Nemət Pənahlı hədələndiyini deyir

Partiya sədrinin şikayəti təmin olunmayıb

Nemət Pənahlı (arxiv foto)
Nemət Pənahlı (arxiv foto)
Nemət Pənahlı (arxiv foto)


Partiya sədrinin şikayəti təmin olunmayıb

Oktyabrın 18-də Bakı Apelyasiya Məhkəməsində Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının 30 günlük həbsi barədə Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş şikayətə baxılıb.

Hakim Mirzəli Abbasovun sədrliyilə keçirilən prosesdə oktyabrın 12-dən həbsdə olan Nemət Pənahlı özü də iştirak edib.

Onun vəkili Zibeydə Sadıqova vəsatət qaldıraraq bildirib ki, N.Pənahlı evinin qarşısında saxlanılaraq polis idarəsinə aparılıb. Müvəkkilinə qarşı irəli sürülmüş polisə müqavimət ittihamı əsassızdır. Vəkil N.Pənahlının yaşadığı binanın ətrafındakı obyektlərin kameralarının görüntülərinin alınması barədə vəsatət qaldırıb. Lakin vəsatət təmin olunmayıb.

Daha sonra N.Pənahlı çıxış edərək, polisə müqavimət göstərməsi barədə məhkəmə qərarında yazılanların həqiqətəuyğun olmadığını, mülki geyimli polislərin onu evinin qarşısında saxladığını bildirib. Nəsimi Rayon Polis İdarəsində hüquqlarının pozulduğunu, vəkilinin çağrılmadığını, ailə üzvlərilə əlaqə saxlamağa icazə verilmədiyini deyən N.Pənahlının sözlərinə görə, məruz qaldığı qanunsuzluqlara etiraz etməməsi üçün indi də hədələnir. Ona deyilir ki, etirazları davam etdirsə, haqqında cinayət işi başlana bilər.

N.Pənahlı onu da əlavə edib ki, həbsinin əsl səbəbi siyasi mövzularda açıqlamaları, xüsusən həbsindən bir gün öncəki müsahibəsidir. O bildirib ki, “Obyektiv TV”yə müsahibəsində prezidentin köməkçisi Əli Həsənovu, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin adını çəkib.

Daha sonra müşavirəyə gedən hakimlər bir neçə dəqiqə sonra geri qayıdaraq, şikayətin təmin olunmadığını açıqlayıblar.

Ana səhifəXəbərlərNemət Pənahlı hədələndiyini deyir