Vüqar Bayramov: ”Struktur islahatlarının sürətləndirilməsinə ehtiyac var”
Dünya bazarında “Azeri LT CIF” markalı xam neftin 1 barelinin qiyməti 0,24 dollar və yaxud 0,51 faiz artıb. “Azeri LT CIF” markalı neftin qiyməti isə 47,69 dollar/barelə bərabər olub.
“Azeri LT CIF” nefti 2001-ci ilin dekabrında ən ucuz (19,15 dollar), 2008-ci ilin iyulunda isə ən yüksək (149,66 dollar) həddə olub.
İqtisadçı Vüqar Bayramlı deyir ki, bu il ilk dəfə Brent markalı neftin bareli 47 dollardan aşağı düşüb. Səbəb isə Qətər ətrafındakı gərginlik və ABŞ-da neft ehtiyatlarının artmasıdır:
“Nəticədə neftin dünya bazar qiymətində azalmalar oldu. Bu ilin ilk 4 ayına nisbətən stabil qalan neft qiymətlərinə Qətər gərginliyindən sonra OPEC+ anlaşmasının yerinə yetirilməsi ilə bağlı formalaşan inamsızlıq təsir göstərdi. Əslində isə son proseslər göstərir ki, nəinki şist neft hasilatının artması və ya alternativ enerjidən istifadə imkanlarının genişləndirilməsi, eyni zamanda, Yaxın Şərq ölkələrinin bir-biri ilə gərgin münasibətləri neftin qiymətinin yüksəlməsinə imkan vermir”.
Vüqar Bayramlı Azərbaycan dövlət büdcəsində neftin bir barelinin 40 dollar götürüldüyünü xatırladaraq bildirib ki, hələlik mövcud qiymət ölkəmiz üçün məqbul hesab edilə bilər:
“Ancaq neftin dünya bazar qiymətinin 40 dollardan aşağı düşməsi Azərbaycan iqtisadiyyatı üçün arzuolunan deyil. Bu, tədiyyə balansına, xüsusən də ölkəyə daxil olan valyutanın həcminə mənfi təsir göstərəcək. Ona görə fiskal konsolidasiyanın növbəti mərhələsi struktur islahatlarının sürətləndirilməsi formasında həyata keçirilməlidir. Struktur islahatlarının genişləndirilməsi yalnız büdcə vəsaitlərinə qənaət deyil, eyni zamanda müxtəlif sektorların idarəedilməsində çevikliyin və səmərəliyinin gücləndirilməsi baxımdan da vacibdir”.