İqtisadçı: “Bu, çox böyük itkidir”
“2019-cu ildə neft hasilatı 1,4 milyon ton azalıb. Son 9 ildə isə hasilat göstəricisi 13,4 milyon ton və ya 26 faiz enib. Bu, çox böyük itkidir”.
İqtisadçı Nemət Əliyev belə deyir. Bildirir ki, neft hasilatının azalması tendensiya halına düşərək oturuşub və bu mənfi proses hələ davam edəcək:
“İqtisadiyyatı neftdən asılı vəziyyətə gətirilmiş ölkədə neft hasilatında baş verən enmələrin əhalinin sosial vəziyyətində, dövlət büdcəsində, investisiya proqramlarının icrasında hansı çətinliklər yaşada biəcəyini təsəvvür etmək çətin olmamalıdır. Belə bir şəraitdə neftin orta illik ixrac satış qiyməti bir az da ucuzlaşsa, vəziyyət daha da ağırlaşacaq. Buna heç kimin şübhəsi olmasın”.
Nemət Əliyev deyir ki, yumşaq deyilsə, dalana dirənmiş qeyri-neft sektoru bu böyük itkiləri, dəyən zərbələrini kompensasiya etmək gücündə deyil:
“Çünki 2019-cu ilin 11 ayında cəmi 34,3 milyon ton xam neft hasil edilib. Hər aya orta hesabla 3,1 milyon ton neft düşür. Güman etmək olar ki, dekabr ayında da bu qədər neft istehsal edilib. Bu hesabla 2019-cu ildə illik neft hasilatının 37,4 milyon ton olacağını təxmin etmək olar. Bu sonuncu göstərici 2018-ci ilin hasilat göstəricisindən 1,4 milyon ton və ya 3,6 faiz azdır. 2018-ci ildə 38,8 milyon ton neft çıxarılıb”.
Maliyyə Nazirliyinin açıqlamasına görə, gələn ilin büdcə xərcləri 25 milyard 617.7 milyon, gəliri isə 24 milyard 484 milyon manatdır. Büdcədə neftin bir bareli 55 dollar (2019-cu ildən 5 dollar az) götürülüb.
Dövlət Neft Fondundan 11 milyard 767 milyon manat vəsait dövlət büdcəsinə transfert ediləcək. Bu isə 2019-cu ildəkindən bir qədər çoxdur.
2019-cu il dövlət büdcəsinin gəlirləri 23 milyard 168 milyon, xərcləri də 25 milyard 190 milyon manat məbləğində təsdiq edilib.