”Neftçi” 1 milyon dollarlıq cəriməni ödəyə bilmir

Klubun indiki rəhbərliyi keçmiş, keçmiş rəhbərliyi indikini günahlandırır

Source:
Emil Mpenza
Emil Mpenza
Emil Mpenza
Emil Mpenza


Klubun indiki rəhbərliyi keçmiş, keçmiş rəhbərliyi indikini günahlandırır

2010-2012-ci illərdə “Neftçi”də çıxış etmiş Belçika yığmasının keçmiş üzvü Emil Mpenzanın şikayəti əsasında  FİFA komandaya 1 milyon dollara yaxın cərimə kəsib.

Qərara əsasən, “Neftçi” bu vəsaiti fevralın 11-nə qədər Mpenzanın hesabına köçürməli idi. Ancaq vaxt başa çatsa da, pul köçürülməyib. “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov mətbuata verdiyi açıqlamada vəsaiti ödəmək üçün maliyyə mənbəyi tapa bilmədiklərini deyib.

Deməli, bundan sonra FİFA “Neftçi”yə cəza tətbiq edəcək. Adətən belə hallarda, müxtəlif cəzalar tətbiq olunur. “Neftçi”nin xalları silinə, komanda cərimə də oluna bilər. Son mərhələdə borc yenə də ödənilməsə, “ağ-qaralar”ın birinci diviziona göndərilmə ehtimalı da var.  Fakt isə odur ki, “Neftçi” bu vəsaiti mütləq ödəməlidir. İkinci variant yoxdur. Artıq neçə gündür ki, mətbuatda bu müstəvidə informasiya müharibəsi gedir. “Neftçi”nin keçmiş rəhbərliyi vəziyyətin bu həddə çatmasında indiki rəhbərliyi ittiham edib. Komandanın keçmiş vitse-prezidenti Tahir Süleymanov mətbuata bildirib ki, Mpenza onların vaxtında da FİFA-ya şikayət edib, amma qalib gələ bilməyib. Süleymanov indiki rəhbərliyi ona İdman Arbitraj Məhkəməsində (CAS) keçirilən prosesdə iştirak etmək üçün şərait yaratmamaqda da ittiham edib. O, bildirib ki, həmin iclasda iştirak etsəydi, iş “Neftçi”nin xeyrinə nəticələnirdi. Ancaq “Neftçi” rəhbərliyi heç bir səbəb göstərmədən Süleymanovun İsveçrəyə getməsinə imkan verməyib, əvəzində ora Mpenzaya Bakıda tərcüməçilik edən şəxsi göndəriblər. Özü də klub rəsmisi statusunda.

Tahir Süleymanovun ittihamlarına cavab olaraq “Neftçi” “Mpenza işi” ilə bağlı sənədlər yayıb.

Bu sənədlərdən isə məlum olur ki, “Neftçi”nin o vaxtkı rəhbərliyi  Mpenza ilə ikili oyun oynayıb. Rəhbərlik bir tərəfdən Mpenzaya başqa klublarla danışıq aparmaq üçün icazə sənədi verib, digər tərəfdən isə onun klubu özbaşına tərk etməsini əsas gətirərək, futbolçu ilə müqaviləni pozub. Üstəlik, Mpenzadan FİFA-ya da şikayət  edilib. Məhz “Neftçi”nin şikayətindən sonra Emil Mpenza adekvat addım atmaq məcburiyyətində qalaraq, FİFA-ya üz tutub. FİFA-ya təqdim olunan sənədlərdə isə “Neftçi”nin ikili oyun oynadığı – eyni vaxtda futbolçuya danışıqlar aparmaq üçün icazə verdiyi və ondan şikayət etdiyi bəlli olub. Nəticədə FİFA futbolçunun xeyrinə qərar verib.

“Neftçi”nin keçmiş rəhbərliyi indiki rəhbərliyin yaydığı sənədlərlə bağlı məsələyə hələ də münasibət bildirməyib. Meydan.Tv məsələ ilə bağlı “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanova müraciət etdi. Tahir Süleymanov hələlik bu məsələ ilə bağlı danışmaq istəmədiyini bildirdi. O, bir neçə gündən sonra bütün həqiqətlərin üzə çıxacağını, ondan sonra mətbuata geniş açıqlama verəcəyini dedi. Süleymanov bu məsələ ətrafında kimlərinsə oyun oynadığını da vurğuladı:

“Kimlərsə futbol yox, “oyun” oynayırsa, bu, onlar üçün bumeranq rolunu oynayacaq. Allah səbrli insanları sevir. Bir az zamana ehtiyac var”.

 “Neftçi” vəsaiti ödəməyib, FİFA-nın yeni cəzası olacaq. Bu, qaçılmazdı. Tərəflər daha ciddi cəzalardan qurtulmaq üçün maliyyə vəsaiti tapmaq, cəriməni ödəmək əvəzinə, bir-birlərinə ittiham yağdırırlar. AFFA susur, Azərbaycan futbolunun isə durumu getdikcə çətinləşir…

Ana səhifəXəbərlər”Neftçi” 1 milyon dollarlıq cəriməni ödəyə bilmir