“Azneft” İstehsalat Birliyi

Mənbə: arxiv

Başlıq: “Azneft” İstehsalat Birliyi

Neftçilər: “Xəzər İaşə”nin gətirdiyi yeməklərdən iyrənirik, amma yemək məcburiyyətindəyik

Məqalə yeniləndi:  23 Sentyabr 2020

İşçilərdən məcburi yeməkpulu tutulduğu deyilir

“Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrdə (xüsusilə də dəniz obyektlərində) iaşə xidməti göstərən “Xəzər İaşə” MMC-nin fəaliyyətindən narazı qalan neftçilər tədbir görülməsini istəyiblər.

"Xəzər İaşə” MMC Xəzər rayonu, Pirallahı qəsəbəsində yerləşir. Şirkət sovetlər dönəmində fəaliyyət göstərmiş Fəhlə Təhcizatı İdarəsinin bazasında yaradılıb.

İşdən çıxarılma qorxusu ilə adlarının açıqlanmasını istəməyən neftçilər Meydan TV-yə bildiriblər ki, illərdir şirkətin fəaliyyətindən şikayət etsələr də, Dövlət Neft Şirkətinin rəhbərliyi bu MMC ilə əməkdaşlığını davam etdirir.

Digər NQÇİ-lər kimi “Neft Daşları”nda da işçiləri “Xəzər İaşa” yeməklə təmin edir. İşçilər daima bu qurumun fəaliyyətindən narazılıq edərək yeməkxanadakı yeməklərin keyfiyyətinin aşağı, bu quruma daxil olan və Neft Daşlarında fəaliyyət göstərən mağazalardakı ərzaq mallarının sahildəki mağazalardakı qiymətdən qat-qat baha olduğunu da bildiriblər. Onların sözlərinə görə, evdən yemək, ərzaq gətirilməsi qadağan olunub, hazırda karantin vaxtı dənizdə daha çox qalmalı olduqlarından bu ərzaqları almağa məcburdurlar. “Məsələn, mövsümdə kartofun kiloqramı 1 manat 50 qəpikdən, soğan 1 manata, çəkisi 300 qramdan da az olan çörək 50 qəpiyədir. Adi litrlik su 1 manata satılır. Payız-qış aylarında qiymət daha da artırılır, amma biz ac qalmamaq üçün dəyərindən bir neçə dəfə baha satılan ərzaqları almağa məcburuq”, -şikayətçilərdən biri söyləyib.

Yeməkxana

Yeməkxana

Mənbə: google.az

İşçilər onu da bildiriblər ki, yataqxanalardakı mətbəxdən istifadə etməyə, işçilərin özləri üçün yemək bişirməyə icazələri yoxdur, məhz buna görə də “Xəzər İaşə”nin təklif etdiyi qidalardan başqa seçim qalmır.

Nefçi qeyd edib ki, zaman-zaman “Xəzər İaşə”nin satdığı yağın, isti yeməklərin içərisindən həşaratlar çıxıb. Çoxu həmin qidalardan iyrənir, amma ac qalmamaq üçün yeyir.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının rəhbəri Mirvari Qəhrəmanlı da deyilənləri təsdiqləyib. Qəhrəmanlının sözlərinə görə, illərdir “Xəzər İaşə”dən şikayətlər daxil olur. O özü də dəfələrlə keyfiyyətsiz yeməklərin foto görüntüsünü yayıb. Lakin “Xəzər İaşə” MMC-dən yalnız onun xidmət göstərdiyi neftçilər yox, öz işçiləri də şikayət edirlər.

Qəhrəmanlı “Xəzər İaşə”nin Neft Daşlarında çalışan işçisinin birindən daxil olan şikayətə diqqət çəkir. “Həmin işçi bildirib ki, 540 manat maaş aldığı halda son 2 ayda maaşları 360 manata endirilib. O, bunun 140 manatını yemək üçün ödəməlidir. Şikayət edənlərə isə işdən çıxmaq təklif olunur”,-Qəhrəmanlı blə deyib.

Mirvari Qəhrəmanlı

Mirvari Qəhrəmanlı

Mənbə: Meydan TV

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev ötən il sözügedən müəssisədən edilən şikayətlə bağlı “anews.az”a açıqlamasında deyib:

"”Xəzər İaşə” ilə əməkdaşlıq artıq uzun illərdir davam edir. Bu, 3 il deyil, 5 il deyil. Hər zaman belə olub, fəhlələrin biri yeməyi bəyənir, biri bəyənmir”.

Qidaların keyfiyyətsiz olması iddialarına isə Cahangir Əliyev beə münasibət bildirib:

“Mirvari Qəhrəmanlı da çox şey yaza, paylaşa bilər, ancaq gedib baxmaq lazımdır ki, görək deyilənlər həqiqətə uyğundur, ya yox? Mənim ofisim şəhərdədir, mən hər gün gedib baxmıram ki, fəhlələr orda nə yeyir. Ona görə də, konkret bir şey deyə bilmirəm. Əgər narazılıq varsa, gedib baxılacaq. Ondan sonra bir şey demək olar”.

Bu açıqlamadan bir ildən artıq vaxt keçsə də, vəziyyət dəyişməyib, neftçilər yenə şikayətçidirlər.

Təşkilata MMC –də çalışan işçi tərəfindən daxil olan şikayətdə bildirilib ki, hər iki gündən bir 18-20 tonluq yük gəlir, onlar da ağır yükləri boşaldırlar. Hətta gecələr də yük gəldiyindən yatmaq, dincəlmək imkanları olmur. Bu cür ağır işin qarşılığında işçinin əmək haqqını onun razılığı olmadan azaltmağa, əmək haqqından 140 manat yemək pulu ödəməyə məcbur etməyə ixtiyarı yoxdur:

“Bunu mən yox, qanun deyir. Naraz işçi onu da deyib ki, 1 ay işləyib evə qayıdırlar, 15 -16 gun karantində qalırlar. Karantində qaldıqları günlərə görə işçilərə pul verilmir, yəni işçi istirahət günlərini də karantində itirir”,-Qəhrəmanlı qeyd edib. O bildirib ki, şikayətlə bağlı Dövlət Neft Şirkətinə müraciət edib, problemin araşdrlmasını istəyib. Hüquq müdafiəçisi bildirib ki, faktlar göstərir ki, “Xəzər İaşə”nin özündə də ciddi araşdırılma aparılmasına ehtiyac var.

“Xəzər İaşə”dən Meydan TV-nin sorğusuna cavab verilməyib. Dövlət Neft Şirkətindən isə şikayətləri cəfəngiyyat adlandırıblar.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 Sentyabr 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/agyuls

Ən çox baxılan