Rövşən Ağayev: “Ayrı-ayrı sahələr üzrə qara iqtisadiyyatın payının nə qədər olduğu açıqlanmamalıdır”
İqtisadiyyat naziri Mikayıl Cabbarov “kölgə iqtisadiyyatı” ilə mübarizənin vacibliyi haqda açıqlama verib.
Bu barədə nazir “Facebook” səhifəsində yazıb:
“Ölkə iqtisadiyyatının strateji hədəflərinə yönələn vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalı, “kölgə iqtisadiyyatı” ilə mübarizə, ədalətli rəqabət mühitinin dəstəklənməsini davam etdirməliyik”.
Nazir 2020-ci ilin fiskal nəticələrinin bu tədbirlərin uğurlu olduğunu göstərdiyini bildirib.
AXCP sədrinin müavini, iqtisadçı Nemət Əliyev nazirin açıqlaması məzmun və forma baxımından normal adlandırıb.
O, Meydan TV-yə bildirib ki, Azərbaycanın inkişafını istəyən hamı “kölgə iqtisadiyyatı” ilə mübarizənin vacibliyini vurğulayır:
“Amma iqtisadiyyat naziri kimi Mikayıl Cabbarovun fərqli ondan ibarət olmalıdır ki, onlar bunu sözdə yox, əməldə ortaya qoymalıdırlar. Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinə yeni sədr təyin ediləndə vergidən yayınan idxal mallarının qeydə alınması istiqamətində müəyyən irəliləyişlər olsa da, davamlı xarakter almadı. Baxmayaraq ki, aralıq dövrdə korrupsiyaya, “gizli iqtisadiyyata” qarşı mübarizə aparıldı, amma davamı gəlmədi. Yaxud vergi ödəyicilərinin sayının artırılması ilə bağlı işlər görüldü. Yəqin nazir “kölgə iqtisadiyyatı” ilə mübarizənin nəticəsi kimi bunu ifadə edir ki, vergi ödəyicilərinin sayı artıb. Gerçəkdə fərqi mənzərə oldu, karantin elan olunanda hökumət şirnikləndirici təklif irəli sürdü ki, dövlətin sərt karantin zamanı maliyyə imkanlarından faydalanmaq istəyən sahibkarlar gəlib qeydiyyatdan keçsinlər. Məncə, xırda sahibkarların bir hissəsi dövlətin maliyyə imkanlarından faydalanmaq məqsədilə qeydiyyatdan keçiblər. Dəqiq araşdırma aparılsa, məlum olacaq ki, onların fəaliyyəti yoxdur. Ona görə də nazir Cabbarovun “kölgə iqtisadiyyatı” ilə mübarizə aparılır açıqlaması yaxşıdır, amma reallıqlarla səsləşmir”.
Bununla belə Nemət Əliyev düşünmür ki, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə aparılır: “Əlbəttə, müəyyən nəticələrin olmasını istisna etmək də mümkün deyil. Ancaq ciddi mübarizədən əsər-əlamət yoxdur. Baxın, icra başçılarının, sabiq nazirlərin həbsini rüşvətxorluğa qarşı mübarizənin tərkib hissəsi sayılır, amma bu qaydayla ciddi nəticələrə nail olmaq mümkün deyil”.
“Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin o vaxt ciddi nəticələrinin ola biləcəyi ehtimal olunur ki, bu, qanunvericiliyin bütün tələblərinə uyğun şəkildə bütün dövlət strukturları səviyyəsində həyaya keçsin”, – o bildirib.
İqtisadçı Rövşən Ağayev nazirin “kölgə iqtisadiyyatı” ilə mübarizə davam etdirilməlidir” açıqlamasına belə reaksiya verib:
“Əlbəttə, davam etdirilməlidir, mümkün olan ən aşağı həddə qədər məhdudlaşdırılmalıdır. Amma burda bir "əmma" var: nazir nədən "kölgə iqtisadiyyatı"nın real miqyasının nə qədər olduğunu açıqlamır cəmiyyətə? Eləcə də ayrı-ayrı sahələr üzrə qara iqtisadiyyatın payının nə qədər olduğu niyə açıqlanmamalıdır? Kölgədə gizlənən, müqaviləsiz işləyən faktiki muzdlu işçilərin mümkün sayı nə qədərdir? Onların hesabına rəsmiləşdirilməyən real əməkhaqqı fondu nə qədərdir? Biznesin gizlətdiyi real dövriyyə nə qədərdir, bu dövriyyədə real olaraq nə qədər mənfəət və vergi gizlənir? Niyə bu suallara cavab verən bir rəsmi araşdırma, bu araşdırmaya əsaslanan "kölgə iqtisadiyyatı ilə mübarizə strategiyası" olmamalıdır?”.
Rövşən Ağayev hesab edir ki, sadaladığı suallara cavab olmayandan sonra "kölgə iqtisadiyyatı" ilə mübarizə davam etdirilməlidir" bəyanatı çox sönük səslənir.