Neft müqaviləsi 2050-ci ilə qədər uzadıldı

İlham Əliyev: Hazırda ”Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft var

Source:


İlham Əliyev: Hazırda ”Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft var

Sentyabrın 14-də Heydər Əliyev Mərkəzində Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” (AÇG) yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib.

Tədbirdə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva iştirak ediblər (AZƏRTAC).

Yeni sazişə görə SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 mlrd. dollar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 mlrd. artıq sərmayə qoyulması potensialı var.



Sazişə əsasən AÇG-də tərəfdaşların yeni iştirak payları bu nisbətdə olacaq:



BP- 30,37%; AzAÇG (SOCAR)- 25%; Chevron- 9,57%; “Inpex” – 9,31%; “Statoil” – 7,27%; “ExxonMobil” – 6,79%; TPAO – 5,73%; “Itochu” – 3,65% və “ONGC Videsh Limited (OVL)” – 2,31%.

Mərasimdə prezident İlham Əliyev deyib ki, yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır:

“Bu müqavilə Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Müqavilə imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faizə təşkil edəcək. “Əsrin müqaviləsi” imzalanan zaman “Azəri-Çıraq-Günəşli”də 511 milyon ton neft olduğu ehtimal edilirdi. Ancaq ehtiyatlar proqnozları üstələdi. Hazırda “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş 500 milyon ton neft var”.

APA yazır ki, BP prezidenti Robert Dadli  “Əsrin müqaviləsi”ni Heydər Əliyevin əməyinin bəhrəsi olduğunu söyləyib:

Robert Dadli

“Yeni həyat məhz o dövrdən başladı. Saziş Azərbaycanın tarixində, bəlkə də, daha əhəmiyyətli bir hadisədir, çünki bu, növbəti 32 il ərzində bizə birlikdə çalışaraq AÇG-nin uzunmüddətli işlənmə potensialını həyata keçirmək və yeni sərmayələr, yeni texnologiyalar və yeni birgə səylərlə onun neftvermə əmsalını maksimuma çatdırmaq imkanı verir. Bu baxımdan, düşünürəm ki, bu sazişi Yeni Əsrin Müqaviləsi adlandırmaq düzgün olar”.

AÇG üzrə mövcud hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb. O vaxtdan bəri yatağın işlənməsinə təqribən 33 mlrd. sərmayə qoyulub. İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib. İndiyədək AÇG-dən təqribən 3,2 mlrd. barel (təqribən 440 mln. ton) neft hasil edilib və bu neft dünya bazarlarına əsasən BTC (Bakı-Tbilisi-Ceyhan) və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə daşınıb.

ABŞ 14 sentyabr sazişinə dəstək verdi

Səfir: “Biz güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyirik”

“ABŞ “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin uzadılmasına çox şaddır”.

Bu bəyanatı Amerikanın Azərbaycandakı səfiri Robert Sekuta sentyabrın 14-də jurnalistlərə bildirib.

Robert Sekuta

Səfir ölkəsinin Azərbaycanda və Xəzər hövzəsinin digər yerlərində yerləşən neft və qaz resurslarının hasilatına fəal şəkildə dəstək verdiyini söyləyib:

“Bu, 1990-cı illərin əvvəlinə təsadüf edir. Burada məqsəd hasil olunmuş neft və qazın Avropa və digər bazarlara təhlükəsiz şəkildə çatdırılmasıdır. Bu da öz növbəsində iqtisadi inkişafa və qlobal enerji təhlükəsizliyinə töhfə verib. Sazişlə əməkdaşlığın yeni və ümidverici mərhələsinə qədəm qoyulur. Biz yeni neft və qaz yataqlarının işlənməsi üçün yeni əməkdaşlığı səbirsizliklə gözləyirik. ABŞ neft-qaz sektoru, qeyri-neft sektoru, Yeni İpək Yolunun həyata keçirilməsində Azərbaycanın tərəfdaşı olub, bundan sonra da uzunmüddətli tərəfdaşı olaraq qalacaq”.

Səfir Robert Sekuta bildirib ki, ABŞ güclü, müstəqil, çiçəklənən və demokratik Azərbaycan görmək istəyir:

“Azərbaycanın necə mürəkkəb bölgədə yerləşdiyini də anlayırıq. İki ölkənin əməkdaşlığı eyni dərəcədə əhəmiyyətli üç sahəni əhatə edir. Birinci sahə enerji və iqtisadiyyat, ikinci sahə demokratiya, insan haqları və qanunun aliliyi, üçüncü sahə isə təhlükəsizlikdir. Bu üç sahənin hər biri eyni əhəmiyyətə malikdir, bu gün də belədir, sabah da belə olacaq”.

”Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin azadlığa buraxılmasına da münasibət bildirən R. Sekuta qeyd edib ki, onun saxlanılması ilə bağlı narahatlıqlarını ifadə ediblər:

“Biz Mehman Əliyevin azadlığa buraxılmasını pozitiv qiymətləndiririk. İnanırıq ki, bu pozitiv addım Azərbaycanda demokratiya və insan haqlarına pozitiv yanaşmanın bir başlanğıcı olacaq”.


Sabit Bağırov: Sazişin müzakirəyə çıxarılmaması təəssüfləndiricidir

ARDNŞ-nin sabiq prezidneti Sabit Bağırov Meydan TV-yə deyib ki, sazişin detalları ilə tanış olmadığı üçün şərh verə bilməz.

Sabit Bağırov

Sabit Bağırov təəssüflənib ki, 1994-cü ildə “Əsrin müaviləsi”ndən fərqli olaraq budəfəki saziş Milli Məclisdə müzakirəyə çıxarılmayıb:

“O zaman sənəd parlamentdə müzakirə olunandan sonra imzalandı, amma indi fərqli oldu, təəssüf edirəm”.



Natiq Cəfərli: 1994-cü il müqaviləsindən daha pozitivdir

ReAL İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli Meydan TV-yə bildirib ki, əgər açıqlanan rəqəmlər doğrudursa, 1994-cü ilin müqaviləsi ilə müqayisədə daha sərfəli şərtlərlə imzalanır:

Natiq Cəfərli

“Ancaq 2008-ci ildən Azərbaycanın payı 75 faizə yaxın idi, həmin ilə qədər isə əksinə idi. Sazişdə əməliyyat xərclərinin hansı paydan çıxacağının açıqlanmaması təəssüf doğurur. 1994-cü il müqaviləsində BP əməliyyat xərclərini Azərbaycan payından çıxırdı. Amma 14 sentyabr müqaviləsi 1994-cü il müqaviləsinə nisbətən daha pozitivdir. O vaxt imzalanan sazişə görə çıxan vəsaitin 80 faizə yaxını xarici şirkətlərə, 20 faiz Azərbaycan dövlətinə qalırdı. İndi isə yetmiş beşin iyirmi beşə bölgüsü aparılıb ki, doğru yanaşmadır. Bundan əlavə BP yeni avadanlıqlar və texnologiyaların gətirilməsini də üzərinə götürüb”.

Natiq Cəfərli deyib ki, 14 sentyabr müqaviləsinin əsas məğzi hasilatın indiki səviyyəsini ən azı saxlamağa yönəlib. Yəni hasilatın artması gözlənilmir. Bu da indiki qiymətlərlə Azərbaycana ildə 4,5 milyard dolların gəlməsinə şərait yaradacaq.

Ana səhifəXəbərlərNeft müqaviləsi 2050-ci ilə qədər uzadıldı