Neftin qiyməti niyə enir?

“ABŞ-a yönələn neft həcmləri əsasən Avropa bazarına göndərilməyə başladı ki, bu da kəskin ucuzlaşmaya gətirdi”

Source:


“ABŞ-a yönələn neft həcmləri əsasən Avropa bazarına göndərilməyə başladı ki, bu da kəskin ucuzlaşmaya gətirdi”

Dünya bazarında neftin qiyməti düşür. “Brent” markalı neft son 15 ayda ilk dəfə 96 dollara enib (“Azerlight” markalı Azərbaycan nefti adətən “Brent” markalı neftdən 1-2 dollar baha satılır).

Ucuzlaşmanın davam edəcəyini proqnozlaşdıranlar var.

Bu barədə “mediaforum”a danışan ekspert İlham Şaban qiymətin enməsində Amerika Birləşmiş Ştatlarının böyük rolu olduğunu hesab edir: “İyul-avqust aylarında ABŞ-da neft hasilatı rekord həcmdə artıb. Son 33 ildə belə artım olmamışdı. Nəticədə ABŞ-a idxal günbəgün azaldı və son 26 ilin minimum həddinə endi. ABŞ-a yönələn neft həcmləri əsasən Avropa bazarına göndərilməyə başladı ki, bu da kəskin ucuzlaşmaya gətirdi. İyulun əvvəlində neftin qiyməti 115 dollara qədər yüksəlmişdi, sentyabrın 11-də 96 dollara qədər ucuzlaşıb və bu tendensiyanın davam edəcəyi güman olunur”.

Ötən bazar günündən ABŞ-da yay tətili mövsümü rəsmən başa çatıb, insanlar şəhərlərə qayıdıblar, bundan sonra səyahətə meylli olmayacaqlar. Deməli, benzinə tələbat minimuma enəcək, neftayırma zavodları xam neft sifarişini azaldacaqlar. Yəni mövsümi qiymət azalması baş verir, bu isə digər bazarlara təsir edir. Amerikanın qlobal bazarlara təsiri çox böyükdür.

Ekspert bildirdi ki, neftin qiymətinin iyun-iyulda 115 dollara qalxması İraqda İŞİD terrorçu qrupunun baş qaldırması ilə də bağlı idi. Məhz ABŞ Hərbi Hava Qüvvələrinin terrorçuların bazalarına zərbələrindən sonra qiymət sürətlə aşağı düşdü. Bundan əlavə sentyabrın əvvəllərində ABŞ-ın “Pioneer” şirkəti artıq ikinci dəfə Avropaya kondensat partiyasının ixracını müvəffəqqiyyətlə həyata keçirdi. ABŞ neft məhsulu ixracını da getdikcə artırır. Təbii ki, bu kimi hadisələr bazarlara təsirsiz ötüşmür.

“Ancaq bir şeyi də qeyd etmək istərdim. Əslində neft hazırda real bazar qiymətinə qayıdır. 110 dollar bazar qiyməti yox, real qiymətin üzərinə qoyulan risklərin qiymətidir. Neftin real bazar qiyməti isə 80-90 dollar arasındadır. Çox güman ki, dünya buna doğru yönəlir”,-deyə ekspert fikrini bitirib.

Rusiyanın RBC agentliyinin analitikləri qeyd edir ki, neft ucuzlaşmaqda davam edir. Sentyabrın 10-da Brent 17 ayda ən aşağı qiymətə olub. WTI markası 8 aylıq minimuma enib. Ucuzlaşmaya OPEK-in icmalı səbəb olub. Orda 2014-2015-ci illərdə neftə tələbat proqnozu endirilib. ABŞ-da neft ehtiyatının gözlənildiyindən az azalması barədə məlumat da bazara təsir edib.

OPEK-in icmalında 2014-2015-cü illərdə neftə aylıq tələbat proqnozu  50 min barr./gün və 20 min barr./gün göstərilib. İndi karteldə hesab edirlər ki, bu il tələbat artımı 1,05 mln barr./gün (91,19 mln barr./günədək), 2015-ci ildə 1,19 mln barr./gün (92,38 mln barr./günədək) olacaq. “Proqnoz 2014-cü ilin I yarısında İİƏT-də zəif tələbat fonunda azaldılıb”, – deyə OPEK-in icmalında bildirilir.

İqtisadiyyatın neftdən çox asılı olduğu Azərbaycanda ekspertlər və KİV qiymət düşməsi mövzusu və xoşagəlməz proqnozlardan yan keçirlər. Ümumiyyətlə, xarici neft şirkətlərinin büdcəyə ödəmələri nəzərə alındıqda 2013-cü ildə dövlət büdcəsinin gəlirlərinin formalaşmasında neft sektorunun payı 75%-i ötüb. 2014-cü ildə dövlət büdcəsində neftin bir barrelinin qiyməti 100 dollar səviyyəsində nəzərdə tutulub. Qiymətlərin bu göstəricidən aşağı olması hökuməti bir sıra dövlət proqramlarına yenidən baxmağa məcbur edəcək. Azərbaycandakı biznes strukturlar neftin qiymətinin aşağı düşməsinin probleminin öz üzərində hiss edir. Fiskal orqanlar büdcəyə transfert üçün əlavə vergi yığmaq məqsədi ilə qeyri-populyar tədbirlər görür (Turan İA).

Ana səhifəXəbərlərNeftin qiyməti niyə enir?