”Nəinki dərmanları almağa pulum var, heç 20 qəpiyim də yoxdur”

“Bayramdır, gələnlər də tez gedib. Bir həftə sonra əlaqə saxlayın”.

Source: meydan.tv

Oğlunun xəstəlikdən əziyyət çəkdiyini deyən ana kömək istəyir

“Oğlumun ağır əqli geriliyi var. Buna görə pensiya almır, kəsmirlər. Dərmanlarını ala bilmədiyim üçün bütün günü qışqırır. Özümüz də kirayədə qalırıq, 6 aydır pulunu ödəyə bilmirik. İnanın, bu dəqiqə evimizdə bir tikə çörəyimiz də yoxdur”.

Ucarın Bərgüşad kəndinin sakini Ofeliya Məmmədova belə deyir. Bildirir ki, oğlu Natiq Məmmədov kəskin əqli gerilikdən əziyyət çəkir. İllərdir Ucar Rayon Mərkəzi Xəstəxanasında müalicə olunub. Xəstəxana son dövrlərə qədər ona lazım olan əsas iki dərmanı pulsuz verirmiş. Son bir neçə aydır ki, kəsib, artıq özünüz pulla alın deyib. Ana deyir ki, nəinki dərmanları almağa pulu var, heç evində 20 qəpiyi də yoxdur. Nəticədə oğlu günü-gündən pisləşir, ağırlaşır.

image00004.jpeg
Natiq Məmmədov

“Qonşular da narahat olur. Günaşırı deyirlər ki, belə olmaz, buna bir çarə tap. Daha deyə bilmirəm ki, dərmanı bitib, almağa da pul yoxdur. Belə çıxır ki, hökumətin bu uşaqdan xəbəri yoxdur. İki dərman verirdi, onu da kəsdi. Pensiya isə düzəlmir. Uşağa qrup vermirlər. Halbuki ağır ruhi xəstədir”.

O.Məmmədova deyir ki, Natiq anadangəlmə xəstədir. Ancaq onun xəstəliyini gec anlayıblar. Ana uşağı dünyaya gətirəndə özündə də bəzi problemlər çıxıb. Aylarla müalicə alıb, xəstəxanada yatıb:

“2-3 yaşında fərqinə vardım ki, bu uşaq heç ana da demir. Uşaqda ciddi problemlər olduğunun gec fərqinə vardım. Üstəlik, özünü bilmir, hissiyyatsızdır. İnanın xəstəxanaya verməyə də ürəyim gəlmir. Heç kimə etibar etmirəm, özümdən başqa. Nə də onsuz qala bilmərəm. Ona görə kənddə evimi atıb gəlib Ucarın mərkəzində kirayə qalıram ki, vəziyyəti ağırlaşanda həkimə apara bilim. Bu dövlət nə mənim uşağıma əlillik qrupu verir, nə də dərmanla təmin edir”. (edited)

image00001.jpeg
Ofeliya Məmmədova

Ana deyir ki, nə də onu tək qoyub işləyə bilmir. Çünki tək qalanda özünə xəsarət yetirir:

“Bir dəfə bilməmişəm, tək qoyub həyətə enmişdim. Gəldim ki, atasının üzqırxanı ilə özünü nə günə qoyub. Qanın içində idi. Məncə, ağrı da hiss etmir. Mən onu tək qoyub, işləyə də bilmirəm. Yoxsa gedib, fəhləlik edərəm. Atası onsuz da fəhlədir. Bakı bazarlarında araba sürür, yük daşıyır. Vallah, mən də edərəm, ancaq onu tək qoymaq mümkün deyil. Dəfələrlə baş həkimin yanına aparmışam ki, buna bir dioqnoz qoy, pensiya kəsilsin. O da müraciət edib, sənəd verib, xeyri yoxdur. Aidiyyatı qurumlar işimə baxmır. Ya da deyirlər, get işini Bakıda həll et. Çox kasıbıq, yolpulunu haradan alaq? Gedə bilmirəm. Heç getsəm də, bilmirəm hara müraciət etmək lazımdır. Savadım, sübutum da yox, qalmışam çox pis, çıxılmaz vəziyyətdə. İnanın bu dəqiqə evimdə çörəyim, içməyə çayım yoxdur. Bundan o tərəfi varmı?”

image00008.jpeg
dərmanlar

Ofeliya Məmmədova deyir ki, Ucar Rayon İcra Hakimiyyəti onlara bircə dəfə yardım edib. O da ki oğlunu Maştağadakı 1 saylı Ruhi Əsəb Dispanserinə aparmaq üçün:

“Ora getdim. İçəri girəndə uşaq ağladı, qışqırdı, halı pisləşdi. Mənim də ürəyim gəlmədi onu orada qoyub geri gəlməyə. Götürüb gətirdim evə. Bundan sonra hər yerə müraciət etdim. İstər Ucar Rayon İcra Hakimiyyəti olsun, istər Sosial Müdafiə Fondu, istərsə də Mərkəzi Xəstəxana. Heç yerdən müsbət bir cavab ala bilmədim. Hətta bir dəfə icra başçısının qəbuluna apardım. İcra başçısı içəri girəndə hamı ayağa qalxdı. Uşaq həyəcanlandı, başladı qışqırmağa. Orada mənə irad bildirdilər ki, onu belə yerə gətirib camaatı narahat etməyə nə haqqım var. Mən də ağlaya-ağlaya uşağımı götürüb gəldim evə. Sağlam olub, əsgər olsaydı, əla olardı amma”.

Ofeliya Məmmədovanın 4 övladı var. İkisi qız, ikisi oğlan. Natiq ən kiçik oğludur. Digər oğlu kənddəki evlərində yaşayır. Qızları isə ailə qurub. Hər ikisi kirayə qalır. Onlardan birinin onkoloji xəstəliyi də var:

image00003_aisprg6
Diaqnoz

“Yəni onlardan da bir kömək yoxdur. Məndə olsa, mən edərəm, o da yoxdur. Qalmışam bir uşağın əlində. Hamımız kasıblıqla dolanırıq. Birimiz bir normal gündə deyilik. O dərman var e, hansı ki uşaq atsa sakitləşər, rahatlaşar, heç bilmirəm onun qiyməti neçədir. Guya bilsəm, nə olacaq?! Bu dəqiqə evimdə heç 20 qəpiyim də yoxdur. Olsa, çörək alaram, uşaq şirinçayla içər. 6 aydır evin pulunu da verə bilmirik. Bu gün-sabah çölə atacaqlar. Rayondakı bütün mağazalara borcum var. Hətta bazarda da bir neçə nəfərə borcluyam. Zəng edirlər, deyirəm, yoxdur. Bəzən eşitmədiyim söz qalmır. Sürünə-sürünə dolanırıq, inanın”.

Meydan TV Ucar Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətindən pensiya, xəstəliklə bağlı işə onların baxmadığını söyləyiblər.

Ucar Rayon Mərkəzi Xəstəxanasından isə bildirildi ki, hazırda bizə bu barədə cavab verəcək səlahiyyətli şəxslər işdə deyillər:

“Bayramdır, gələnlər də tez gedib. Bir həftə sonra əlaqə saxlayın”.

Ana səhifəBölgə”Nəinki dərmanları almağa pulum var, heç 20 qəpiyim də yoxdur”