”Ayrılmış xərclərin kəsirdə qalacağı gözlənilir”
“Hazırkı gedişat nikbin ovqat üçün ayaq yeri buraxmır. Çünki gəlirlər sürətlə azalmaqda, xərclər və problemlər sürətlə böyüməkdədir. İslahatların isə izi-tozu da görünmür”.
Bu sözləri iqtisadçı Nemət Əliyev öz Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, əgər bu ilin “yanvar-aprel” aylarındakı tərzi-hərəkət dəyişməzsə, o zaman ilin sonunadək iqtisadiyyatın maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılması nəzərdə tutulan maliyyə vəsaitləri daha 68 faiz azalacaq:
“Onu hesaba almaq lazımdır ki, iqtisadiyyatın maliyyələşdirilməsinə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitləri ötən ilə nəzərən bu il 46 faiz azaldılaraq 8,5 milyarddan 4,6 milyard manata endirilmişdi. İki dəfəyə yaxın azaldılmış həmin maliyyə vəsaitlərinin daha üçdən ikisinin ixtisar oluna biləcəyi ehtimalı çox böyüyüb.
Bu ilin dövlət büdcəsindən investisiya məqsədləri üçün 3 milyard manat xərcləmək nəzərdə tutulub. Artıq 4 ay ötüb. Ancaq büdcədən investisiya üçün vur-tut 246 milyon ayrılıb. Bu gedişatla 3 milyarddan 740 milyon və ya 75 faiz az yatırım etmək mümkün olacaq”.
İqtisadçı deyir ki, belə vəziyyətin yaranması olduqca fəlakətli nəticələrə gətirib çıxara bilər: “Yanlış iqtisadi siyasət nəticəsində xeyli dərəcədə zəiflədilmiş iqtisadi-biznes strukturlarının fəaliyyəti daha da sönə bilər.
İlin sonunadək dövlət büdcəsindən səhiyyənin maliyyələşdirilməsinə ayrılmış vəsaitlərin 51 faiz (420 milyon), təhsil xərclərinin 26 faiz (470 milyon), sosial müdafiə və sosial təminat xərclərinin 19 faiz (520 milyon), ümumdövlət xidmət xərclərinin 21 faiz (635 milyon), məhkəmə hakimiyyəti, hüquq – mühafizə və prokurorluq orqanlarına ayrılmış xərclərin 22 faiz (270 milyona yaxın) kəsirdə qalacağı gözlənilir.
Dövlət büdcəsində yaranmış bu gərgin vəziyyət hər kəs üçün, xüsusən də hökumət və parlament üçün ciddi siqnal sayılmalıdır. Fərqində olmaq lazımdır ki, həm siyasi, həm də iqtisadi mənalarda ciddi islahatların önünü açmadan, sahibkarların əl-qolunu bağlayan əməlləri durdurmadan dərinləşməkdə olan iqtisadi və sosial tənəzzülün zəiflədilməsi mümkün deyil”.