Neftçalanın keçmiş icra başçısına hökm oxundu

Mənbə: DTX

İsmayıl Vəliyevin məhkəməsi yekunlaşdı

Həbsdə olan keçmiş icra başçılarından daha birinin mühakiməsi yekunlaşıb. 2005-2011-ci illərdə Qobustan rayonunun, 2011-ci ildən 2020-ci ilin fevralında həbs olunana qədər isə Neftçalanın icra başçısı olmuş İsmayıl Vəliyev 10 il azadlıqdan məhrum edilib.

Sabiq icra başçısı və onunla birlikdə saxlanılan vəzifəli şəxslərin işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində Nizami Quliyevin sədrlik etdiyi hakimlər kollegiyası baxırdı. Lakin məhkəmə prosesi Bakıda – Sabunçu Rayon Məhkəməsinin binasında keçirilirdi.

Oktyabrın 28-də keçmiş icra başçısına prokuror 11 il həbs cəzası verilməsini istəmişdi. İsmayıl Vəliyev isə son sözündə hakimlərdən ədalətli hökm çıxarılmasını xahiş etmişdi.

2020-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Neftçala Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat nəticəsində sabiq icra başçısı ilə yanaşı, onun birinci müavini olmuş Vurğun Əkbərov, digər müavini Gültəkin Sadıqova, icra hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayonun mərkəzi xəstəxanasının baş həkimi Telman Zahidov da saxlanmışdı.

İndiyədək barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilmiş Gültəkin Sadıqova oktyabrın 29-da məhkəmə zalında həbs olunub. Ona 6 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilib.

Həbsdə olan keçmiş icra başçılarından Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədov və Kürdəmirdə eyni vəzifəni tutmuş Ceyhun Cəfərova hökm oxunub. Nizaməddin Quliyev 9 il 6 ay, Qoca Səmədov 7 il 6 ay, Ceyhun Cəfərov isə 8 il 6 ay azadlıqdan məhrum edilib.
Keçmiş məmurlar məhkəməyə ifadələrində verilmiş ittihamlar üzrə özlərini qismən təqsirli bildiklərini deyiblər.

Adları çəkilən rayonlardan əlavə, Şəmkir, Cəlilabad, Biləsuvar, İmişli rayonlarının icra başçıları da həbs olunub.

Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev sentyabrın əvvəlində koronavirusa yoluxaraq, Gəncədə modul tipli xəstəxanada vəfat edib.

Ana səhifəXəbərlərNeftçalanın keçmiş icra başçısına hökm oxundu