”Neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”

Çin ABŞ-la qarşıdurmadan istifadə edib İrandan idxalı bərpa edəcəyi ssenaridə vəziyyət daha da tündləşər…

Foto: arxiv


İqtisadçı: ''İqtisadiyyatı neftdən yüksək asılılığı olan ölkələr üçün çətin günlərin əlamətləri aşkar görünür''

Azərbaycan neftinin qiyməti avqustun 5-də 62,95 dollar/barel olub. Bu, əvvəlki göstəricidən 1,79 dollar/barel azdır.

Bu barədə “

Trend

”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 62,32 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,76 dollar/barel azdır. Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 60,23 dollar/barel olub. Bu, əvvəlki göstəricidən 1,87 dollar/barel azdır. Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 60,52 dollar/bareldir. Bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

İqtisadçı Vüqar Bayramov deyir ki, neftin dünya bazarındakı qiyməti son 8 ayda ən aşağı səviyəyə düşüb. Brend markali neftin 1 barrelinin qiyməti artıq 59 dollardan ucuz satılır:

“Ötən həftə proqnozlaşdırdığımız kimi, neftin dünya bazarındakı qiymətində azalmaların davam etməsi gözlənilən idi və yeni qiymət düşüşləri də istisna olunmur. Belə ki, ABŞ-ın sentyabrdan etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələni başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır”.

İqtisadçı bildirir ki, digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur:

“Bu, baş verəcəyi halda, neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər. Şist neft hasilatında da artımların olduğunu nəzərə alsaq, indi qlobal arenada heç nə neft ölkələrinin xeyirinə dəyişmir”.

Vüqar Bayramov
Vüqar Bayramov

V.Bayramov bildirir ki, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, Azərbaycana daxil olan valyutanın həcmi yenidən azalacaq:

“Azərbaycan ixracatının 90 faizinin enerji məhsulları olduğunu nəzərə alsaq, “qara qızılın” qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz”.

İqtisadçı əlavə edir ki, Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olmasının fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Çünki 2019-cu ilin büdcəsində neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub:

“Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti “qırmızı zonaya” daxil olmaq anlamına gəlir. Çin valyutası ilə yanaşı Rusiya rublu da mövqeyini qoruyub saxlamaqda çətinlik çəkir. Göründüyü kimi, qlobal və regional valyuta bazarında da volatillik yüksək olaraq qalır. Bu baxımdan neftin qiymətində azalmalar davam edərsə, ölkəmizdə də dollara tələb yüksələcək. Təbii ki, bu halda, məzənnənin necə dəyişməsi yenə də Mərkəzi Bankdan asılı olacaq. Amma bütün hallarda neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”.

İqtisadçı Rövşən Ağayev də deyir ki, ABŞ-Çin ticarət qarşıdurması birjalarda neftin kəskin ucuzlaşması ilə müşayiət olunur.

R.Ağayev Beynəlxalq Energetika Agentliyinin neft bazarı ilə bağlı yeni proqnozlarına diqqəti çəkir.

maxresdefault.jpg
Rövşən Ağayev

Agentlik qeyd edir ki, ilin başlanğıcında 2019-cu il ərzində neftə gündəlik tələbin 1.560 mln. barel artacağı proqnozu özünü doğrultmadı: tələb daha az həcmdə artır – cəmi 1 mln. barel (proqnozdan 560 min barel az). Əvəzində təklif daha sürətlə genişlənir – OPEC-ə üzv olmayan ölkələrin hesabına bazara daxil olan gündəlik əlavə təklif yaxın zamanlara 2.8 mln. barelə çatacağı proqnozlaşdırılır. Agentliyin ekspertləri əmindir ki, OPEC+ təklifi azaltmaq istiqamətində səyləri ilə qeyri-OPEC hesabına təklifin artımına əhəmiyyətli təsir göstərə bilməyəcək.

R. Ağayev bildirir ki, iqtisadiyyatı neftdən yüksək asılılığı olan ölkələr üçün çətin günlərin əlamətləri aşkar görünür: “Çin ABŞ-la qarşıdurmadan istifadə edib İrandan idxalı bərpa edəcəyi ssenaridə vəziyyət daha da tündləşər…”

Ana səhifəXəbərlər”Neft ölkələri yeni neft şokuna indidən hazırlaşmalıdırlar”