Elman Quliyev barəsində başqa yerə getməməmə iltizam qətimkan tədbiri seçilib
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru Elman Quliyev cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Meydan TV-yə rayon prokurorluğundan verilən məlumatda bildirilir ki, Elman Quliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur.
Cinayət işinin materiallarında iddia olunur ki, xəstəxanaya stasionar müalicə üçün koronavirusa yoluxmuş xəstə yerləşdirilmədiyi vaxtlarda orada işləyən qeyri-tibb və digər işçilərə müddətli əlavənin ödənilməsi üçün hesablama cədvəli hazırlanıb. Elman Quliyev sənədləri imzalayaraq, möhürlə təsdiqlədikdən sonra işçilərə ümumilikdə 25 min manat müddətli əlavənin ödənilməsinə nail olub.
Neftçala Rayon Mərkəzi Xəstəxanasının direktoru aprelin 22-də cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsilə ittiham irəli sürülüb.
Koronaviruslu xəstələrə xidmət göstərilmədiyi halda, işçilərə əlavə ödənişlər verilməklə israf olunduğu iddia olunan 25 min manatlıq ziyanın Elman Quliyev tərəfindən tam ödənildiyi bildirilir.
İstintaq dövrü üçün onun barəsində başqa yerə getməməyə dair iltizam qətimkan tədbiri seçilib.
2020-ci ilin fevralında Neftçala Rayon İcra Hakimiyyətində DTX-nın həyata keçirdiyi əməliyyat nəticəsində icra başçısı ilə yanaşı, bir sıra başqa vəzifəli şəxslər, o cümlədən Mərkəzi Xəstəxananın baş həkimi Telman Zahidov da həbs olunmuşdu. Ondan sonra baş həkim səlahiyyətlərini Elman Quliyev icra edirdi.