Əks halda bundan sonra da yüksək neft gəlirləri ölkədən daha çox, bu pullara sərəncam verənlərin dərdlərinə məlhəm olacaq
Axır 8 ayda neftin qiyməti 110 dollardan 45 dollara qədər ucuzlaşdı. Cəmiyyətimiz təlaşa, hökumətimiz səksəkəyə düşdü. Cəmiyyət də, hökumət də “neft 100 dollar olmasa, batdıq” düşüncəsinə təslim oldu.
Böyük çoxluq neftin təzədən “100 dollarlıq zirvəni” fəth etməsinin həsrətilə yaşayır. Hər kəsi anlamaq olar – sadə insanlar düşünür ki, hökumət büdcəni neftdən formalaşdırır, neft ucuz qalsa maaşlar, pensiyalar ləngiyə, proses uzun çəksə, hətta qayçılana bilər. Bu, həm də onun göstəricidir ki, insanlar qeyri-neft sahələrinin inkişafı ilə bağlı rəsmi təbliğata inanmırlar. İnanmırlar ki, neftdənkənar sahələr hesabına hətta çox yüksək məbləğdə olmayan maaş və pensiyalarını bahalı neft erasında aldıqları kimi sabit şəkildə, problemsiz yenə də ala biləcəklər.
Hökumətin ucuz neftdən yana əndişəsi üçün daha tutarlı səbəbləri var: son bir neçə ildə iqtisadiyyat “100 dollarlıq neft” relsləri üzərinə keçirilib. Büdcə, ölkənin ixracatı, tədiyyə balansı, Ümumi Daxili Məhsul kimi bütün mühüm iqtisadi göstəricilər bu qiymət səviyyəsinə uyğunlaşıb. Ötən 5 ayda baş verənlər göstərdi ki, manatın “dözüm potensialı” da “100 dollarlıq neft” həddi üçün keçərlidir.
Son 2 həftədə isə dünya bazarlarında neftin qiyməti yenidən bahalanıb. Ötən ilin noyabrından sonra ilk dəfə olaraq Azərbaycan neftinin qiyməti 65 dollara qədər yüksəlib. Hesab edək ki, neftin qiyməti lap elə sabah yenidən 100 dollar oldu, “Əsrin müqaviləsi” bitənədək bu səviyyədə qaldı, yenə manatın dollara məzənnəsini valyuta yağışı altında endi əvvəlki 78 qəpiyə. Axı cəmi 5-6 il sonra hasilatın kəskin azalması nəticəsində neft erası bitən kimi yenə də indi olduğu kimi cəmi 3-5 aya ölkə ağır duruma düşəcək. Amma o zaman qiymətinin qalxacağına ümid etməyə neft də olmayacaq.
Qaz layihələrinə ümidləmək isə özünü aldatmaqdır. Çünki yaxın 20 ildə Azərbaycan üçün proqnozlaşdırılan qaz hasilatı və ondan hökumətin əldə edəcəyi gəlirlər hətta qiymətlərin indiki səviyyyədə qalacağı tədqirdə belə neft qazanclarının 35-40 faizindən çox olmayacaq. İnanmayanlar hər 1 milyard kubmetr qazın hər 1 milyon ton neftə ekvivalentini tapsınlar, 2030-cu ilədək Azərbaycan qaz hasilatı ilə bağlı proqnozlara baxsınlar, bu arqumentin nə qədər real olduqlarını özləri də görəcəklər.
Manatı, bütövlükdə iqtisadiyyatımızı neftin ucuz olduğu dövrdə hökumət cəmi 4 ay ayaqda tuta bildi. Ona görə də hökumət hasilatın hazırkı ucuz neft dövrünü postneft dövrünün artıq başlanması kimi dəyərləndirsə, hətta neft sabah 100 dollar olsa belə, büdcəni 50 dolların üzərindən qurmağa çalışsa, ölkəmiz bundan udacaq. Neft təkcə dövlət idarəetməsini tənbəlləşdirmir. Böyük neft pulları həmçinin korrupsiya və qeyri-şəffaf fəaliyyəti stimullaşdırır. İqtisadi diversifikasiyaya, çevik və səmərəli institutların formalaşdırılmasına marağı sarsıdır.
İqtisadi diversifikasiya demişkən, ötən ilin fevralında Dünya Bankı “Şaxələnmiş inkişaf. Avrasiya regionunda təbii resursların səmərəli istifadəsi” adlı tədqiqat hazırlamışdı. Tədqiqatda MDB-nin resurslarla zəngin ölkələrinin iqtisadi durumu regionun digər ölkələri, həmçinin resurslarla zəngin dünya dövlətlərilə müqayisəli şəkildə nəzərdən keçirilir. Bank ekspertlərinin gəldiyi əsas nəticə budur ki, resurs lənətindən qaçmaq üçün 3 fundamental problemi həll edilməlidir: təhsilin keyfiyyəti yüksəldilməli, rəqabətə meydan verib özəl sektorun sürətli inkişafı təmin edilməli, dövlət maliyyəsinin sabitliyinə və effektiv istifadəsinə təminat verən mükəmməl iqtisadi institutlar formalaşdırılmalıdır. Hesabatda regionumuzun resursla zəngin ölkələrinin hamısında “holland sindromu” riskinin olması təhlükəsinə diqqət çəkilib. Və əsas səbəblərdən biri kimi milli valyutaların real effektiv kursunun kəskin möhkəmlənməsi göstərilir. Hesabatda Azərbaycan Rusiya və Qazaxıstanla müqayisədə daha yüksək resurs asılılığı olan ölkə kimi xarakterizə edilir. Tədqiqata cəlb edilən resurs ölkələri 3 qrupa bölünüb. Yüksək inkişafa malik ölkələr (Norveç, Kanada, Avstraliya və s.), iqtisadiyyatını uğurla inkişaf etdirən ölkələr (Çili, Botsvan, Qazaxıstan və s.) və az effektiv iqtisadiyyata malik ölkələr (Türkmənistan, Venesuela, Azərbaycan). Dünya Bankı ekspertlərinin təhlilləri də göstərir ki, Azərbaycan böyük neft pulları dövründə şaxələnmiş və effektiv iqtisadiyyatın yaradılması imkanlarını dəyərləndirə bilməyib.
Əslində “büdcə iqtisadiyyatın güzgüsüdür” deyənlər yanılmırlar. Ötən 10 ildə həcmi neft pulları hesabına 20 dəfədən çox artan dövlət büdcəsinin prioritet olaraq hansı istiqamətlərə xərcləndiyinə diqqət yetirmək kifayətdir ki, “100 dollarlıq neft erası”nın Azərbaycanın sosial-iqtisadi inkişafına töhfələri haqda fikir yürütmək olsun. 2005-2014-cü illərdə dövlət büdcəsinin ümumi gəlirləri 111.3 milyard manat olub ki, həmin məbləğin 81.3 milyard manatını (73.3 faiz) neft gəlirləri təşkil edib. Bu vəsaitin 0.9%-i (1 milyard manat) ali təhsilə, 3.5%-i (4 milyard manat) səhiyyəyə, 5.2%-i (6 milyard manat) orta təhsilə, 5.8%-i (6.7 milyard manat) hüquq-mühafizəyə, 9.7%-i (11.3 milyard manat) sosial müdafiəyə, 34.4%-i (39.8 milyard manat) müxtəlif tikinti layihələrinə xərclənib. Səhiyyə və təhsil infrastrukturuna ayrılan investisiya xərclərini də nəzərə alsaq, böyük neft pulları dövründə bu təhsil və səhiyyəyə dövlət büdcəsinin maksimum 12-13%-i xərclənib. Bu tarixi və yorucu görünən çoxlu rəqəmləri həm də ona görə xatırladıram ki, belə nəhəng xərcləmələr dövründə nədən ölkədə informasiya texnologiyalarına əsaslanan, 15-17 yaşlı uşaqların elə orta təhsil mərhələsində yüksək texnoloji biliklər qazanmasına təminat verən ən azı 10-15 pulsuz lisey açılmadı? Niyə illik təhsil haqqı 20 min dolları ötən “Oxford” tipli, amma dövlətin maliyyələşdirdiyi ən azı 50 ingilisdilli orta məktəb yaradılmadı Azərbaycanda?
Əksinə ölkəyə neft pullarının axını gücləndikcə insanların, xüsusən yoxsul təbəqənin ali təhsilə çıxış imkanı məhdudlaşmağa başladı. Əgər 2004-cü ildə dövlət universitetlərinin ödənişli ixtisasları üzrə qəbul olan tələbələrin ümumi qəbulda payı 40 faiz ətrafında olmuşdusa, 2014-cü ildə bu göstərici 67 faizə çatıb.
Müqayisə üçün deyim ki, Azərbaycandan 6 il sonra Neft Fondu yaradan Avstraliya resurs gəlirləri əsasında əlavə 2 fond da yaratdı – Təhsilin İnkişafı və Səhiyyənin İnkişafı Fondları. 2006-cı ildə suveren fond haqqında qəbul olunan qanuna görə, hökumət 2020-ci ilədək Gələcək Nəsillər Fondunu xərcləyə bilməz. Amma Təhsil və Səhiyyənin İnkişaf fondlarını məhz təyinatlarına uyğun xərcləməlidi.
Böyük neft pulları ölkədə tibbi sığorta sistemini yarada bilmədi. Hökumət ölkədə pulsuz səhiyyənin mövcud olduğunu desə də, insanlar yalnız şəxsi vəsaitləri hesabına müalicə almaq imkanına malikdir. İşləyən əhali bir tərəfə, hökumət heç olmazsa böyük imkanlar dövründə azyaşlı uşaqların, pensiyaçıların və əlillərin belə tibbi sığorta sistemilə əhatəsinə şərait yaratmadı. Bu gün Azərbaycanda dövlət büdcəsi vasitəsilə ölkə əhalisinin hər nəfəri hesabı ilə cəmi 70 dollar səhiyyə xərci ayrılır. Halbuki əhalinin il ərzində öz cibində xərclədiyi vəsait bundan bir neçə dəfə çoxdur. Müqayisə üçün deyim ki, məsələn, postsovet ölkəsi olan kiçik Estoniyada Tibbi Sığorta Fondu və dövlət büdcəsi vasitəsilə ölkənin hər vətəndaşına 1300 avro səhiyyə xərci ayrılır. Bu 2 mənbə hesabına dövlət səhiyyə xərclərinin təxminən 80%-ni qarşılayır. Hələ bunula belə Estoniyanın səhiyyə naziri mediaya müsahibəsində deyir ki, Avropa Birliyinin köhnə üzvləri üzrə adambaşına səhiyyə xərcləri orta hesabla 3300 avrodu və hədəfimiz həmin səviyyəyə çatmaqdı. Bu ölkədə 19 yaşınadək vətəndaşlar və pensiya yaşlı şəxslər tam həcmdə dövlət tibbi sığortası hesabına yaşayırlar. Artıq qonşu Gürcüstanda da əhalinin təxminən yarısının tibbi sığorta ilə əhatəsi təmin edilib.
Deməli, “100 dollarlıq neft erası”nın yenidən qayıtması ilə məsələ həll olmur. Bizim hökumət neft pulu fontan vuranda da yanlış düşüncədə idi: elə bilirdi ki, nəhəng pullar xərcləməklə bütün problemləri həll etmək olur – heç bir islahat aparmadan.
Pul kəskin azalanda da yanlış düşüncədədi – yenə də fikirləşirlər ki, heç bir idarəetmə islahatı aparmadan yalnız büdcəni qayçılamaqla böhrandan yaxa qurtara biləcəklər. Büdcə islahatları aparılmalı, büdcə xərclərinin büdcə proqramlarına, nəticəlilik və effektivlik göstəricilərinə, ictimai nəzarət mexanizmlərinin tətbiqinə əsaslanan idarəçiliyinə keçid təmin olunmalıdır. Dövlət idarəetmə aparatı yenidən təşkil edilməli, Qərb ölkələrində tətbiq edilən müqavilə sisteminə keçid təmin olunmal, büdcədən maliyyə alan hər bir dövlət qurumu mərkəzi hökumətlə öz fünksiyalarına və proqram öhdəliklırinə uyğun müqavilə bağlamalı, onların hər biri üçün çox konkret məsuliyyət mexanizmləri müəyyənləşdirilməlidir.
Əks halda bundan sonra da yüksək neft gəlirləri ölkədən daha çox, bu pullara sərəncam verənlərin dərdlərinə məlhəm olacaq.