”Böhranın qarşısını almaq üçün bu gün daha böyük fədakarlıqlara zərurət yaranıb”
İqtisadçı Nemət Əliyev hesab edir ki, Azərbaycan hökumətinin iqtisadi tənəzzülün səngidilməsi yönündə addımlarına olan gözləntilər puça çıxıb: “Bu dağıdıcı proses daha dərinlərə işləməkdədir. İndi onun qarşısını almaq olduqca çətindir”.
Nemət Əliyev bu barədə öz “facebook” səhifəsində yazıb.
O, bildirib ki, iqtisadiyyata kapital qoyuluşu yanvar-iyul aylarında kəskin şəkildə azalıb. Bu göstərici üzrə ümumi azalma 4,4 milyard dollar və ya 46 faizdən çox olub. Azalma bütün sahələrə sirayət edib.
Yalnız bir sahə – “Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı” sahəsi istisna təşkil edib. Bu sahəyə investisiya qoyuluşu 20 faiz və ya 21 milyon manat artıb. Buna baxmayaraq, burada istehsal 113,7 milyon manat və ya 5 faiz azalıb. Elektrik enerjisinin yeddi aylıq istehsal həcmi isə qeyd edilən dövrdə 684,8 milyon kilovatt/saat aşağı düşüb. İstisna təşkil edən bu sahənin timsalında məlum olur ki, hazırkı şəraitdə yalnız kapital qoyuluşunun artması hesabına yaşanan tənəzzülü cilovlamaq mümkün deyil. Halbuki, bir müddət əvvəl çox vacib olan bu göstərici hesabına daha ciddi nəticələrə nail olmaq mümkün idi”.
İqtisadçı düşünür ki, hökumət zaman və daha əlverişli imkanları əldən verib. Böhranın qarşısını almaq üçün bu gün daha böyük fədakarlıqlara zərurət yaranıb.