”Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası dalana dirənib”
İqtisadçı Nemət Əliyev iddia edir ki, büdcə adına böyük maliyyə vəsaitləri “silinə” bilər. Bunun üçün əlverişli zəmin yaranıb.
İqtisadçı bu barədə fikirlərini “Facebook” səhifəsində bölüşüb.
Onun fikrincə, Dövlət Neft Fondunun 2016-cı il büdcəsinin icrası dalana dirənib: “Sanki əsas yön, istiqamət itib. Burada biabırçı vəziyyət yaşanır. Uzun-uzadı müzakirələrdən sonra qərara alınıb ki, Neft Fondunun vəsaitləri hesabına bu il ərzində 10,7 milyard manat məbləğində maliyyələşmə həyata keçirilsin. O cümlədən, 7,6 milyard dövlət büdcəsinin maliyyələşdirilməsinə, 2,3 milyard Cənub Qaz Dəhlizi layihələrində Azərbaycanın iştirak payının maliyyələşdirilməsinə yönəldilməli idi.Bəs icra vəziyyəti nə yerdədir? Məlum olub ki, Neft Fondu ilin 6 ayında bütün istiqamətlər üzrə cəmi 2,3 milyard manatlıq maliyyələşmə həyata keçirib. Amma bu məbləğ 5,3 milyard olmalı idi ki, nəzərdə tutulan tədbirləri vaxtlı-vaxtında həyata keçirmək mümkün olsun. Lakin bu, baş verməyib. Odur ki, Neft Fondunun xərclər bölməsinin icrasında 57 faiz kəsir əmələ gəlib. Altı ay ötməsinə baxmayaraq, Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilməsi üçün büdcədə təsdiq olunmuş illik vəsaitin vur-tut 10 faizi istifadə olunub. 80 faiz kəsir də burada yaranıb. İyul ayında da oxşar vəziyyət davam edib. İlin ilk 7 ayında dövlət büdcəsinə 4,4 milyard əvəzinə cəmi 1,8 milyard manat və ya 60 faiz az vəsait transfer edilib”.
Nemət Əliyev ilin sonuna az vaxt qaldığını xatırladaraq bildirib ki, gedişat parlamentin, hökumətin qəbul etdiyi qərarların icra olunmayacağı ehtimalını gücləndirir: “Başqa sözlə, qalan müddətdə Fondun xərclər bölməsi üzrə təsdiq edilmiş öhdəlik və vəzifələrin normal şəkildə yerinə yetirilməsi mümkün deyil. Diqqəti cəlb edən də məsələnin bu tərəfidir. Belə vəziyyət büdcə adına böyük maliyyə vəsaitlərinin “silinməsi” ehtimalını xeyli dərəcədə yüksəldir”.