Neftin qiymətinin düşməsi Azərbaycanın dinamik inkişafına təsir göstərməyib

İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin uğurlarından danışıb

Source:


İlham Əliyev Nazirlər Kabinetinin iclasında ölkənin uğurlarından danışıb

Aprelin 10-da prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.


“Ölkədə infilyasiya aşağı səviyyədədir”

“Trend”in məlumatına görə, İlham Əliyev 2015-ci ilin birinci rübünün yekunlarının müsbət olduğunu, bu dövrdə ümumi daxili məhsulun 5 faizdən çox artdığını deyib. O, Azərbaycanda dinamik inkişafın təmin edildiyini, son 3 ayda qeyri-neft sektorunun 7 faiz, sənaye istehsalının 4 faiz, kənd təsərrüfatının isə 3 faizdən çox artdığını bildirib. Prezident ölkədə inflyasiyanın aşağı səviyyədə qaldığını, istehlak bazarına tam nəzarət edildiyini, əhalinin pul gəlirlərinin 5,3 faiz olduğunu da diqqətə çatdırıb.

Birinci rübdə də regionlarda müsbət meyillərin davam etdiyini, 30 minə yaxın yeni iş yerinin yaradıldığını deyən İlham Əliyevin sözlərinə görə, ölkədə sosial məsələlərin həlli yenə də diqqət mərkəzindədir. Hazırda 20-dən çox tibb müəssisəsinin tikildiyini və ya təmir olunduğunu, əhalinin müayinədən keçirilməsi prosesinin davam etdirildiyini deyən dövlət başçısı bu il dövlət investisiya proqramının geniş olduğunu, zəruri layihələrin icrasının nəzərdə tutulduğunu vurğulayıb, ölkədə həyata keçirilən islahatların aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən yüksək qiymətləndirildiyini bildirib.


“Ermənistan sülh istəmir”

Prezident Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Bildirib ki, Ermənistan sülh istəmir, status-kvonun dəyişilməz qalmasına çalışır, buna görə də münaqişə həll olunmur. İlham Əliyev vurğulayıb ki, keçən il həmsədr ölkələrin dövlət başçılarının iştirakı ilə təşkil olunan görüşlərdə Ermənistan hər zaman özünü qeyri-səmimi aparıb, münaqişənin həllində maraqlı olmayıb, Azərbaycan ərazilərinin işğal altında saxlanmasını davam etdirib.

O, bir daha vurğulayıb ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalı, ikili standartlara son qoyulmalıdır.

Dövlət başçısı çıxışında birinci rübdə baş verən iki önəmli hadisəyə – Bakıda “Cənub” Qaz Dəhlizi Məşvərət Şurasının iclasının keçirilməsinə və mart ayında Qarsda TANAP layihəsinin təməlinin qoyulmasına da toxunub.


“Dərmanlar bahadır”

İlham Əliyev ölkədə dərman preparatlarının bahalığından narazılıq edib. APA-nın məlumatına görə, prezident bu sahədə vəziyyətin araşdırılıb tədbirlərin görülməsi ilə bağlı Səhiyyə Nazirliyinə tapşırıqlar verdiyini vurğulayıb.


Nazirlər hesabat verib

Sonra vergilər naziri Fazil Məmmədov, nəqliyyat naziri Ziya Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilin birinci rübündə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı məruzə ediblər.

Yekun nitqində Prezident İlham Əliyev qeyri-neft sektorunun və sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıb. Hər bir rayonda sənaye zonalarının yaradılmasının vacibliyini diqqətə çatdıran dövlət başçısı kənd təsərrüfatı sektorunun da inkişafının xüsusi əhəmiyyət kəsb etdiyini, ölkənin xarici ərzaq bazarlarından o qədər də asılı olmadığını bildirib, amma bununla belə ərzaq təhlükəsizliyinin tam təmin olunması, torpaqların elektron uçotunun tərtib edilməsi ilə bağlı tapşırıqlarını verib.

İlham Əliyev çıxışında manatın məzənnəsi ilə bağlı məsələyə də toxunub, bu sahədə görülən tədbirlərin iqtisadi baxımdan səmərəli olduğunu deyib.


Daha 3 “Asan xidmət” açılacaq

Bu il daha 3 “ASAN xidmət” mərkəzinin açılacağını deyən dövlət başçısı əhalinin elektrik enerjisi və içməli su ilə təminatının yaxşılaşdırılmasına dair tapşırıqlarını verib.

Nitqinin sonunda Prezident  ilk Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini, artıq bir sıra idman obyektlərinin istifadəyə hazır olduğunu, Atletlər Kəndi ilə yanaşı, Media Kəndinin də yaradıldığını bildirib. Paralel olaraq paytaxtda abadlıq-quruculuq işlərinin davam etdirildiyini, yeni bulvar xəttinin salındığını diqqətə çatdırıb.

Ana səhifəXəbərlərNeftin qiymətinin düşməsi Azərbaycanın dinamik inkişafına təsir göstərməyib