Samir Şərifov güman edir ki, neftin qiymətinin azalması müvəqqəti xarakter daşıyır və qiymətlərin aşağı səviyyədə uzun müddət qalması üçün əsaslar azdır
Neftin qiymətinin bir barelə görə 60 dollaradək azalması Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinə problem yaratmayacaq. Maliyyə naziri Samir Şərifov belə hesab edir.
Nazir noyabrın 18-də parlamentdə 2015-ci il üçün büdcə layihəsini təqdim edərkən bildirib.
Dövlət büdcəsi layihəsində məlumatlar neftin qiymətinin bir barelə görə 90 dollardan hesablanıb. Bu, dünya bazarında neftin indiki orta qiymətindən 12 dollar çoxdur.
“Eyni zamanda son üç ayda neftin qiymətinin 20 faiz azalmasına baxmayaraq, Azərbaycanın 2015-ci il üçün dövlət büdcəsinin xərclərinin maliyyələşdirilməsi üçün problem yoxdur”,-deyə nazir bildirib.
O hesab edir ki, qiymətlərin gələcək azalması xərclərin maliyyələşdirilməsinə ciddi əngəl törətməyəcək.
S.Şərifov güman edir ki, neftin qiymətinin azalması müvəqqəti xarakter daşıyır və qiymətlərin aşağı səviyyədə uzun müddət qalması üçün əsaslar azdır (Turan İA).