Binanın tam təhlükəsizliyi, saxlanma anbarında işləyəcək şəxslərin müəyyənləşdirilməsi, polisin cəlb olunması bir az vaxt alacaq
Mərkəzi Bankda saxlanılan qızıl ehtiyatını öz binasına köçürür
Yaxın vaxtlarda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) Mərkəzi Bankda (AMB) saxlanılan qızıl ehtiyatları fondun binasında qorunacaq.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycan Dövlət Neft Fondunun investisiya departamentinin əməkdaşı Elnur Babayev məlumat verib.
“Hazırda bu istiqamətdə işlər gedir. Binanın tam təhlükəsizliyi, saxlanma anbarında işləyəcək şəxslərin müəyyənləşdirilməsi, polisin cəlb olunması və digər proseslər var. Bu işlər bir az vaxt alacaq. Amma yaxın müddətdə bu işlər yekunlaşacaq”, – deyə E. Babayev vurğulayıb.
Hazırda qızıl ehtiyatı ARDNF-in ümumi portfelinin 3,3 faizini təşkil edir.
Fondun 30 ton qızıl ehtiyatı var.
AMB-dən əvvəl fondun qızıl ehtiyatları Londonda “JP Morgan” bankında saxlanılıb və hissə-hissə ölkəyə gətirilərək saxlanmaq üçün Mərkəzi Banka təhvil verilib.