Nemət Əliyev: Bahalaşma bu şəkildə davam etsə, əhali müflis ola bilər

Deputat deyib ki, işçilərin əməkhaqqının azalması və qiymət artımının eyni qədər artması bir-biri ilə tərs mütənasibdir

Source: Specify Source


Vahid Əhmədov: "Qiymət artımı, inflyasiya varsa, maaş da artmalıdır"

Bu ilin yanvar-aprel aylarında yanacaq məhsulları orta hesabla 20 faiz bahalaşıb.

Soyuq su və kanalizasiya xidmətində 75, hava nəqliyyatı ilə sərnişindaşıma xidmətində 31 faiz qiymət artımı olub.

Dövlət Statistika Komitəsinin məlumatından belə aydın olur.

Bu dövr ərzində tütün və tütün məmulatlarının qiymətləri 10,4, meyvə 8,9, süd və süd məhsulları, yumurta 6,9 faiz bahalaşıb.

İqtisadçı Nemət Əliyev rəqəmlərə əsasən may ayında da bahalaşmanın davam etdiyini deyir: "Qiymətlərin meydan suladığı" bu ağır şəraitdə əhalinin nominal gəlirləri artmaq əvəzinə azalıb. Orta aylıq nominal əməkhaqqı göstəricisi rəsmən 4,2 faiz düşüb. Əgər bu sonuncu göstəricini istehlak qiymətlərinin “rəsmi 4 faizlik artımı” ilə müqayisə etsək, məlum olar ki, ölkədə həyat səviyyəsi 8 faiz pisləşib”.

"Deməli, əhalinin alıcılıq qabiliyyətinin pisləşməsinin qarşısını ala bilmədiyinə görə ötən dövrdə hökumətin sosial siyasəti də iflas edib. Belə bir vəziyyətdə hökumətin Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) istəkləri qarşısında rahatlıqla boyun əyməsi ölkədə həyat səviyyəsini daha da pisləşdirir və bu qaydada davamiyyət heç bir yaxşı perspektiv vəd eləmir”, – iqtisadçı belə düşünür.

Nemət Əliyev
Nemət Əliyev

Onun sözlərinə görə, açıqlanan rəsmi məlumatlardan məhsul bazarında 20, istehlak bazarında 16 faiz bahalaşma olduğu qənaətinə gəlib: "Bahalaşma bu şəkildə davam edərsə, bir müddət sonra əhali müflis ola bilər. Yalnız xaricdən gətirilən mallar Azərbaycanın ərzaq və qeyri-ərzaq bazarında 13 faizdən çox bahalaşma əmələ gətirib. Ona görə ki idxal mallarının toplu qiymətləri bu ilin yanvar-aprel dövründə 27 faizə yaxın artıb: {[27:(100:50)≈13,5%]. Burada “50”-idxalın faizlə çəkisidir”.

Nemət Əliyev deyir ki, xaricdən gələn mallarla bərabər yerli məhsulların da qiymətlərində artım olub: “Əgər idxaldakı bahalaşmanın azı 50 faizi qədər də yerli malların bahalaşmasını qəbul etsək (halbuki bu göstərici daha yüksəkdir), o zaman ümumi əmtəə bazarında qiymətlərin azı 20 faiz bahalaşması ilə hesablaşmaq lazımdır: [13,5+(13,5:2)≈20%]. Bu isə ölkədə istehlak bazarının 16 faizdən çox bahalaşması deməkdir: {[20:(100:81)≈16%]. Burada “81”- əmtəə bazarının istehlak bazarında faizlə çəkisidir”.

"Hər şeyin açıq şəkildə ortada olduğu bir zamanda hökumət bahalaşmanın cəmi 4 faiz olduğunu iddia edir", – deyə Nemət Əliyev bildirib.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədov bahalaşma ilə bağlı AzadlıqRadiosuna bildirib ki, hazırda koronavirus pandemiyası bitməyib və pandemiyanın gətirdiyi problemlər qalır: "Konkret olaraq, iş yerlərinin azalması problemləri, insanların hamısı işləmir. Ümumi Daxili Məhsulda da azalma var, nəticədə insanların maaşlarında da azalma yaranıb, qiymət artımı olub və bu gün də davam edir. Bunlar hamısı bir-biriylə əlaqəlidir. Ona görə yaranmış mövcud vəziyyəti adi hesab edirəm”.

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat deyib ki, işçilərin əməkhaqqının azalması və qiymət artımının eyni qədər artması bir-biri ilə tərs mütənasibdir: “Hökumət çalışmalıdır ki, belə olmasın, yəni qiymət artımı, inflyasiya varsa, maaş da artmalıdır. Məsələ ondadır ki, hazırda işğaldan azad olunan ərazilərdə çox böyük işlər gedir. Bununla belə hökumət əməkhaqqına diqqət yetirməlidir, çünki insanların yeganə gəlir mənbəyidir”.

2021-ci ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqısı əvvəlki ilin eyni dövrünə nisbətən 4,2 faiz azalaraq 713,2 manat olub.

Dövlət Statistika Komitəsinin ən son açıqladığı məlumatda belə deyilir. Həmin məlumatda o da qeyd olunub ki, bu ilin 3 ayında bahalaşma 4 faiz təşkil edib.

Ana səhifəSosialNemət Əliyev: Bahalaşma bu şəkildə davam etsə, əhali müflis ola bilər