”Ötən ilin artımı son 10 ilin orta illk artım göstəricisini 2,4 dəfə üstələyib”
“Dövlət büdcə təşkilatlarında israfçılıq talan səviyyəsinə yüksəlib”.
Bu sözləri iqtisadçı Nemət Əliyev deyir.
İqtisadçı büdcədən maliyyələşən müəssisə və təşkilatların 2016-cı ildə 2 milyard kilovat/saatdan çox elektrik enerjisi istifadə etdiyini bildirib.
Nemət Əliyev “Facebook” səhifəsində rəsmi məlumatlar paylaşıb və onu inandırıcı hesab etmir.
O, müqayisə üçün bildirib ki, göstərdiyi rəqəm 1990-cı ildə 7 milyonluq əhalinin birillik istehlakından 2 dəfə çoxdur:
“1990-cı ildə əhalinin əsla enerji problemi olmayıb və bir milyard kilovat/saat elektrik enerjisi hesabına Ermənistan tərəfindən işğal olunmuş 20 faiz ərazilərimiz – Dağlıq Qarabağ, Laçın, Kəlbəcər, Ağdərə, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları da daxil olmaqla respublikanın bütün kəndlərini, rayon mərkəzlərini, şəhərləri gecə-gündüz işıqlandırmaq mümkün olub. Elə isə bu büdcə təşkilatları 2 dəfə artıq elektrik enerjisinin başına nə oyun açıb? Nəyə sərf ediblər o qədər enerjini? Ortada faydalı nəticələr olsaydı, bəlkə də fikir verməmək, üstündən keçmək olardı. Amma o da yoxdur, ölkə dərin böhrana yuvarlanıb”.
Nemət Əliyev deyib ki, büdcə təşkilatlarının israfçılıq səviyyəsi 2015-ci ilə nəzərən ötən il 200 milyon kilovat/saat və ya 11 faiz çoxalıb:
“Halbuki, son 10 ildə büdcə təşkilatlarının elektrik enerjisindən istifadə səviyyəsi hər il orta hesabla 83 milyon kilovat/saat artıb. Deməli, ötən ilin artımı son 10 ilin orta illk artım göstəricisini 2,4 dəfə üstələyib. Əgər dövlət büdcəsində elektrik enerjisi adına 2015-ci ildə 109 milyon manat vəsait ödənilmişdirsə, 2016-cı ildə 137 milyon manat ödənilib. Ötən il elektrik enerjisinə görə büdcədən əlavə olaraq 28 milyon manat və ya 26 faiz çox ödəmək lazım gəlib”.
“Dövlətin maliyyə vəsaitlərinə qənaət etməyin çox vacib olduğu bir dövrdə milyonlarla ölçüyə gələn israfçılıq qəti yolverilməzdir. Bunun adı cinayətdir. Bu gedişatla tənəzzülü durdurmaq olmaz” – iqtisadçı vurğulayıb.