə ondan bunu nə üçün etdiyini soruşanda, “tarix üçün” dedi.  Qarabağ mövzusunu bədii ədəbiyyat edə bilən yeganə yazıçıdır hələ ki. Bu kitabı ilə bir çox insanı ağır Qarabağ yarasından qurtarmış adamdır. Seymur Baycan özünün kimliyini, bütövlüyün tapmaqla məşğuldur. O, fərdi olaraq qurtulub. Toplum isə yarımçıqdır.

Başına gələn hadisələri, yaşantıları tarixləşdirməyən xalqın millət olmaq iddası, dünyada özünə yer tutmaq istəyi, müstəqil olmaq arzusu, normal ölkə qurmaq istəyi çətindir, çox çətindir.

Həyatımı yuxarı çıxdıqca, pillələri qırılan nərdivan kimi hiss etmək istəmədiyimdən, mən özüm öz fərdi tariximi yazıram. Özümün düşə bilməyəcəyim gün gəldikdə, kimlərinsə o pilləkəndən düşüb mənə, mənim tarixi prizmamdan yaşadığım indiki dövrümə baş çəkə bilməsini istəyirəm. Bütün yaza bilən insanları da, peşəsinə uyğun olaraq tarixini (geniş anlamda) analiz edib yazmağa səsləyirəm. Bu psixoanalitik müalicə kimidir, insan danışdıqca xalq isə özünü yazdıqca yüngüləşir, qorxusundan, ürküsündən, ona irəliləməyə mane olan sarsıntılardan qurtulur. Onu narahat edən hadisələri aydın dərk etdiyi, oralarda ilişib qalmadığı üçün yeni yolunu da asanlıqla tapır. Bir sözlə, bu durulanmaqdı, aldığımız dərin yaraların sağalmasıdır.  Nəhayətdə, bu, həm də, millət ola bilmə deməkdir.


Yazıdakı fikirlər müəllifə məxsusdur və onlara görə Meydan TV məsuliyyət daşımır.

Ana səhifəMənim FikrimcəNənəm və Heydər Əliyev