“Neftçilər dənizdə içməyə su tapmırlar”

Neft daşları, Foto: Northfoto/shutterstock

Mirvari Qəhrəmanlı: “13 gündür yuyuna bilmirlər”

“Dənizdə işləyən neftçilərin illərdir nəqliyyat, qidalanma problemləri həllini tapmır. Hər rəhbər dəyişəndə vəziyyətimizin də dəyişəcəyinə ümid edirik, amma əksinə olur. İndi də dənizin ortasında su ilə bağlı problem yaranıb”.

Bunu Meydan TV-yə ünvanlanan müraciətində bir qrup neftçi yazıb. Onların sözlərinə görə, günlərdir yuyunmaq üçün dəniz suyundan istifadə edirlər.

“Hətta içməli su ilə bağlı da vəziyyət yaxşı deyil. Qabları belə dəniz suyu ilə yuyuruq. Sadəcə olaraq, heç kim şikayət edib, “qara siyahı”ya düşmək istəmir. Çünki işdən çıxarılma qorxusu var”,- adlarının açıqlanmasını istəməyən neftçilər bildiriblər.

Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri Mirvari Qəhrəmanlı Meydan TV-yə bildirib ki, rəhbərlik etdiyi təşkilata bununla bağlı müraciətlər daxil olur:

“Dəniz platformalarında, Neft Daşlarında Əks-OCMOC qurğusu var. O qurğu vasitəsilə dəniz suyu təmizlənir. Bu ilin yanvar ayından qurğunun əsas hissəsi xarab olub. Təmir işləri ilə bağlı tender elan edilib, aylardır tenderin nəticələri ortaya çıxmır. Guya ilin axırına kimi bəlli olacaq”.

Hüquq müdafiəçisi deyir ki, aylardır neftçilər qurğu vasitəsilə təmizlənməmiş sudan istifadəyə məcbur qalıblar. Bu isə birbaşa sağlamlıq üçün təhlükəlidir. Çünki bəzi ərazilərdə kanalizasiya sularının təmizlənməmiş dənizə axıdıldığına dair faktlar mövcuddur. Bununla bağlı dəfələrlə foto, vieo görüntülər yayılıb.

““28 May” Neft və Qaz Çıxarma İdarəsinin 10-cu platformasından neftçilər müraciət edərək bildiriblər ki, dəniz suyu ilə çimirlər, hətta dəniz suyu bəzən içməli suya qatılır. “Nərimanneft”də də vəziyyət eynidir. Neftçilər bildirilər ki, suyu çənin dibindən qabla yığırlar. Həmçinin 13 gündür yuyuna bilmirlər. Bir sözlə, neftçilər dənizdə su tapmırlar”.

Qəhrəmanlı deyib ki, neftçilərin həyatlarını təhlükədə qoyan heç bir məsul şəxs buna görə cəzalandırılmayıb.

Dövlət Neft Şirkətinin mətbuat xidmətinə bununla bağlı
ünvanlanan sorğu cavablandırılmayıb.

Ana səhifəXəbərlər“Neftçilər dənizdə içməyə su tapmırlar”