Neftin ucuzlaşmasının SOCAR-ın fəaliyyətinə ziyanı yoxdur

Qurum problemi ixtisarlarla həll edir

Source:


Qurum problemi ixtisarlarla həll edir

“Dünya bazarlarında neftin qiymətinin azalmasının Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) böyük bir təsiri yoxdur”.

“APA-Economics”in məlumatına görə, bunu SOCAR-ın geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib.

Vitse-prezidentin sözlərinə görə, neftin ucuzlaşması hasilata, qazmaya və kəşfiyyata təsir göstərməyəcək: “Dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində SOCAR hasilata, qazmaya və kəşfiyyata çəkiləcək xərclərini bir qəpik də olsun azaltmayacaq. SOCAR-ın həyata keçirdiyi bütün layihələr vaxtında yerinə yetiriləcək. Ola bilər ki, bəzi izafi xərclər azaldılacaq. SOCAR-ın həyata keçirdiyi beynəlxalq layihələrə də bunun heç bir ziyanı və zərəri olmayacaq. Ola bilər ki, ikinci dərəcəli layihələr dayandırılsın”.

X.Yusifzadə bildirib ki, bu il də hasilatın ümumi həcmi 8,3 mln. barel səviyyəsində planlaşdırılır: “Bu rəqəmi biz 3 ildir stabil saxlayırıq. Bu il də bu proqnozu yerinə yetirəcəyik”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə açıqlamasında deyir ki, Dövlət Neft Şirkəti bir neçə ildir neftin ucuzlaşmasına hazırlaşır. Bu məqsədlə artıq struktur dəyişikliklərinə hazırlaşıb: “Neft Şirkəti Azərbaycan iqtisadiyyatının lokomotivi rolunu oynayıbsa, indi də o lokomotivliyi həyata keçirir. Büdcənin bir nömrəli vergi ödəyicisidir. Ötən il 1 milyard 855 milyon manat vergi ödəyərək, bu adı qoruyub saxlayıb”.

İlham Şabanın fikrincə, neftin qiyməti düşsə də, ARDNŞ diskomfort hiss eləmir. Çünki buna uyğun olaraq ixtisarlar gedir: “Neftin mayasının təqribən 30 faizini əməkhaqqı fondu təşkil edir. Bir il ərzində orta hesabla 5500 nəfər işçi ixtisar olunub. Dövlət Neft Şirkəti həm ölkənin xaricində, həm də daxilində layihələr həyata keçirir. Hər il beynəlxalq maliyyə qurumlarından kreditlər alır. Həmin qurumlar da Neft Şirkətinin kommersiya qurumu kimi fəaliyyət göstərməsi ilə bağlı məsələ qoyurlar. Neft Şirkəti 2017-ci ilin sonuna qədər 2011-ci illə müqayisədə 50 faiz öz ştat cədvəlini azaltmalıdır. Bu isə imkan verir ki, neftin qiymətinin yarıbayarı azalması nəticəsində xərclərini də azaltsın və layihələri də ziyan çəkmədən həyata keçirə bilsin”.

İlham Şabanın sözlərinə görə, yaxın iki ildə istismara verilən hasilat quyuları və onlardan çıxan neft imkan verəcək ki, hasilatı stabil saxlasın. “Statistikadan da görünür ki, 2015-16-cı illərdə Neft Şirkətində 8 milyondan artıq hasilat olmalıdır. Ötən ilin yanvar ayı ilə müqayisədə bu il 100 min ton neft hasilatının artdı. Burada “Azəri-Çıraq-Günəşli” yatağında baş verən artımın da böyük rolu var. Heç kim gözləmirdi ki, “Azəri-Çıraq-Günəşli”də artım baş versin” – deyə iqtisadçı qeyd edib.

Ana səhifəXəbərlərNeftin ucuzlaşmasının SOCAR-ın fəaliyyətinə ziyanı yoxdur